Modern.az

Kredit götürənlər üçün “işsizlik sığortası”: kimlər yararlana biləcək?

Kredit götürənlər üçün “işsizlik sığortası”: kimlər yararlana biləcək?

Ölkə

9 Dekabr 2025, 14:42

Azərbaycanda kredit götürən şəxslərin məşğulluğunu itirmə hallarında sığortalanması üzərində işlər aparılır.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sektorunun Davamlı İnkişafı Departamentinin direktoru Rüstəm Tahirov, Amerika Ticarət Palatasının (“AmCham”) təşkilatçılığı ilə Bakıda keçirilən “Bank və sığorta sektorlarının inteqrasiyası” mövzusunda tədbirdə məlumat verib.

O qeyd edib ki, borcalanların həyatı, ölümü və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması artıq tətbiq olunur və AMB bununla bağlı qaydalar qəbul edib. Eyni zamanda, kredit götürən şəxslərin işsiz qalma riskindən sığortalanması üzrə də işlər davam edir. Bu məhsulun parametrləri müəyyən edilir və qaydalar hazırlanır. Yaxın aylarda bu sahədə yenilikləri görmək mümkün olacacağını və sözügedən proses biznes kreditlərini əhatə etməklə davam edəcəyi bildirilir. 

Bununla belə, kredit götürən şəxslərin məşğulluğunu itirmə hallarında sığortalanmasıyla yanaşı, onların kredit ödənişlərinin sığorta fondu tərəfindən qarşılanması, məşğulluğun itirilməsi riskinə qarşı sığortanın tətbiqi kredit bazarına təsiri məsələsi də gündəmə gəlir. 

Modern.az-a açıqlamasında iqtisadçı, hüquqşünas Əkrəm Həsənov bildirib ki, bu mexanizmin Azərbaycanda necə tətbiq olunacağı hələ tam bəlli deyil. Onun sözlərinə görə, ümumi yanaşmalar müzakirə olunsa da, konkret qaydalar müəyyənləşdirilməyib.

“Beynəlxalq təcrübəyə nəzər salsaq, proses adətən belə işləyir: vətəndaş bankdan kredit götürür, işləyir, lakin qəfil işsiz qalır. Bu halda bank ödənişi gözləmir və tələb edir. Belə situasiyada sığorta şirkəti mexanizmə daxil olur. Yəni sığorta bildirir ki, vətəndaş ödəniş edə bilmədiyi təqdirdə onu şirkət qarşılayacaq. Ümumi model bundan ibarətdir”.

Ə.Həsənov hesab edir ki, mexanizmdə ciddi məhdudiyyətlər də olacaq:

“Bu o demək deyil ki, hər bir işsiz qalan şəxs avtomatik olaraq sığortanın hesabına ödənişdən azad ediləcək. Beynəlxalq təcrübəyə əsasən, sığorta şirkəti ödəniş etsə belə, vətəndaş borcdan tam qurtulmuş sayılmır. Sadəcə olaraq borc bankdan sığorta şirkətinə keçmiş olur və sığorta şirkəti bu məbləği vətəndaşdan tələb edir. Çünki sığorta şirkəti xeyriyyə fondu deyil, kredit götürən şəxs əvvəlcədən sığorta haqqını ödəməlidir.

Nümunə olaraq, vətəndaş 10 min manat kredit götürür və sığortalamaq üçün şirkət ona bildirir ki, müəyyən məbləğ, məsələn şərti olaraq 100 manat ödəməlidir. Sabah ödəniş gecikəndə sığorta şirkəti bankın borcunu qarşılayır, amma bu, vətəndaşın borcdan azad edilməsi anlamına gəlmir”,- deyə o bildirib.

Hüquqşünasın sözlərinə görə, digər mühüm məqam isə budur ki, sözügedən mexanizmdən bütün vətəndaşlar istifadə edə bilməyəcək:

“Yəqin ki, müəyyən tələblər olacaq: vətəndaşın ümumi iş stajı olmalı, hazırkı iş yerində isə ən azı müəyyən müddət - məsələn, 1 il çalışmalıdır. Çünki kimsə qısa müddətlik işə girib, kredit götürüb sonra süni şəkildə işdən çıxarılaraq sığorta ödənişindən faydalanmaq istəyərsə, bu artıq suistifadə sayılır. Bu tələblər belə hallarının qarşısını almaq üçün vacibdir”.

O, həmçinin əlavə edib ki, bundan başqa, sığorta şirkətinin ödənişi vətəndaşa müəyyən müddətə verilir və şirkət bu məbləği ondan geri tələb edir:

“Yəni bu, geri qaytarılmalı öhdəlikdir və tam ödənişsiz mexanizm kimi nəzərdə tutulmur.

Tətbiq ediləcəyi halda yeni mexanizm kredit bazarına da təsir göstərəcək. Nəticə etibarilə, banklar və bank olmayan kredit təşkilatları daha inamlı şəkildə kredit verə biləcəklər. Eyni zamanda sığorta şirkətlərinin biznesi də inkişaf edəcək. Bununla belə, zənnimcə, bu mexanizm vətəndaşlar üçün əlavə xərc deməkdir. Çünki kredit faizlərindən əlavə sığorta haqqı da ödənilməli olacaq”,- deyə Ə.Həsənov qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyada DƏHŞƏTLİ təyyarə qəzası - Sağ çıxan olmadı