Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Yeni il hədiyyəsi
İlin son günləri ölkədə yol və körpü mövzusu gündəmin ön sırasına çıxıb. Bir rayonda körpü uçur, başqa bir yerdə yol çökür. Nəticədə insan ölümü ilə bitən faciələr baş verir.
Dünən yayılan xəbərdə Sabiabadda körpünün uçması səbəbindən ağır qəza qeydə alınıb. Hadisə zamanı kombayn aşıb və sürücü həyatını itirib.
Son aylarda ölkənin müxtəlif bölgələrində yolların vəziyyəti ilə bağlı faciəvi olaylar yaşanır. Bəzi hallarda yolun çökməsi, bəzi hallarda isə körpülərin yararsız vəziyyətdə olması qəzalara səbəb olur.
Amma bütün bunların fonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi hesabatları tamamilə fərqli mənzərə yaradır.
Bildirilir ki, yollar salamatdır, körpülər möhkəmdir, işlər yüksək səviyyədə aparılır. Hesabatlara baxanda elə təəssürat yaranır ki, hər şey saat kimi işləyir.
Sanki ölkədə nə yol problemi var, nə körpü problemi.
Reallıq isə tamam başqadır. Bir tərəfdə uçan körpülər, dağılan yollar, yararsız infrastrukturlar var.
Digər tərəfdə isə kağız üzərində ideal göstəricilər.
Təzə ilə sayılı günlər qalmış "Azəravtoyol"un bu hesabatları “Yeni il hədiyyəsi” kimi təqdim olunur.
Bəziləri bunu Yeni il təbriki adlandırır. Amma bu təbrikin arxasında acı statistika gizlənir. Gerçəklik odur ki, ilin sonu ölkədə yollar və körpülərlə yadda qalır. Sürücülərin, texnika operatorlarının, sadə vətəndaşların həyatını itirməsi cəmiyyətdə ciddi suallar doğurur.
Bu yollar niyə vaxtında təmir edilmir? Bu körpülər niyə istismara yararsız vəziyyətdə qalır? Niyə yalnız qəza baş verəndən sonra problem ortaya çıxır?
Təbii ki, işğaldan azad edilmiş ərazilərdə salınan yollar nümunəvi şəkildə tikilir. Orada yeni standartlar tətbiq olunur, müasir infrastruktur qurulur. Bu, müsbət haldır və danılmaz faktdır.
Amma ölkənin digər bölgələrində vəziyyət fərqlidir. Köhnə yollar, baxımsız körpülər hələ də təhlükə mənbəyi olaraq qalır. Cəmiyyət isə hesabat yox, real təhlükəsizlik gözləyir.
Sevinc MƏHƏRRƏMOVA