Modern.az

Naxçıvanda törədilən cinayətlərin hamısı AÇILIB

Naxçıvanda törədilən cinayətlərin hamısı AÇILIB

Ölkə

19 Yanvar 2026, 14:52

Yanvar ayının 19-da Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhər və digər tabe rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə videoformat rejimində 2025-ci il ərzində cinayətkarlığa qarşı mübarizə, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak, qanunların icra və tətbiq olunmasına nəzarət, cinayət mühakimə və cinayət təqibindən kənar icraatlarda insan hüquq və azadlıqlarının müdafiəsi və qanunla müəyyən edilmiş digər sahələrdə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Modern.az xəbər verir ki, hesabat məruzəsi ilə çıxış edən Naxçıvan Muxtar Respublikası prokuroru Sənan Paşayev fəaliyyət istiqamətləri üzrə görülən işlərə və statistik göstəricilərə istinad etməklə hesabat dövründə Muxtar Respublikada kriminogen durumun nəzarətdə saxlanıldığını, daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunduğunu, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlərin görüldüyünü qeyd edib. 

Bildirilib ki, 2025-ci il ərzində Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarında 31 cinayət işinin ibtidai istintaqı aparılmış və həmin cinayət işlərindən 17-sinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti  məhkəmələrə göndərilib. Hər iki hesabat dövründə Naxçıvan Muxtar Respublikası prokurorluğu orqanları üzrə cinayətlərin açılma faizi 100 % təşkil edib. 

Bundan başqa qeyd olunub ki, 2025-ci ildə Naxçıvan Muxtar Respublikası prokurorluğu orqanlarına daxil olan 647 müraciətə müvafiq qaydada baxılmış, eləcə də Naxçıvan Muxtar Respublikası Prokurorluğunda 296, tabe rayon (şəhər) prokurorluqlarında isə 357 olmaqla, ümumilikdə 653 vətəndaş qəbul edilərək dinlənilmiş, müraciətlərinə müvafiq olaraq izahların verilməsi və onların həlli istiqamətində müvafiq tədbirlərin icrası həyata keçirilmişdir. Bundan əlavə hesabat dövründə Naxçıvan Muxtar Respublikası prokurorluğu orqanları əməkdaşları tərəfindən qanunvericiliyin təbliği ilə bağlı çoxsaylı tədbirlər keçirilmiş, o cümlədən 36 dəfə mətbuatda, 42 dəfə televiziyada çıxışlar edilib. 
 
Geniş Kollegiya iclasında görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin icrasına toxunulmaqla əldə olunan uğurlar, habelə xidməti fəaliyyət zamanı yol verilmiş nöqsanlar ətraflı müzakirə edilib. 

Geniş Kollegiya iclasına yekun vuran Kamran Əliyev xidməti fəaliyyətin təkmilləşdirilməsi, hesabat dövründə yol verilmiş nöqsanların aradan qaldırılması ilə bağlı zəruri tapşırıqlar verərək sonda Muxtar Respublikanın Prokurorluq orqanlarının hər bir əməkdaşının gələcək fəaliyyətləri zamanı qanunla üzərlərinə qoyulmuş vəzifələrin icrası istiqamətində öz bilik və bacarıqlarını bütünlüklə səfərbər edəcəklərinə, dövlətimizin və xalqımızın mənafeyi uğurunda xidməti öhdəliklərini layiqincə yerinə yetirəcəklərinə əminliyini ifadə edərək, onlara uğur arzu edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır