Modern.az

Uşaq hüququ yoxsa dini öhdəlik: deputatlar fərqli düşünür 

Uşaq hüququ yoxsa dini öhdəlik: deputatlar fərqli düşünür 

Ölkə

29 Yanvar 2026, 12:52

Parlamentə müzakirə olunun “Uşaq hüquqları haqqında” qanun layihəsində uşaqların dinə etiqad etməyə məcbur edilməsinin qadağan olunması hüquqi baxımdan mühüm yenilik kimi dəyərləndirilsə də, bu norma praktik müstəvidə bir sıra açıq suallar doğurur. Xüsusilə erkən yaşlardan dini geyimə, o cümlədən hicab taxmağa məcbur edilən uşaqların hüquqi və sosial vəziyyətinin necə tənzimlənəcəyi məsələsi aktuallaşır. Məktəblərdə ayrı-ayrı hallarda hicablı şagirdlərin mövcudluğu valideynin dini baxışları ilə uşağın fərdi hüquqları arasında həssas balans problemini ön plana çıxarır.

Modern.az məsələ ilə bağlı deputatlarla əlaqə saxlayıb.



Milli Məclisin deputatı Elnarə Akimova isə “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi və uşaqların dini etiqada məcbur edilməsi ilə bağlı bildirib ki, mövzu cəmiyyətin ən həssas nöqtələrindən birinə toxunur və məsələyə sırf emosional yox, hüquqi və etik müstəvidən yanaşmaq lazımdır.

Elnarə Akimovanın sözlərinə görə, əsas sual uşağın kimliyi ilə bağlıdır:

“Uşaq valideynin dünyagörüşünün kiçildilmiş surətidir, yoxsa öz taleyini quracaq müstəqil bir insan? "Uşaq hüquqları haqqında" yeni qanun layihəsində uşaqların dinə etiqad etməyə məcbur edilməsinin qadağan olunması təsadüfi qərar deyil. Bu, uşağın şəxsiyyət kimi tanınmasının hüquqi ifadəsidir. Amma məsələ ondadır ki, qanun kağız üzərində yazıldığı kimi həyatın içində də işləyə biləcəkmi?”

Deputat bildirib ki, bu gün məktəblərdə dünyanı hələ tam dərk etməyən, öz seçimlərinin mahiyyətini anlamayan hicablı uşaqlara rast gəlinir və bu mənzərə cəmiyyətdə ziddiyyətli yanaşmalar doğurur:

“Bəziləri bunu ‘"ailə dəyəri’", digərləri isə "uşaq hüquqlarının pozulması" kimi görür. Əslində isə sual hicabın özündə yox, məcburiyyətdədir. Çünki seçim yalnız şüura əsaslandıqda seçimdir. Erkən yaşda edilən "seçim" çox vaxt uşağın yox, böyüklərin seçimidir”.

Elnarə Akimova valideynlərin öz inancını yaşamaq hüququnu inkar etmədiyini, lakin bu hüququn uşağın gələcək azad seçimlərini məhdudlaşdırmamalı olduğunu qeyd edib:

“Valideynin inanmaq və inancını yaşamaq hüququ var. Amma bu hüquq uşağın gələcəkdə fərqli düşünmək, fərqli inanmaq, yaxud heç inanmaq istəməmək azadlığını əlindən alırsa, artıq məsuliyyət məsələsi yaranır. Uşaq valideynin ideoloji davamçısı deyil, sabahın müstəqil vətəndaşıdır. Dövlət də məhz bu nöqtədə susa bilməz. Çünki susmaq bəzən tərəf olmaq deməkdir”.

Deputat məktəbin roluna da xüsusi diqqət çəkib. Onun fikrincə, məktəb neytral məkan olmalı, dini və ideoloji təsirlərin deyil, düşüncənin formalaşdığı yer kimi qalmalıdır:

“Məktəb uşağın ağlının, dünyagörüşünün və tənqidi düşüncəsinin formalaşdığı məkandır, dini və ideoloji təsirlərin yarış meydanı yox. Müəllim şagirdə nə geyinməyi yox, necə düşünməyi öyrətməlidir. Əgər məktəb divarları arasında uşaq ailədaxili təzyiqin səssiz davamçısına çevrilirsə, bu artıq təkcə ailənin yox, cəmiyyətin problemidir”.

