Ötən gün Azərbaycanda Gənclər Günü idi. Çoxdan bu tarix bir sosial qrupun bayramı olmaq sərhəddini keçib. Azərbaycanda gənclik ilin 365 gününün mövzusudur. Ölkənin dinamikası, enerjisi və gələcəyə baxışı gənclik üzərində qurulub.
Gənclik bütün dövrlərdə və bütün ölkələrdə ciddi müzakirə mövzusu olub. Bu gün də aktuallığını qoruyur. Amma gənclik özü-özünə yaranmır. Onu formalaşdıran, ona yol açan və sabaha aparan əsas faktor dövlətdir. Daha dəqiq desək, dövlətin başında dayanan liderin siyasi iradəsi və baxışıdır.
Azərbaycan gəncliyinə sabahı real siyasi düşüncə ilə göstərən şəxs Ulu öndər Heydər Əliyev olub. Onun gənclərə verdiyi əsas mesaj çox dərin idi: “Özünüzü yetişdirin, dövlət sizi gözləyəcək”. Bu, strateji baxış idi.
Və həmin gənclik bu gün artıq böyüyüb. Böyük gənclik böyük işlərə imza atır. Tarixin həlledici məqamında, Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə məhz bu gənclik Qarabağı işğaldan azad etdi. Bunu yalnız hərbi qələbə kimi qiymətləndirmək məsələnin mahiyyətini kiçildər. Düzü odur ki, bu, gəncliyin dövlətlə vəhdətinin nəticəsi idi.
Bu gün dünyanın dörd bir yanından Azərbaycan gəncinin səsi gəlir. Bu səs həmin səsdir, gəncliyin dövlətlə vəhdətinin səsidir.

Böyüklük haradan başlayır?
Min illik tarixin süzgəcindən keçmiş bir həqiqət var. Böyüklük vəzifə, tribunadan deyilən söz, yaxud statusla ölçülmür. Böyüklük şəxsi nümunə, məsuliyyəti öz üzərinə götürmək və risk anında doğru qərar verməkdən başlayır.
Heydər Əliyevin formalaşdırdığı real siyasi baxışlar Azərbaycan gəncliyini regional çərçivədən çıxarıb qlobal düşüncəyə daşıdı. Bu baxışları sistemə çevirən, davamlı edən və risklərdən qoruyan lider isə Prezident İlham Əliyev oldu. Bugünkü Azərbaycan duruşu tarixin indiki zaman formasıdır.
Böyüklük bütün sahələrdə özünü göstərir. Böyük siyasət sözün çəkisini və zamanın ritmini bilməkdir. İlham Əliyevin dünya siyasətinin aparıcı liderləri ilə keçirdiyi görüşlərdə bu böyüklük aydın hiss olunur. ABŞ Prezidenti ilə praqmatik realizm, Çin lideri ilə strateji səbir və uzunmüddətli baxış, Rusiya Prezidenti ilə güc balansı və tarazlıq dili təsadüfi diplomatiya sayıla bilməz, sistemli böyük siyasətdir.
Bir vaxtlar Qarabağın işğalda qalmasını istəyən dairələrin bu gün onun azad edilməsini alqışlaması reallığın qəbuludur. Bu reallığı qəbul etdirən isə böyük siyasət və böyük siyasətçidir. Prezidentin hər bir beynəlxalq görüşündə milli maraqlar qorunur, milli suverenlik möhkəmlənir, dövlətçilik konsepsiyası beynəlxalq legitimlik qazanır.
Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində aparıcı gücə çevrilib. İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən və reallaşdırılan qlobal layihələr, xüsusilə Cənub Qaz Dəhlizi bunun bariz nümunəsidir. Zəngəzur dəhlizini adi iqtisadi layihə kimi dəyərləndirmək sadəlövhlük olardı, bu, strateji şahmat gedişidir. Bu layihələr Azərbaycanın böyüklüyünü faktlarla sübut edir.
Bu məqamda “Liverpul” - "Qarabağ" oyunundan sonra Qurban Qurbanovun dediyi bir cümləni xatırlamaq yerinə düşür: “Biz bu oyunda böyük futbolu gördük”. Əlbəttə ki, "Qarabağ" o matça qədər uzun, mübariz və qələbələrlə dolu bir yol keçmişdi. Qurban Qurbanovun dediyi başqa idi.

Klubda azərbaycanlı gənclərin olması onların da böyük futbol görməsi demək idi. Odur ki, Qurbanovun fikri ancaq idmanla bağlı deyildi. Böyük futbol qol vurmaqla yanaşı, ritmi qorumaq, təzyiq altında düzgün qərar vermək və sistemli düşünməkdir.
Əslində bu, Qurbanov böyüklüyünün etirafı idi.
Biz bu gün böyük siyasətin içindəyik. Böyük futbolun meydançasına çıxa bilmişik. Bəs başqa sahələrdə vəziyyət necədir?
Diplomatiyada varıqmı, bəli...
Balanslı siyasət aparırıq, neytrallığı qoruyuruq, maraqları toqquşdurmuruq. Azərbaycan gəncliyi diplomatiyada öz gücünü göstərir.
Təhsildə varıqmı, qismən...
Amma böyük deyilik. Böyük təhsil şəkil yox, sistemdir. Xarici rektorla foto çəkdirməklə böyük universitet olunmur.
Səhiyyədə varıqmı, texnologiyada varıq...
Sistemdə yoxuq, böyük səhiyyə preventiv və insan mərkəzli yanaşmadır.
İqtisadiyyatda varıqmı, enerjidə varıq...
Amma şaxələndirmədə hələ yol gedirik. Böyük iqtisadiyyat istehsal və ixracdır.

