İsrailin Azərbaycandakı sabiq səfiri Eitan Naeh 62 yaşında vəfat edib. O, 2001-2005-ci illərdə Azərbaycanda fəaliyyət göstərib.
Modern.az xəbər verir ki, o, uzun illər Türkiyə və Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə İsraili təmsil etmiş, regionu yaxından tanıyan diplomat olub.
17 sentyabr 1963-cü ildə İsraildə anadan olan sabiq səfir ingilis dili ilə yanaşı ərəb və türk dillərini də yaxşı bilib. O, 1982-1985-ci illərdə İsrail Müdafiə Qüvvələri sırasında hərbi xidmətdə olub. 1991-ci ildə Təl-Əviv Universitetinin Siyasi elmlər fakültəsini Yaxın Şərq ixtisası üzrə bitirib. 1991-1993-cü illərdə İsrail Xarici İşlər Nazirliyinin diplomatiya kursunu bitirdikdən sonra XİN baş direktorunun köməkçisi, 1993-1997-ci illərdə İsrail dövlətinin Türkiyədəki səfirliyində əvvəl ikinci, sonra isə birinci katib, 1997-1999-cu illərdə ABŞ-nin Çikaqo ştatında konsul, 1999-2000-ci illərdə Qərbi Avropa İdarəsində (Avropa II)-müşavir, Türkiyə-Yunanıstan şöbəsinin başçısı olub. Daha sonda ölkəmizdə 5 il səfir kimi fəaliyyət göstərən Eitan Naeh 2016-cı ildə İsrailin Türkiyədəki səfiri təyin olunub.
O, 5 dekabr 2016-cı ildə Ankaradakı Prezident Kompleksində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana etimadnaməsini təqdim edib. 2018-ci ilin mayında İsrail qüvvələrinin 60 fələstinlini öldürməsinə cavab olaraq Türkiyənin Xarici İşlər Nazirliyi Naehi ölkədən çıxarıb. Türkiyə hökuməti onun ölkəni tərk edərkən üzərində aparılan təhlükəsizlik yoxlamasının jurnalistlər tərəfindən çəkilməsinə icazə verib. İsrailin Xarici İşlər Nazirliyi bu yoxlamaya etiraz edib.
2021-ci ilin yanvarında İsrail Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində səfirlik açıb. Naeh 11 oktyabr 2021-ci ilədək bu diplomatik nümayəndəliyin rəhbəri kimi fəaliyyət göstərib. Lakin onun buradakı fəaliyyəti uzun sürməyib. Eitan Naeh 2 sentyabr 2021-ci ildə İsrailin Bəhreyndəki səfiri təyin olunub. 28 dekabr 2021-ci ildə o, Bəhreyn Kralı Həmədə etimadnaməsini təqdim edərək İsrailin bu ölkədəki ilk səfiri kimi rəsmi fəaliyyətinə başlayıb. 2 noyabr 2023-cü ildə Bəhreyn onun ölkədən getdiyini elan edib və eyni zamanda İsraildəki səfirini geri çağırıb.