Prezident İlham Əliyev Azərbaycanın bir qrup idmançısı və idman mütəxəssisini təltif edib.
Modern.az-ın məlumatına görə, İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycanda idmanın inkişafında xidmətlərilə əlaqədar “Tərəqqi” medalı ilə təltif edilənlər arasında Fred Asif adı ilə tanınan Milli Qəhrəman Asif Məhərrəmovun oğlu Azər Məhərrəmov da yer alıb.
Qeyd edək ki, Azər Məhərrəmov Armrestlinq (qol güləşi) üzrə usta idmançıdır. O, 2019-cu ilin dekabr ayında Polşada təşkil edilmiş "1ST IFA WORLD ARMWRESTLING CHAMPIONSHIPS" turnirində ustalar arasında sağ qol ilə 100+ kq çəki dərəcəsində çempion olub.
Milli Qəhrəman Asif Məhərrəmov (Fred Asif) 1991-ci ildən Birinci Qarabağ müharibəsində cəbhənin Ağdam istiqamətinə döyüşən batalyonlardan birinin komandiri olub. Dəfələrlə ağır döyüşlərdə iştirak edib, yaralanıb.
1993-cü ilin oktyabrında onun səhhəti vərəm xəstəliyinə görə ağırlaşıb, daha sonra müalicə məqsədilə Yalta şəhərinə gedib. 1 iyul 1994-cü ildə vərəmdən vəfat edib.