Elnarə Akimova qeyd edib ki, məcburiyyətlə şəxsi seçim arasındakı sərhəd incə olsa da, aydın müşahidə edilə bilər:

“Uşağın yaşı, davranışı, öz fikrini ifadə edib-etməməsi bu sərhədi göstərən əsas işarələrdir. Qorxu ilə susan, ‘belə lazımdır’ deyə cavab verən uşaq seçim etmir, uyğunlaşır. Bu uyğunlaşma isə gələcəkdə ya daxili üsyana, ya da düşüncəsiz itaətə çevrilir. Hər iki nəticə cəmiyyət üçün təhlükəlidir”.

Deputatın fikrincə, məktəblərdə monitorinqlərin aparılması nəzarətçilik yox, qoruyucu mexanizm kimi qiymətləndirilməlidir:

“Bu monitorinqlər uşaqları ifşa etmək üçün deyil, onların səsini eşitmək üçündür. Uşaq çox vaxt danışa bilmir, amma davranışı hər şeyi deyir. Radikallaşma riskləri, psixoloji təzyiq və zorakılığın gizli formaları erkən mərhələdə görünmədikdə sonradan ağır nəticələr doğurur”.

Elnarə Akimova vurğulayıb ki, söhbət dinlə mübarizədən deyil, uşağın gələcəyinin qorunmasından gedir:

“İnam insanın qəlbində böyüməlidir, qorxu ilə deyil. Məcbur edilən etiqad inanc yaratmır, yalnız itaət formalaşdırır. Dövlətin və cəmiyyətin borcu itaətkar yox, düşünən, seçə bilən və məsuliyyətli fərdlər yetişdirməkdir. Uşağın üzərinə qoyulan hər yük onun taleyinə yazılır və biz bu taleyi yazarkən ehtiyatlı davranmalıyıq”.

Deputat Ceyhun Məmmədov bildirib ki, Azərbaycan hüquqi və dünyəvi dövlətdir və ölkədə etiqad azadlığı tam təmin olunur. Dini etiqad insanın şəxsi hüququdur və bu sahədə heç kəsə məcburiyyət tətbiq edilə bilməz.

Onun sözlərinə görə, hər bir vətəndaşın dini seçimləri dövlət tərəfindən tanınır və qorunur:

“Azərbaycanda etiqad azadlığı var və biz dünyəvi ölkəyik. Bu ölkədə hər kəsin hüquqları tanınır və qorunur. Dini etiqad azadlığı insanın öz hüququdur. İstəyən insan ibadət edir, hicab taxır. Kim istəyirsə bunu etməyə bilər. Bu da onun haqqıdır”.

Ceyhun Məmmədov qeyd edib ki, uşaqlar valideynlərinin icazəsi ilə dini ayinlərdə iştirak edə və dini ayinləri yerinə yetirə bilərlər. Qanunvericilik buna imkan verir. Lakin bu proses məcburiyyətə çevrildiyi halda dövlətin müdaxilə mexanizmləri işə düşür:

“Valideyn övladına hicab taxmağı və ya dini ayinlərdə iştirak etməyi məcbur edirsə, bu halda hüquq-mühafizə orqanları öz rolunu oynayır”.

Deputat hesab edir ki, dindar və qeyri-dindar insanların, hicablı və hicabsız vətəndaşların qarşı-qarşıya qoyulması doğru yanaşma deyil:

“Biz heç kimi nəyəsə məcbur edə bilmərik və etməyə də haqqımız yoxdur. Proses də buna uyğun tənzimlənməlidir. Hüquq pozuntusu varsa, qanuna uyğun hərəkət edilməlidir, yoxdursa, müzakirə mövzusu da olmamalıdır”.

Onun sözlərinə görə, geyim seçimi də fərdi hüquq məsələsidir və hicab bu hüquqların tərkib hissəsidir:

“Necə ki, açıq, bağlı, dar və ya qısa geyinmək hər kəsin hüququdur, hicab da hər kəsin hüququdur. Kiminsə hicab geyinməsindən narahat olmalı deyilik. Bu, beynəlxalq hüquqla da təsbit olunub”.

