Bu gün Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin III və IV çağırış deputatı olmuş akademik Abel Məhərrəmlinin doğum günüdür. Hazırda BDU-nun Üzvi kimya kafedrasının müdiri vəzifəsində çalışan Abel Məhərrəmov Modern.az-a açıqlama verib.
“Bu gündən imtahan sessiyası başlayıb, univeristetdə idim. İndi gedirəm ailəmlə birlikdə ad günümü qeyd etməyə. 70 yaşdan sonra doğum günləri ancaq ailə ilə qeyd edilir. Mən düşünürəm ki, 70-dən sonra bütün yaşlar yubileydir. Daha orta yaş həddi 70-dən aşağıdır. Ona görə də, həri ilin qədri xüsusilə bilinir, hesabat verirsən, düzmü, yoxsa səhvmi yaşamışam, - deyə fikirləşirsən”.
"Sizin hesabatınızın nəticəsi necədir" sualına cavab verən Abel Məhərrəmov bildirib ki, nəticəyə adam öz-özünə gələ bilmir:
“Hesabatı gərək qarşı tərəfə verəsən. Qarşı tərəfdə də kimsə müsbət, kimsə mənfi qiymətləndirir, kimsə neytral qalır”.
Keçmiş rektor hələ də diqqətdən kənarda qalmadığını deputatların, nazirlərin onu təbrik etdiyini bildirib:
“Köhnə tanışlarımın, həmkarlarımın, dostlarımın, indiki deputatların çoxusu, hətta deyərdim ki, hamısı təbrik etdi. Bəzən zənglər üst-üstə düşürdü, mən özüm cavab verə bilmədiyim üçün onlara sonradan zəng edirdim, danışırdıq. Diqqətdən kənar qalmamışam. Deputatlar, nazirlər, hüquq-mühafizə orqanlarından çox zənglər gəldi, tələbələrim zəng edirdi. Heç nəyi nəzərə almasaq belə, mənim rəhbərliyimlə 90-a yaxın şəxs alimlik dərəcəsinə yiyələnib, elmlər namizədi, elmlər doktoru, professor olub. Onlar da zəng vurub təbrik etdilər. Deyim ki, bu günü ancaq iş şəraitində keçirmişəm, boş vaxtım indi oldu. Ona baxmayaraq telefonlara da cavab verirdim”.
“İşlərimiz də yaxşıdır, elmi uğurlarımıza görə, kafedra həmişəki kimi birinci yerdədir. Xaricdə çoxlu məqalələrimiz çıxıb. 50-dən çox məqaləmiz indeksləşmiş jurnallarda dərc olunub. Hesabat vermişik”, - keçmiş rektor qeyd edib.
“Doğum günümdə Prezidentimiz cənab İlham Əliyevin başçılığı ilə xalqımıza, millətimizə yeni-yeni uğurlar arzu edirəm. Xalqımız 5000 illik tarixində indiki kimi müstəqil olmayıb. İndi də müstəqil dövlətin vətəndaşı müstəqil şəkildə ad gününü qeyd edir. Ona görə də, mən özümü çox yaxşı hiss edirəm. Çünki yaxşı ölkədə yaşayırıq. Tez-tez xarici ölkələrdə oluram, hesablasaq, 10-15 dəfə Yaponiyada, ABŞ-də çox olmuşam. Amma inandırım sizi ki, Azərbaycanla heç biri müqayisə olunmaz", - o əlavə edib.
Abel Məhərrəmov özü ilə bağlı arzularını da bölüşüb:
“Gələn il imkan olsaydı orta məktəbi bitirdiyim - orta məktəbin bir hissəsini İrəvan şəhərində, bir hissəsini Amasiya rayonunun Güllübulaq kəndində oxumuşam, son illəri isə Güllübulaq kəndində təhsil almışam - yerlərə gedib ad günümü orada qeyd edərdim. Demirəm ki, gedib orada qalım. Arzum budur, gedib torpaqlarımıza, evimizə baş çəkib ad günümü orada qeyd edərdim. Adam yaşlaşdıqca öz torpağına, böyüdüyü el-obasına daha çox bağlanır. Ola bilər cavan vaxtı böyüdüyün yerlər səni o qədər də cəlb etmir. Mənim özümdə də olurdu, cavanlığımda Bakıya daha çox can atırdım. İndi tərsinədir. Qərbi Azərbaycan İcması Amasiya rayon təşkilatının rəhbəriyəm. Tez-tez tədbirlərimiz olur. Son günlərdə Prezidentimizin doğum günün qeyd etdik, İcmanın sədri Əziz müəllim, digər deputatlar iştirak etdi. Amasiya gəncləri, qadınları ayrı-ayrılıqda görüş təşkil etdi. Mən onlarla birlikdə nəfəs alıram. Vətənə xidmətimiz hələ də davam edir. Nə qədər ki yaşayırıq, Prezidentimizə, ölkəmizə, millətimizə xidmət etməliyik. Bizim kimi ziyalılar ancaq bu işlə məşğul olmalıdır, başqa heç nə ilə məşğul olmalı deyil”.