“Azərbaycan banklarında problemli kreditlər neçə illərdir qalır”.
Bu sözləri Modern.az-a açıqlamasında iqtisadçı Emin Qəribli deyib.
O qeyd edib ki, maliyyə-bank sistemi çox həssas sistemdir və iqtisadiyyatda baş verən bütün proseslər birbaşa ona təsir edir. Böhran başlayanda bu, gec-tez geri dönüb bank sisteminin üzərinə düşür və onu zədələyir.
“2013–2014-cü illərdə idxal–ixrac əməliyyatlarında ciddi problemlər yarandı, dövriyyədə dollar azaldı, iş yerləri ixtisar olundu və nəticədə insanlar kreditlərini normal şəkildə ödəyə bilmədilər. Bu isə birbaşa bank sisteminə təsir göstərdi.
Ümumiyyətlə, bank sisteminə təsir edən amillər kifayət qədər çoxdur. Böhran şəraitində insanlar kredit ödənişlərini həyata keçirə bilmirlər və bu, banklar üçün əlavə risklər yaradır. Yəni istənilən səbəbdən iqtisadi böhran başlasa, eyni problemlər qaçılmaz olur.
İkinci mühüm məsələ ondan ibarətdir ki, biz müəyyən dövrlərdə Azərbaycanda bir sıra bankların bağlandığını gördük. Bankların bağlanmasının əsas səbəbləri isə bir tərəfdən, ümumi iqtisadi böhranın təsiri, digər tərəfdən isə problemli kreditlərin həddindən artıq çox olması idi. Bu da bank sistemimizin əsas problemlərindən biridir.
Bəzən banklarda menecerlər və digər məsul şəxslər yalnız faiz gəlirləri və qısamüddətli qazanc naminə bir çox risklərə göz yumurlar. Kreditlərin verilməsi zamanı risklər lazımi səviyyədə qiymətləndirilmədiyi üçün son nəticədə bu kreditlər problemli kreditə çevrilir və nəticə etibarilə bankın özü də çətin vəziyyətə düşür.
Məsələn, yeni dövrün yeni tələbləri də mövcuddur. Mərkəzi Bankın qaydaları durmadan artır, texnoloji tələblər irəli sürülür, müxtəlif dəyişikliklər edilir ki, mövcud problemlər aradan qaldırılsın.
Problemli kreditlər, mənim qənaətimcə, bank sisteminin əsas və mühüm risklərindən biridir. Bu problem yeni olmasa da, hazırda bank sisteminə ciddi təsir göstərən birinci amildir.
Eyni zamanda, dünyada baş verən paralel proseslər də bank sektoruna birbaşa təsir edir. Qlobal miqyasda inflyasiya problemi müşahidə olunur və buna görə də faiz dərəcələri ya artırılır, ya da azaldılır. Bu dəyişikliklər də bank sisteminə təsirsiz ötüşmür.
Faiz dərəcələrinin aşağı olması bank sisteminin canlanmasına və iqtisadi fəallığın artmasına gətirib çıxara bilər.
Digər tərəfdən isə görürük ki, ölkəmizdə istehlak kreditlərinin həcmi kifayət qədər çoxdur. Kreditlərin əsas hissəsi istehsala və ya sahibkarlığa deyil, məhz istehlak məqsədlərinə yönəlir. Bu da iqtisadiyyatın real sektoruna gözlənilən təsiri göstərmir və müəyyən mənfi nəticələr yaradır. Nəticə etibarilə, banklar üçün əsas risk mənbələrindən biri yenə də problemli kreditlərin artması olur".