Otuz iki illik həsrətdən sonra bu il ilk dəfədir ki, kəlbəcərlilər Yeni ili doğma yurdlarında, öz evlərində qarşılayacaqlar. Bu baxımdan 2025-ci il Kəlbəcər üçün düşərli, tarixi ildir.
Artıq işğaldan azad olunmuş Kəlbəcərə köç olub. Uzun illər yurd həsrəti çəkən sakinlər bu dəfə Yeni il süfrəsini öz doğma yurdlarında açmağa hazırlaşırlar.
Qonaqpərvərlikləri ilə tanınan kəlbəcərlilər üçün bu bayramın doğma eldə qeyd olunması xüsusi rəmzi məna daşıyır. Maraqlıdır, kəlbəcərlilər bu əlamətdar günü kimlərlə birlikdə qeyd etmək istərdilər?
Bu kimi suallara Kəlbəcər sakinlərindən maraqlı cavablar aldıq. Onlar hamını Yeni ildə öz evlərinə qonaq dəvət etdilər. Sakinlər deputatları Yeni ildə Kəlbəcərdə görməkdən məmnunluq duyacaqlarını bildirərək, onları da doğma yurda qonaq kimi dəvət etmək istədiklərini ifadə etdilər.
Bəs millət vəkillilləri necə, dəvəti qəbul edəcəklərmi?

Milli Məclisin 118 saylı Ağdam-Xocalı seçki dairəsini təmsil edən deputatı Elman Məmmədov Modern.az-a bildirib ki, qarşıdan gələn Yeni ili Kəlbəcərdə qarşılamaq ürəyindən gələn bir arzudur:
“Kəlbəcər hamımızın çox sevdiyi torpağımızdır. Mən də Yeni ili Kəlbəcərdə qarşılamaq istərdim. İşğaldan əvvəlki dövlərdə də Kəlbəcərdə dəfələrlə olmuşam. Əgər indi Kəlbəcərə getsəm, rayonun ruhuna, tarixinə uyğun bir hədiyyə aparardım. Kəlbəcərin İstisuyu, tarixi abidələri və təbiəti ilə bağlı motivləri əks etdirən, simvolik, tarixi dəyəri olan bir əşya seçmək istərdim”,- deyə o söyləyib.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva vurğulayıb ki, Kəlbəcər onun üçün çox dəyərli və mənəvi anlamı böyük olan bir torpaqdır:
“Aşıq Şəmşir ocağı ilə bağlı monoqrafiya yazmışam. 44 günlük Vətən müharibəsindən sonra Yazıçılar Birliyinin çap etdirdiyi “44 günlük Zəfərimiz” kitabında Kəlbəcərə həsr olunan səhifə və Kəlbəcər zəfəri mənim tərəfimdən qələmə alınıb. Kəlbəcər torpağına bütün azad olunmuş ərazilərimiz kimi böyük bağlılığımız var. Kəlbəcər ziyalılar yurdu, zəngin mədəniyyətə malik bir torpaqdır. İllərlə işğal altında təkcə torpaqlarımız deyil, mənəviyyatımız, mədəniyyətimiz də böyük zərbələr alıb.
Aşıq Şəmşir ocağının 18 üzvünün bir gecədə qətlə yetirilməsi, əlyazmaların məhv edilməsi bu faciələrin acı nümunələridir. Bütün bunlar insan yaradıcılığından da yan keçməyib. Arzum olub ki, işğaldan azad olunan bütün torpaqlarımıza, o cümlədən Kəlbəcərimizə gedək, o torpaqlarda toy-bayram edək. Bu gün həmin arzunu yaşayırıq. Buna görə cənab Prezidentə, xalqımıza, ordumuza, Ali Baş Komandanımıza sonsuz minnətdarıq”.
J.Əliyeva əlavə edib ki, əgər Yeni ildə Kəlbəcərə getsə, oraya Kəlbəcər haqqında yazdığı kitabı aparardı: “Cənab Prezidentimizin “Kəlbəcər, sən azadsan!” sözlərini, ordumuzun şücaətini, sevgimizi məcazi mənada özümlə götürərdim. Ən böyük arzumuz isə Azərbaycanın daim bütöv, suveren və azad olmasıdır”.
Deputat Tənzilə Rüstəmxanlı Yeni ildə Azərbaycanda olacağını qeyd edib. O, bildirib ki, əgər kəlbəcərlilərin belə bir istəyi varsa və dəvət etsələr, böyük məmnuniyyətlə bu rayona gedərək, bayramı sakinlərlə birlikdə qeyd edər:
“Kəlbəcərin ən ağır günlərində, 1992-1993-cü illərdə orada olmuşam. Kəlbəcəri çox sevirəm. Azərbaycanın istənilən bölgəsində insanlar bizi aralarında görmək istəyirlərsə, niyə də getməyək? Buna ancaq sevinərəm. Yeni ildə Kəlbəcərə süfrəni bəzəyən bayram şirniyyatları aparmaq istərdim. Könlümdən nə qoparsa… Xüsusilə oradakı uşaqlar üçün hədiyyələr aparmaq istəyərdim”.

85 saylı Füzuli-Ağdam seçki dairəsinin deputatı Aqil Abbas isə bu Yeni ili evlərində, nəvələriylə birlikdə qarşılayacağını söyləyib: “Kəlbəcər çox sevdiyim torpaqlardandır. Elə bir-iki ay öncə də Kəlbəcərdə olmuşam. Yenə də getmək istərdim. Kəlbəcərə bağlıyam və bu bağlılığımız daimi olaraq qalacaq”,- deyə o əlavə edib.
122 saylı Xankəndi seçki dairəsinin deputatı Tural Gəncəliyev Yeni ildə böyük məmnuniyyətlə həm Kəlbəcərə, həm Şuşaya, həm Xankəndiyə, eləcə də digər işğaldan azad edilmiş ərazilərimizə səfər etməyi planlaşdırdığını bildirib:
“Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərinə, kənd və qəsəbələrinə səfər etmək hər bir deputat üçün böyük şərəfdir. Cənab Prezidentimizin liderliyi altında biz bu tarixi missiyanı uğurla həyata keçirmişik. Elə bir tarix yazmışıq ki, Qarabağa, işğaldan azad olunmuş hər bir kəndimizə və qəsəbəmizə səfər etdikcə aparılan böyük dəyişikliklərin, eləcə də sürətli inkişafın canlı şahidi oluruq. Bu istiqamətdə hər səfərim mənə böyük sevinc və fərəh hissi yaşadır”.

Deputat həmçinin vurğulayıb ki, yerli sakinlər və seçicilərlə görüşmək də planlarının əsas hissəsini təşkil edir:
“Hazırda Xankəndi şəhərində seçicilərimizlə görüşlər mümkün olsa da, xankəndililərin əksəriyyəti hələlik Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə Bakı və Gəncə şəhərlərində məskunlaşıb. Yeni ildə Kəlbəcər sakinlərinin də arzu və istəklərini nəzərə alaraq, həm Kəlbəcərə, həm Xankəndiyə, eləcə də Qarabağ və Şərqi Zəngəzurun digər bölgələrinə səfər edərək sakinlərimizlə görüşməyi planlaşdırırıq. Növbəti ildə “Böyük Qayıdış” proqramının daha intensivləşəcəyini, geniş vüsət alacağını, insanların öz ata-baba yurdlarına kütləvi şəkildə qayıdacağını böyük səbirsizliklə gözləyirik”