Mədəniyyətdə varıqmı, muğamda, xalçada varıq...
Amma mədəniyyətimizlə dünyanı fəth edib-etmədiyimiz hələ sual altındadır.
İnfrastrukturda və şəhərsalmada varıqmı, Qarabağ modeli, ağıllı kəndlər...
Postmünaqişə urbanistikası buna cavabdır. Amma dünya bizdən nümunə götürürmü, böyük şəhərsalma budur.
Ədəbiyyatda varıqmı, potensial var...
Dünya miqyası azdır. Böyük ədəbiyyat oxunan ədəbiyyatdır.
Mənəviyyatda varıqmı, bəli...
Torpaq uğrunda ölməyi bilmək mənəvi böyüklükdür.
Gənclikdə varıqmı, çox varıq...
Qarabağın azadlığı bunun sübutudur. Bu gənclik dövlətini sevən, xalqına sadiq, dünyada baş verən proseslərin içində olan gənclikdir.
Texnologiyada varıqmı...
İT-də inkişaf var, süni intellektdə yolun başlanğıcındayıq. Böyük olmaq üçün ekosistem lazımdır.
Aqrar sahədə varıqmı...
Torpaq da var, iqlim də. Amma milli pendir brendi yoxdursa, burada bir az nəfəs dərmək lazım gəlir.

Bəli, biz böyüyük. Amma hər sahədə yox. Biz iddialıyıq, amma realist olmalıyıq. Bütün sahələri böyük siyasətimizə uyğunlaşdırmalıyıq.
Böyük olmaq yolun sonuna çatmaq deyil. Böyüklük yolun özüdür.
Və biz bu yoldayıq.
Bu yol daha təsadüflərin, bölgəçilik düşüncəsinin, köhnə reflekslərin yolu deyil. Azərbaycanda regionçuluq faktiki olaraq tarixə çevrilib. Bu, sosial münasibətlərdə də, dövlət idarəçiliyində belədir. Bu, yeni mərhələnin başlanğıcıdır. Regionçuluğun bitməsi gələcək üçün ən sağlam perspektivlərdən biridir, çünki güclü dövlət fərqləndirmir, birləşdirir.
Dövlət sistemində rüşvətxorluq aradan qaldırılıb. Bu reallıq hamı üçün rahat qəbullanmır. Xüsusilə keçmiş vərdişlərlə yaşayan, köhnə sistemin içində mövcud olmuş məmurlar üçün bu dəyişiklik ağır görünə bilər. Qəbul etməkdə çətinlik çəkirlər. Amma normal yanaşma müqavimət ola bilməz, prosesə dəstək olmalıdır. Şəffaf sistem şəxslərə xidmət etmir, dövlət üçün qurulur. Bizə güclü Azərbaycan lazımdır.
Əgər hər birimiz öz yerimizdə böyük olmağı bacarsaq, dünyada da böyük ola bilərik. Böyüklük dövlətin ölçüsü ilə yanaşı, vətəndaşın məsuliyyəti ilə ölçülür. Kiçik düşünən cəmiyyət böyük dövlət qura bilməz.
Bu gün böyüklərə böyük ehtiyacımız var. Amma bu böyüklük yaşla, vəzifə ilə, titul ilə gəlmir. Bütün sahələrdə Qurbanovlar lazımdır. Dövlətinə sadiq, sadə, xalqına xidmət edən, Prezidentin tapşırıqlarını ləyaqətlə yerinə yetirən, gənclərə böyük meydanı göstərən adam...

Gəncləri böyük edən də məhz böyüklərin baxışıdır. Gənci kiçik görən toplum gələcəyini də kiçildir. Gənci böyük görmək isə Çağdaş Azərbaycanın ən əsas arzusu və strateji hədəfidir.
Gənclər bu günün özüdür.
Çağdaş Azərbaycan gənci güclüdür, çalışqandır, əzmkarıdır.
Gəncləri böyük görmək Çağdaş Azərbaycanın arzusudur.
Dünyada böyük oyun gedir. Azərbaycan dünyanın böyük siyasi masasında güclüdür. Sözünü deyir. Böyük futbol meydanındadır.
Azərbaycanın gücü ÇAĞDAŞ AZƏRBAYCAN GƏNCLİYİNDƏDİR.
Gənclik qürurumuzdur...
Gənclər elə Çağdaş Azərbaycanın özüdür.
Gənclər Çağdaş Azərbaycandır...