2025-ci ildə Azərbaycanda siyasi fəaliyyət sahəsində diqqətçəkən bir yenilik qeydə alınıb. Belə ki, Vəhdət Partiyası ölkədə ilk dəfə olaraq partiya sədrinin müavini vəzifəsinin funksiyalarını süni intellekt əsaslı qadın modelə həvalə edib. Partiyadan verilən açıqlamaya görə, bu təşəbbüs idarəetmədə rəqəmsallaşmanın tətbiqi, qərarların daha operativ və analitik əsaslarla verilməsi, həmçinin innovativ siyasi yanaşmanın formalaşdırılması məqsədi daşıyır.
Bu yeniliyin partiyaya qatdıqları, süni intellekt əsaslı qadın modelin hansı işləri gördüyü, partiyanın qərarverməsinə nə qədər töhfə verdiyi maraq doğuran məsələlərdir.
Modern.az bu suallara cavab tapmaq üçün Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi ilə əlaqə saxladıq.
Saytımıza açıqlamasında partiya sədri tətbiq edilən modelin iş prinsipindən danışıb:
“Biz bu modeli “nə edir?” sualı ilə yox, daha çox “nə etmir?” sualı ilə izah etməyi üstün tuturuq. Çünki cəmiyyətdə süni intellektlə bağlı ən böyük narahatlıq-onun insanı və siyasi iradəni əvəz etməsi qorxusudur. Bizim yanaşmamız tam əksinədir. Hazırda bu süni intellekt düşünmür, qərar vermir, hökm çıxarmır. O, sadəcə olaraq partiyaya daxil olan böyük həcmdə informasiyanı-vətəndaş müraciətlərini, sosial narahatlıqları, ictimai gözləntiləri-sakit, emosiyasız və sistemli şəkildə bir araya gətirir.

A.İ.Bakuvi bu modelin üstünlüyünü isə belə təsvir edib:
“Əvvəllər siyasi qərarlar çox vaxt hisslərə, fraqmentar məlumatlara, ayrı-ayrı səslərə söykənirdi. Bu sistem isə bizə bütün mənzərəni eyni anda göstərir: cəmiyyət nəyi deyir, nə barədə susur, harada risk,boşluq var, harada isə fürsət. Yəni o, siyasi iradəyə toxunmur, amma siyasi məsuliyyəti tam anladır.
Amma bir şeyi xüsusi vurğulamaq istəyirəm: süni intellekt nə səs verir, nə qərar qəbul edir, nə də kiminsə yerinə məsuliyyət daşıyır. O, sadəcə rəhbərliyə bütün məlumatları çatdırır və biz artıq hansısa məsələ haqqında qərar verərkən ‘bunu bilmirdik’ deməyimiz mümkün olmur.
Partiya sədir yeni tətbiq etdikləri modelin hər hansı texniki və ya funksional problemlərə səbəb olub-olmadığı barədə məsələyə də aydınlıq gətirib:
“Tam səmimi və bütün məsuliyyətimlə deyirəm ki, kritik texniki və ya funksional problem yaşanmır. Bunun əsas səbəbi isə layihəyə tələsik deyil, mərhələli və tam nəzarət altında yanaşmağımızdır.
Hazırkı mərhələdə model qapalı test mühitində, məhdud funksiyalarla işləyir. Proqram real qərar proseslərinə qoşulmur, açıq şəbəkələrə çıxışı məhdudur və yalnız əvvəlcədən təsdiqlənmiş məlumatlarla işləyir. Bu da həm texniki riskləri, həm də yanlış istifadəni minimuma endirir.
Əlbəttə, istənilən yeni texnologiyada olduğu kimi, incə tənzimləmə tələb edən texniki məqamlar mövcuddur-terminoloji dəqiqlik, dil balansı və kontekstin düzgün qorunması kimi. Lakin bunlar problem xarakteri daşımır, normal test prosesinin tərkib hissəsidir və hər biri insan nəzarəti altında operativ şəkildə aradan qaldırılır.
Bizim üçün əsas prinsip budur: süni intellekt bir icra aləti kimi fəaliyyət göstərir, lakin son qərar və tam nəzarət həmişə insandadır. Məhz buna görə də bu sistem nə texniki, nə də funksional baxımdan partiya üçün hər hansı risk mənbəyi hesab edilə bilməz”.
Bəs, Süni intellekt hansı proqram üzrə işləyir?
Adəm İsmayıl Bakuvi suala cavabında bunları deyib: “Süni intellekt sistemi Azərbaycanda yerləşən, qapalı və mühafizə olunan server mühitində fəaliyyət göstərir və açıq mənbəli böyük dil modelləri əsasında qurulub. Sistem hər hansı xarici, kommersiya və ya açıq platformaya bağlı deyil, daimi internet bağlantısı mövcud deyil və yalnız partiyanın rəsmi, əvvəlcədən təsdiqlənmiş məlumat bazası ilə işləyir.
Bu yanaşma texniki təhlükəsizliyi, eləcə də siyasi və hüquqi nəzarəti tam şəkildə təmin edir. Yəni burada söhbət “hazır proqram”dan deyil, Azərbaycanda lokallaşdırılmış, institusional və tam nəzarət olunan kompleks texnoloji həllərdən gedir. Onu da bildirim ki, süni zəkadan istifadə bizim heç də yeganə yeniliyimiz deyil".