2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması, eyni zamanda 13-cü Dünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi bu sahənin cari ildə xüsusi diqqət mərkəzində saxlanılacağını göstərir.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.
Deputat bildirib ki, bu qərarlar şəhərsalma və memarlıq sahəsində yeni yanaşmaların tətbiq olunacağını, eyni zamanda dövlət siyasətində müasir dünya təcrübələrinin nəzərə alınmasının vacibliyini ortaya qoyur:
“Bu sahədə bir çox yeniliklərin tətbiq olunması, eləcə də ümumdünya miqyasında şəhərsalma və memarlıq konsepsiyalarının elementlərinin ölkəmizdə həyata keçirilən siyasətdə nəzərə alınması müsbət haldır”.
Azər Allahverənovun sözlərinə görə, uzun müddətdir xüsusilə Bakı şəhərinin Baş Planı və şəhərsalma məsələləri gündəmdədir və bu kontekstdə şəhərsalma fəlsəfəsinə uyğun strategiyanın həyata keçirilməsi vacibdir:
“Bu strategiya qabaqcıl şəhərsalma modellərinin prinsiplərini özündə ehtiva etməlidir. Biz parlament səviyyəsində bu məsələləri mütəmadi olaraq qaldırır, aidiyyəti strukturlara müraciətlər edirik ki, vətəndaşların mülkiyyət hüququnun müəyyən olunması üçün zəruri addımlar atılsın”.
Deputat qeyd edib ki, məsələ kifayət qədər həssasdır və söhbət say etibarilə on minlərlə evdən gedir:
“İnsanlar uzun illərdir bu ərazilərdə yaşayırlar. Bəziləri 15-20-25 il əvvəl ev tikib, sonradan məlum olub ki, torpaq hansısa quruma məxsusdur və ya həmin ərazidən strateji kommunikasiya xətləri keçir. İnsanlar bu evlərə böyük vəsait xərcləyiblər”.
Azər Allahverənov vurğulayıb ki, problem kompleks yanaşma tələb edir və 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” olması bu məsələlərin dərindən araşdırılması üçün ciddi fürsətdir:
“Xüsusilə plansız və sənədsiz tikililərlə bağlı vahid mövqenin müəyyən olunmasına böyük ehtiyac var. Plansız olması hələ sənədsiz olması demək deyil. Eləcə də sənədsiz evlər mütləq plansız tikilmiş evlər deyil”.
Deputat Sabunçu və Xırdalan ərazilərində bu mövzunun daha həssas olduğunu bildirib:
“Mənim təmsil etdiyim dairə Sabunçu rayonunu əhatə edir. Vətəndaşlarla görüşlərdə sənədsiz evlərlə bağlı çoxsaylı müraciətlər daxil olur. İnsanlar bu evlər üçün sənəd əldə edə bilmədiklərini deyirlər”.
Onun sözlərinə görə, vəziyyət çox mürəkkəb və çoxrənglidir, buna görə də vahid yanaşmanın tətbiqi asan deyil:
“Yekun qərar verilməzdən əvvəl bu sahə çox ciddi şəkildə araşdırılmalıdır. Nardaran qəsəbəsində keçirilən son vətəndaş qəbulunda da bu məsələ xüsusi vurğulandı. Sənədlər toplanır, təqdim olunur, amma hələ də yekun qərar yoxdur”.
Azər Allahverənov əlavə edib ki, bəzi ərazilərdə insanlar artıq bir neçə nəsildir yaşayır, lakin mülkiyyət hüququnun təsdiqi üçün çıxarış problemi qalır:
“Əsas odur ki, bu prosesdə insan maraqları əsas götürülsün. Qərarlar elə verilməlidir ki, vətəndaş zərər görməsin, əksinə, fayda əldə etsin”.
Deputat sonda bildirib ki, məsələ Sabunçu, Xırdalan və digər Bakıətrafı qəsəbə və kəndləri üçün də aktualdır və yalnız kompleks yanaşma nəticəsində vahid dövlət strategiyasının formalaşdırılması mümkündür.