Dubaydan Sinqapura biznes-klassla uçan Azərbaycan vətəndaşının əl yükündən təxminən 80 min dollar dəyərində əşyaları oğurlamağa cəhd edən Çin vətəndaşı Sinqapurda həbs edilib.
Modern.az xəbər verir ki, Sinqapur mediasının yaydığı məlumata görə, hadisə bu ilin avqustunda baş verib və 26 yaşlı Liu Min adlı Çin vətəndaşı bir neçə gün əvvəl yekunlaşan məhkəmə prosesindən sonra 20 ay müddətinə azadlıqdan məhrum edilib.
Məlumata görə, 52 yaşlı Azərbaycan vətəndaşı həyat yoldaşı ilə birlikdə "Singapore Airlines" aviaşirkətinin SQ495 reysi ilə Dubaydan Sinqapura uçurmuş. Liu Min də həmin reysdə biznes-klass salonunda yer alıb. Prokurorluğun araşdırmasına əsasən, şübhəli şəxs əvvəlcədən planlaşdırılmış şəkildə biznes-klass sərnişinlərinin qiymətli əşyalarını oğurlamaq niyyəti ilə təyyarəyə minib və onun hərəkətləri cinayətkar sindikat tərəfindən maliyyələşdirilib.
Avqustun 8-də, şam yeməyindən sonra salonda işıqların zəiflədiyi vaxt Liu Min yerindən qalxaraq yatan azərbaycanlı sərnişinin oturacağının üzərindəki baqaj bölməsini açıb və əl çantasını götürərək öz yerinə aparıb. Bu an sərnişinin həyat yoldaşı hadisəni görərək dərhal müdaxilə edib və çantanın ona aid olub-olmadığını soruşub. Dil baryeri səbəbindən cavab ala bilməyən qadın dərhal stüardessalara məlumat verib. Bundan sonra şübhəli şəxs çantanı açmadan geri qaytarıb.
Ekipaj üzvləri çantanı yoxlayıb və heç bir əşyanın itmədiyini təsdiqləyiblər. Araşdırma zamanı məlum olub ki, çantada ümumi dəyəri 100 min Sinqapur dollarından artıq olan qiymətli əşyalar olub. Onların arasında müxtəlif valyutalarda təxminən 12 min Sinqapur dolları məbləğində nağd pul, 2 100 dollar dəyərində Huawei noutbuku, 5 400 dollardan çox dəyəri olan 56 ədəd siqar, 35 min dollardan artıq qiyməti olan Chopard markalı saat və 51 min dollardan çox dəyəri olan "Audemars Piguet" markalı saat yer alıb.
Təyyarə Sinqapura endikdən sonra ekipaj yerüstü xidmətləri məlumatlandırıb və Changi Airport hava limanında Liu Min polis tərəfindən saxlanılıb. İstintaq zamanı o, oğurluq niyyətini inkar edərək çantanı guya öz əşyaları ilə səhv saldığını iddia edib. Lakin müstəntiqlər bu izahatı əsassız sayıb, çünki çantalar xarici görünüş və material baxımından tamamilə fərqli olub və şübhəlinin öz çantası yerində qalıb.
Sinqapur Baş Prokurorluğunun nümayəndəsi Çea Vençze məhkəmədə bildirib ki, təyyarə bortunda baş verən bu tip cinayətlər milli aviaşirkətin nüfuzuna və ölkənin turizm sektoruna ciddi zərər vura bilər. O, sərnişinlərin uçuş zamanı əşyalarını daim nəzarətdə saxlaya bilmədiyini, ekipajın isə bütün salonu eyni anda izləməsinin mümkün olmadığını vurğulayıb.
Qeyd edək ki, Azərbaycan vətəndaşının şəxsiyyəti açıqlanmır, lakin oğurluq cəhdinin qarşısının məhz onun həyat yoldaşının diqqəti sayəsində alındığı bildirilir.