Modern.az

Turist azalmasının səbəbi var - Agentlik cavab verdi

Turist azalmasının səbəbi var - Agentlik cavab verdi

Ölkə

26 Dekabr 2025, 13:40

Qlobal və regional geosiyasi faktorların təsiri ilə 2025-ci ilin ötən 11 ayında Azərbaycana səfərlərdə 2%, yaxud 48 min nəfər azalma qeydə alınıb.

Dövlət Turizm Agentliyi azalan statistika ilə bağlı Modern.az-ın sorğusuna cavab verib.

Bildirilib ki, azalmaya əsas səbəb iki əhəmiyyətli bazar üzrə müşahidə edilən geriləmə dinamikasıdır.

"Məlumat üçün qeyd edək ki, 2024-cü ildə Azərbaycanın turizm sektoru üzrə Rusiya birinci, Hindistan isə üçüncü ən böyük turizm bazarı olub.

2024-cü ilin dekabr ayından sonra Rusiyadan hava nəqliyyatı ilə sərnişindaşıma fəaliyyətlərinin coğrafiyası kiçilib və intensivliyi azalıb. Belə ki, 2024-cü ilin 11 ayında Rusiyanın 27 hava limanından Azərbaycana 7160-dan çox uçuş həyata keçirildiyi halda, cari ildə 17 hava limanından cəmi 4885 uçuş həyata keçirilib ki, bu da uçuş coğrafiyasının 37%, uçuş sayının 32% azalması deməkdir. Bu isə cari ilin yanvar-noyabr aylarında Rusiya vətəndaşlarının sayının 2024-cü ilin eyni dövrü ilə müqayisədə 107 min nəfər və ya 16% azalması ilə nəticələnib.

2025-ci ilin may ayında baş verən Hindistan-Pakistan münaqişəsindən sonra iyun ayından başlayaraq Hindistan bazarında kəskin geriləmə müşahidə olunub. Belə ki, iyun-noyabr ayında Hindistandan turist səfərlərinin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2.6 dəfədən çox azalıb. Nəticədə cari ilin yanvar-noyabr aylarının ümumi statistikasında ölkəmizə səfər edən Hindistan vətəndaşlarının sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 63.1 min nəfər və ya 29% azalıb.

Ümumilikdə isə müqayisə dövründə bu iki bazar üzrə gəlmə sayında 170 min nəfər azalma olub.

Digər turizm bazarları üzrə artımlar Rusiya və Hindistandan səfərlərdə müşahidə edilən azalmanın 71.8 faizini kompensasiya edib. Belə ki, cari ilin yanvar-noyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə Şimal-Şərqi Asiya ölkələrindən gələnlərin sayında 33%, Mərkəzi Asiya ölkələrindən səfər edənlərin sayında təxminən 23%, Qərbi Avropa ölkələrindən gələnlərin sayında isə 3% artım, o cümlədən İsrail vətəndaşlarının sayında 2 dəfə, Çin vətəndaşlarının sayında 1.4 dəfə, Qazaxıstan vətəndaşlarının sayında 20%, Özbəkistan vətəndaşlarının sayında isə 39% artım qeydə alınıb.

Turizm bazarları üzrə aparılan diversifikasiya tədbirləri nəticəsində ənənəvi bazarlarla yanaşı, ölkəmiz Ərəb Körfəzi, Mərkəzi Asiya, Asiya, Uzaq Şərq və Avropa kimi regional mənbə bazarlardan ziyarətçilər qəbul etməkdədir. 

Bütövlükdə, post-pandemiya dövründə Azərbaycana səfər edən əcnəbilərin sayı hər il orta hesabla 49.1 faiz  artaraq, 2024-cü ildə müvafiq olaraq 2.6 milyon nəfərə çatıb. Turist coğrafiyasının şaxələndirilməsi siyasəti nəticəsində 2024-cü ildə adambaşına turist xərcləmələrində 2019-cu ilə müqayisədə təxminən 75%  artım qeyd alınıb. Həmçinin gəlmə turizmi tam bərpa olunmasa da, bu istiqamətdən gəlirlər 2024-cü ildə 3.4 milyard manata çatıb ki, bu da 2019-cu ilə nisbətən 14.4% çoxdur.

Bu isə öz növbəsində pandemiyadan sonra turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyəti sahəsində hər il orta hesabla 28.9% böyüməni şərtləndirib. Nəticədə turizm sahəsində 2024-cü ildə ÜDM istehsalı 2019-cu illə müqayisədə 13.5% daha çox olub. Ümumilikdə isə müstəqillik tarixində ilk dəfə 2024-cü ildə turizm sektorunun iqtisadiyyatda payı 4.7 faizə yüksəlib.

2022-ci ildən etibarən İsraildə Azərbaycanın rəsmi turizm nümayəndəliyinin Təl-Əviv ofisi fəaliyyətdədir. Ötən dövr ərzində Azərbaycanın İsraildə turizm potensialının tanıdılması məqsədilə genişmiqyaslı işlər həyata keçirilib. Təbliğat işləri çərçivəsində İsraildə keçirilən beynəlxalq turizm sərgilərində Azərbaycan milli stendlə təmsil olunur, il ərzində İsraildə Azərbaycanın turizm imkanlarının tanıdıldığı müxtəlif seminarlar və təqdimatlar edilir, İsrailin tur operatorları və tur agentləri üçün vebinarlar, həmçinin turizm şirkətlərinin nümayəndələri və media nümayəndələri üçün Azərbaycana tanışlıq səfərləri təşkil edilir.

2025-ci ilin yanvar-noyabr ayları ərzində İsraildən ölkəmizə səfər edən vətəndaşların sayında (59 917 nəfər) 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə (26 501 nəfər) 2 dəfə artım müşahidə olunur.  Eləcə də 2025-ci ilin yanvar-noyabr ayları ərzində (727 uçuş) İsraildən Azərbaycana həyata keçirilən uçuşlarda 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə (335 uçuş) 2 dəfə artım müşahidə olunur.

Hazırda Azərbaycan - İsrail arasında Bakı-Tel-Əviv istiqamətində “AZAL” hava yolları vasitəsilə gündə 2 dəfə olmaqla birbaşa uçuşlar həyata keçirilir. Bununla yanaşı, “İsrair” vasitəsilə həftədə 3 dəfə olmaqla, “Arkia” vasitəsilə həftədə 3 dəfə olmaqla birbaşa uçuşlar həyata keçirilir".

Sizə yeni x var
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi