Modern.az

Azərbaycan ən güclü pasporta malik 10 ölkədən biri ola bilər - RƏY

Azərbaycan ən güclü pasporta malik 10 ölkədən biri ola bilər - RƏY

Ölkə

30 Dekabr 2025, 12:41

Azərbaycan vətəndaşlarının xarici ölkələrə gediş-gəlişinin daha rahat təşkili məqsədilə viza rejiminin sadələşdirilməsi istiqamətində işlər davam etdirilir.

Bunu xarici işlər naziri Ceyhun Bayramov ötən həftə 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, qarşılıqlı prinsip əsasında aparılan danışıqlar nəticəsində Azərbaycan vətəndaşları üçün vizasız rejim tətbiq edən ölkələrin sayı artır. Hazırda ümumvətəndaş pasportları sahiblərinin vizadan azad olunması istiqamətində 5 ölkə ilə danışıqlar aparılır.

Modern.az-a açıqlamasında turizm eksperti Rəhman Quliyev qeyd edib ki, Azərbaycan pasportu son illər beynəlxalq reytinqlərdə mövqeyini möhkəmləndirməklə yanaşı, coğrafiyasını da sürətlə genişləndirir.

“Artıq Asiya istiqamətində demək olar ki, bütün əsas ölkələrə ya vizasız, ya da “asan viza” mexanizmi vasitəsilə rahat səyahət etmək mümkündür. Xüsusilə Çin kimi böyük və strateji əhəmiyyətə malik bir ölkə ilə qarşılıqlı viza rejiminin ləğvi bu sahədə mühüm irəliləyiş hesab olunur.

Eyni zamanda Doha, Dubay, Orta Asiya ölkələri və digər Asiya dövlətlərinə Azərbaycan vətəndaşları üçün qapıda və ya elektron viza almaq imkanları mövcuddur. Bu isə təkcə səyahət prosesini asanlaşdırmır, həm də qarşılıqlı turizm və iqtisadi əlaqələrin daha da intensivləşməsinə şərait yaradır”.

Ekspert əlavə edib ki, Misirin Şarm əl-Şeyx şəhəri də azərbaycanlı turistlərin ən çox üz tutduğu istiqamətlərdəndir:

“Qahirəyə səfər üçün viza tələb olunsa da, bu prosedur sadə və əlçatan qaydalar əsasında həyata keçirilir. Ümumilikdə, dünyanın bir çox ölkəsinə Azərbaycan vətəndaşları üçün viza alma prosesi əvvəlki illərlə müqayisədə xeyli asanlaşıb.

Bununla yanaşı, Avropa ölkələri, ABŞ, Kanada və Böyük Britaniya ilə viza rejimi hələ də nisbətən sərt olaraq qalır. Halbuki ticarət əlaqələrinin və turist mübadiləsinin daha da genişləndirilməsi üçün Avropa vizalarının sadələşdirilməsinə ciddi ehtiyac var. Xüsusilə Böyük Britaniya ilə viza rejiminin yumşaldılması həm kiçik və orta sahibkarlıq subyektləri, həm də iri biznes nümayəndələrinin fəaliyyətinə müsbət təsir göstərə bilər”.

R.Quliyev həmçinin vurğulayıb ki, Avropa ölkələri və Böyük Britaniya ilə viza prosedurlarının təkmilləşdirilməsi istiqamətində addımların atılması hər iki tərəf üçün məqsədəuyğun olardı:

“Bu, həm Avropadan Azərbaycana gələn turistlərin sayının artmasına, eləcə də Azərbaycan vətəndaşlarının biznes və səyahət imkanlarının genişlənməsinə şərait yaradar.

Ölkə rəhbərliyinin apardığı uğurlu və balanslı xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu ildən-ilə artır. Bu amil onu deməyə əsas verir ki, yaxın 10 il ərzində Azərbaycan pasportu dünyanın ən güclü pasportları sırasında - ilk onluqda yer ala bilər. Azərbaycanın beynəlxalq müstəvidə söz sahibi olması və etibarlı tərəfdaş kimi qəbul edilməsi də bu hədəfin real olduğunu göstərir”,- deyə ekspert qeyd edib.

Qeyd edək ki, son illər ərzində Albaniya, Serbiya, BƏƏ, Qətər, Mərakeş, Çinə ümumvətəndaş pasportuna sahib vətəndaşlar üçün vizasız gediş-gəliş tətbiq edilib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