2025-ci ilin başa çatması və Yeni ilin qarşılanması ərəfəsində dövlət başçısının xalqa müraciəti Azərbaycanın müasir tarixinə sadəcə bir bayram təbriki kimi deyil, qüdrətli bir dövlətin son beş ildə qət etdiyi şərəfli yolun möhtəşəm yekunu kimi daxil oldu. Bu gün Azərbaycan özünün hərbi, siyasi və iqtisadi suverenliyini tam bərpa etmiş qalib bir ölkə olaraq, 30 illik işğalın izlərini silməkdə və dünya miqyasında yeni güclü tərəfdaş kimi çıxış etməkdədir. 2025-ci ilin xüsusi önəmi ondadır ki, xalqımız tarixi Zəfərimizin beşinci ildönümünü böyük fəxarət hissi ilə qeyd etdi. Ötən bu qısa, lakin məzmunlu beş il ərzində Azərbaycan Silahlı Qüvvələri dinamik inkişaf yolunda irəlilımiş, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində öz gücünü daha da artıraraq ən müasir silahlar və texnikalarla təchiz edilmişdir. Xüsusilə Xüsusi Təyinatlı Qüvvələrin say tərkibinin bir neçə dəfə artırılması, ordumuzun müasir döyüş standartlarına uyğunlaşdırılması dövlət başçısının hərbi strategiyasının parlaq nəticəsidir. Dünyada gedən genişmiqyaslı silahlanma prosesi və müasir təhdidlər fonunda Azərbaycanın ilk növbədə öz milli təhlükəsizliyi haqqında düşünməsi, dövlətimizin milli maraqlara söykənən uzaqgörən siyasətinin ən mühüm istiqamətidir.

Vətən müharibəsindəki hərbi qələbədən sonra Azərbaycanın atdığı hər bir addım bu Zəfərin beynəlxalq və siyasi müstəvidə daha da möhkəmləndirilməsinə xidmət etmişdir. Artıq bütün dünya Azərbaycanın yaratdığı yeni reallığı qəbul edib və Minsk qrupunun tarixin arxivinə göndərilməsi ilə Qarabağ münaqişəsi beynəlxalq gündəlikdən tamamilə silinib. Bu gün biz artıq münaqişədən deyil, sülh gündəliyindən danışırıq. Vaşinqtonda ABŞ Prezidentinin iştirakı ilə bu sülhün və qələbənin rəsmən təsdiq edilməsi İlham Əliyevin diplomatiya sahəsindəki uzaqgörən siyasətinin növbəti böyük uğurudur. Ölkəmiz daxilində aparılan genişmiqyaslı quruculuq işləri, bölgələrin sürətli inkişafı və müstəqil xarici siyasət kursumuz Azərbaycanın beynəlxalq nüfuzunu sarsılmaz edib. Azərbaycan hər zaman bərabərhüquqlu tərəfdaşlığın tərəfdarı olub və dövlət başçısının da qətiyyətlə vurğuladığı kimi, heç kimə imkan verməmişik və verməyəcəyik ki, daxili işlərimizə müdaxilə etsin. Azərbaycanın siyasi iradəsi, xalq-iqtidar birliyi və artan iqtisadi potensialı ölkəmizə öz iradəmizi diqtə etmək istəyənlərin bütün cəhdlərini puça çıxarmağa imkan verir.

Xarici siyasətimizin çoxşaxəliliyi, səkkiz mühüm beynəlxalq təşkilatda fəal üzvlüyümüz və Orta Asiya ölkələrinin Məşvərət şurasına tamhüquqlu üzv kimi qəbul edilməyimiz ölkəmizin geopolitik çəkisini göstərir. İlham Əliyevin uzaqgörən siyasəti sayəsində 2025-ci il ərzində Xankəndidə keçirilmiş ECO Zirvə görüşü və Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə görüşü həm işğaldan azad edilmiş torpaqlarımızın dünyaya tanıdılması, həm də Türk dünyasının birliyi yolunda atılan tarixi addımlar olmuşdur. Bu diplomatik uğurlar tək siyasi, hərbi deyil, həm də güclü iqtisadiyyata söykənir; belə ki, valyuta ehtiyatlarımız 80 milyard dollarlıq tarixi rekord həddi aşmış, xarici borcumuz isə ÜDM-in cəmi 6,3 faizinə qədər düşmüşdür. Ehtiyatlarımızın xarici borcumuzu 16 dəfə üstələməsi və dünyanın aparıcı agentliklərinin Azərbaycanın kredit reytinqini qaldırması dövlətimizin iqtisadi müstəqilliyinin bariz göstəricisidir.

Böyük Qayıdış proqramı çərçivəsində azad olunmuş torpaqlarımızda aparılan nəhəng işlər də artıq öz bəhrəsini verməkdədir. 70 minə yaxın vətəndaşımız artıq öz doğma yurduna dönərək 32 müxtəlif kənd, qəsəbə və şəhərdə yeni həyata başlayıb, orada yaşayır, çalışır və təhsil alır. Bayram təbriki kontekstində Dünya Azərbaycanlılarının Həmrəylik Gününü də təbrik edən Prezident bir daha vurğuladı ki, harada yaşamasından asılı olmayaraq, hər bir soydaşımız öz arxasında güclü Azərbaycan dövlətinin dayandığını bilir. Hər bir azərbaycanlının taleyi dövlətimiz üçün qiymətlidir və bu həmrəylik ruhu, Prezidentin uzaqgörən rəhbərliyi altında Azərbaycanı daha işıqlı və qüdrətli gələcəyə doğru aparan ən böyük mənəvi gücdür. Artıq daxil olduğumuz 2026-cı ildə də Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında Azərbaycanın yeni uğurlar qazanacağı, hərbi, siyasi və iqtisadi gücünü artıracağı şübhəsizdir.