Şəhid anaları və şəhid xanımları növbəti il Türkiyənin Çanaqqala şəhərinə səfər edəcəklər.
Bu barədə Modern.az-a “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid polkovnik Raquf Orucovun xanımı Sevinc Orucova məlumat verib.
Onun sözlərinə görə, səfər Türkiyənin Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Məhz bu layihə də TİKA-nın dəstəyi ilə reallaşdırılacaq.
S.Orucova bildirib ki, Çanaqqalaya səfərlər artıq ənənə halını alıb və hər il may ayının ilk həftəsində təşkil olunur:
“Səfər çərçivəsində Çanaqqalada yerləşən xatirə muzeyləri ziyarət edilir, Çanaqqala valisi ilə görüşlər keçirilir. Eyni zamanda Azərbaycan şəhidliyi və digər şəhidlik abidələri ziyarət olunur.”
İctimai Birliyin sədri vurğulayıb ki, səfərlərə Azərbaycanın bütün bölgələrindən şəhid ailələri dəvət olunur:
“Hər səfərdə təxminən 30 şəhidimizin ailəsi iştirak edir. Bu proqramı davamlı şəkildə həyata keçiririk. Növbəti il üçün də səfər artıq planlaşdırılıb və qarşıdan gələn ilin may ayında baş tutması nəzərdə tutulur. Bu səfərlər şəhid ailələri üçün çox böyük mənəvi dəstəkdir.”
S.Orucova qeyd edib ki, Çanaqqala təkcə Türkiyə tarixinin deyil, eyni zamanda Azərbaycan üçün də müqəddəs məkanlardan biridir:
“Çanaqqala türk şəhidliyinin ən müqəddəs ünvanlarından biridir. Məhz burada Azərbaycan övladları da döyüşlərdə şəhid olublar. Cənab Prezident İlham Əliyevin dəstəyi və tapşırığı ilə 2018-ci ildə Çanaqqalada Azərbaycan şəhidlərinin xatirəsinə abidə ucaldılıb. Biz hər il həmin abidəni ziyarət edirik”.
Müsahibimiz deyir ki, səfər proqramı Çanaqqala ilə yanaşı İstanbulda iki günlük ziyarəti də əhatə edir:
“İstanbulda tarixi abidələr, məscidlər, tarixi yerlər, Ayasofya və Sultanahmet məscidi ziyarət olunur. Bu prosesdə TİKA-nın rolu əvəzsizdir. Təşkilati işləri ‘Zəfər’ Şəhid Ailələrinə Dəstək İctimai Birliyi həyata keçirsə də, səfərin tam dəstəyi TİKA tərəfindən göstərilir.”
O, əlavə edib ki, bütün planlama işləri TİKA-nın Bakı Koordinatorluğu ilə birgə aparılır:
“Bu səfərlərin reallaşması birbaşa onların dəstəyi sayəsində mümkün olur. Biz bunu qardaş Türkiyənin Azərbaycan şəhidlərinə göstərdiyi böyük hörmət və ehtiram kimi dəyərləndiririk və TİKA-ya təşəkkür edirik.”
S.Orucovanın sözlərinə görə, Çanaqqalaya səfər indiyədək iki dəfə həyata keçirilib və hər iki səfərdə fərqli bölgələrdən olan şəhid ailələri iştirak edib.