Ceyhun Məmmədov vurğulayıb ki, hicab heç bir halda təhsilə maneə kimi təqdim edilə bilməz və məsələyə fərqli yanaşma cəmiyyətdə gərginliyə səbəb ola bilər:

“Necə ki, heç kimə soyunmaq qadağan edilmir, hicabla bağlı məsələ də belə olmalıdır. Əks halda, gələcəkdə dindar və qeyri-dindarlar arasında mübahisə yarana bilər”.

Deputat Mehriban Vəliyeva “Uşaq hüquqları haqqında” yeni qanun layihəsində uşaqların dinə etiqad etməyə məcbur edilməsinin qadağan olunmasını müasir hüquqi yanaşmalar baxımından mühüm və prinsipial addım kimi dəyərləndirib. Onun sözlərinə görə, bu norma ilk növbədə uşağın şəxsiyyət kimi formalaşmasına, vicdan azadlığının və seçim hüququnun qorunmasına xidmət edir.

Mehriban Vəliyeva bildirib ki, hüquqi çərçivənin müəyyənləşdirilməsi praktik müstəvidə bir sıra mürəkkəb sualları da gündəmə gətirir və xüsusilə erkən yaşlardan hicab taxmağa məcbur edilən uşaqların vəziyyəti cəmiyyət üçün aktual müzakirə predmetidir. Deputat vurğulayıb ki, bu məsələyə emosional deyil, hüquqi və psixoloji aspektdən yanaşmaq lazımdır:

“Erkən yaşlarda uşağın öz iradəsini sərbəst şəkildə ifadə etməsi psixoloji və sosial baxımdan məhduddur. Bu səbəbdən dini geyim və davranışların azyaşlı uşaqlar üçün “şəxsi seçim” kimi təqdim edilməsi birmənalı qəbul edilə bilməz”.

Deputat xatırladıb ki, Azərbaycan Respublikasının Konstitusiyası valideynlərin övladlarının tərbiyəsinə görə məsuliyyətini təsbit etsə də, eyni zamanda uşaqların vicdan və dini etiqad azadlığını da təmin edir. Onun fikrincə, əsas çətinlik bu iki prinsip arasında balansın qorunmasıdır:

“Valideynin dini baxışları uşağın gələcək dünyagörüşünə təsir göstərə bilər, lakin bu təsir uşağın fərdi hüquqlarını məhdudlaşdıracaq həddə çatmamalıdır.”

Deputatın sözlərinə görə, hicabın azyaşlı uşaqlara valideyn iradəsi ilə məcburi şəkildə tətbiqi uşağın hüquqlarının pozulması riskini yaradır və yeni qanun layihəsi məhz bu cür halların qarşısını almağa yönəlib. O qeyd edib ki, bu yanaşma dini inanclara qarşı deyil, uşağın gələcəkdə şüurlu seçim etmək hüququnun qorunmasına xidmət edir.

Mehriban Vəliyeva məktəblərin bu prosesdə xüsusi rolu olduğunu da vurğulayıb. Onun fikrincə, təhsil sistemi təkcə bilik ötürən deyil, həm də dünyəvi dəyərləri və hüquq mədəniyyətini formalaşdıran mühüm ictimai institutdur.

“Dövlət və təhsil sistemi burada cəzaedici deyil, maarifləndirici və qoruyucu mövqedən çıxış etməlidir. Məqsəd valideynlə qarşıdurma yaratmaq yox, uşağın hüquqlarının təmin olunmasını prioritetə çevirməkdir”.

O əlavə edib ki, məktəblərdə aparıla biləcək monitorinqlər nəzarət və təzyiq mexanizmi kimi yox, risklərin erkən aşkarlanması vasitəsi kimi nəzərdən keçirilməlidir. Mehriban Vəliyevanın fikrincə, bu proseslər şəffaf, hüquqi əsaslara söykənən və insan hüquqlarına hörmət prinsipi ilə həyata keçirilməlidir.

Deputat sonda vurğulayıb ki, “Uşaq hüquqları haqqında” yeni qanun layihəsində nəzərdə tutulan bu norma Azərbaycan dövlətinin dünyəvilik və hüquqi dövlət prinsiplərinə sadiqliyinin göstəricisidir və əsas məqsəd uşağın azad, sağlam və şüurlu şəxsiyyət kimi formalaşmasını təmin etməkdir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır