Bir müddət əvvəl bir qrup şəxs Bakıda keçmiş SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərib. Onlar məhz Qəzənfər Musabəyov parkında toplaşıb və foto çəkdiriblər. Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Azərbaycan Xalq Cümhuriyyətinə xəyanət etmiş, SSRİ-yə canfəşanlıqla xidmət etmiş Qəzənfər Musabəyovun adına park və küçənin olması ictimaiyyət arasında ciddi müzakirə və narazılıqlara səbəb olur.
Hələ də bu parkın və küçənin adının dəyişməsinə nə mane olur?
Modern.az-a açıqlamasında Milli Məclisin komitə sədri Fazil Mustafa bildirib ki, məsələ düşündürücüdür:
“Bakını işğaldan azad edən Nuru Paşanın, yaxud Bakının general-qubernatoru olmuş, Azərbaycan davası uğruna canından keçmiş Murad Gəray Telexasın adına Bakıda hər hansı xatırladıcı küçə və ya park yoxdur. Amma Qəzənfər Musabəyov və Ayna Sultanova adına olan park və küçələr durur. Bu o deməkdir ki, məsələyə sistemli yanaşma yoxdur”.
Komitə sədri vurğulayıb ki, əslində müstəqillik savaşının qəhrəmanlarına daha çox dəyər verilməlidir:
“Bəzən SSRİ bayrağı qaldıranlara qarşı göstərilən sərt münasibət yerində addımdır. Amma SSRİ bayrağı qaldırmaqla yanaşı, SSRİ-nin atributlarını yaşatmış insanların müəyyən dərəcədə xatirəsinin əziz tutulması reallığını unutmamalıyıq. Ona görə də bu adların müəyyən dərəcədə nəzərə alınması vacibdir. Bu, tarixi keçmişimiz üçün də çox önəmli davranış olardı. Məsələn, Qəzənfər Musabəyov küçəsinə və parkına Nuru Paşanın adı verilə bilər, mən bu yöndə qərar verilməsini istərdim”.
Qeyd edək ki, Qəzənfər Musabəyov Bakı Kommunasının sədri olub. Daşnak Stepan Şaumyan 1918-ci ildə onu Bakıya komissar təyin edib. Təkcə Bakının yox, Dağıstanın da ərzaq komissarı olub. Q.Musabəyov bütün ömrünü sovet rejiminin bərqərar olmasına, möhkəmlənməsinə həsr etmiş olsa da məhz həmin rejim tərəfindən də məhv edildi, 1938-ci ildə güllələndi.
Xatırladaq ki, Qəzənfər Musabəyov Fazil Mustafanın deputat həmkarı Rasim Musabəyovun doğma babasıdır.