Son illərdə Azərbaycanın Avropa, türk dövlətləri ilə yanaşı, ərəb dünyası ilə də münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlətimizin başçısı İlham Əliyevin bu ölkələrə, həmçinin o ölkələrin liderlərinin Azərbaycana səfərlərinin dinamikliyi əlaqələrimizin yüksələn xətlə inkişafından xəbər verir. Ötən il Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi səfəri, eyni zamanda, dövlət başçısı İlham Əliyevin bu ölkəyə işgüzar səfəri oldu. Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi səfəri dost ölkənin Prezidentinin işğaldan azad edilmiş ərazimizdə, Füzuli Beynəlxalq Hava Limanında qarşılanması ilə yadda qaldı. Qarabağın tacı, diplomatik mərkəzə çevrilən Şuşa Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri Prezidentlərinin təkbətək və geniş tərkibdə görüşlərinə, sənədlərin imzalanmasına şahidlik etdi. İki ölkə arasında imzalanan sənədlər arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələrin gələcək inkişafında yol xəritəsi oldu.
İki ölkənin birgə səyləri nəticəsində Azərbaycan-BƏƏ əlaqələri bundan sonra da yüksələn xətlə inkişaf edəcək. Bu baxımdan dövlət başçısı İlham Əliyevin fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri özündə bütün məqamları ehtiva edir. Prezident İlham Əliyev səfər çərçivəsində Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan və Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam ilə görüşdü. Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin strateji tərəfdaşlığa əsaslandığı vurğulandı, ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə inkişafından məmnunluq ifadə olundu. Münasibətlərimizin genişlənməsində hər iki Prezidentin Azərbaycana və BƏƏ-yə qarşılıqlı səfərlərinin, görüşlərinin önəmi vurğulandı.

Azərbaycan ilə BƏƏ arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Ölkələrimiz arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf edib. Diplomatik əlaqələrin inkişafı, iki ölkə arasında münasibətlərin yeni istiqamətlər üzrə imkanların yaradılması 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri hər zaman yüksək səviyyəsi, dialoq mühitində inkişaf tempi ilə diqqət çəkir. Münasibətlərimizin çoxşaxəli və dinamik olması, açıq siyasi dialoq ölkələrimiz arasında enerji və iqtisadi sahələrdə də əlaqələrin inkişafına müsbət təsir göstərir.
Azərbaycan-BƏƏ əlaqələrinin inkişafında enerji sektorunun xüsusi payının olması şübhəsizdir. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən də yaşıl enerjinin önəmli təchizatçısına çevrilməyi planlaşdırır. O da məlumdur ki, iqlim diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirilən, dünyanı Bakıya toplayan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi barədə qərar da məhz BƏƏ-də qəbul edilmişdir. İki ölkə arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq yüksək səviyyədədir. 2022-ci ilin martında “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Xəzər regionunda və MDB məkanında ən böyük Günəş elektrik stansiyasının - Qaradağ Günəş Elektrik Stansiyasının təməli qoyuldu. 2023-cü ilin oktyabrında istifadəyə verilən Qaradağ Günəş Elektrik Stansiyasının açılış mərasimində çıxışı zamanı dost Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycanın əlaqələrinin yüksək səviyyəsini bir daha vurğulayan Prezident İlham Əliyev bildirdi ki, bizim ikitərəfli münasibətlərimiz çox yüksək səviyyədədir. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə uğurla əməkdaşlıq edirik. Ticarət əlaqələrimiz artır, turizm sahəsində çox böyük imkanlar var və şadam ki, bu sahədə də artım göz qabağındadır. Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında əlaqələrin böyük perspektivi var.
Ölkələrimiz arasında əlaqələrin inkişafında hüquqi baza olan sənədlərin imzalanması xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısı İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri zamanı da Prezidentlərin iştirakı ilə “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənəd imzalandı. Həmçinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət məktubu da imzalandı. Prezidentlərin görüşündə bu sənədlərin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına təkan verəcəyinə əminliklər ifadə edildi.
Sözügedən səfər çərçivəsində fevralın 3-də Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan iki ölkənin Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu-Dabidə keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izlədilər. Yaşayış məntəqəsi, dağlıq ərazi və dəniz mühitində keçirilən birgə təlimdə qanunsuz silahlı dəstələrin aşkarlanaraq zərərsizləşdirilməsi, ələ keçirilmiş gəmi üzərində nəzarətin bərpası, terrorçu ünsürlərin zərərsizləşdirilməsi və girovların azad edilməsi, yaralıların təxliyəsi, yaşayış məntəqəsində ictimai təhlükəsizliyə təhdid yaradan iğtişaş və sabotaj xarakterli fəaliyyətlərin qarşısının alınması, eləcə də yanğınsöndürmə fəaliyyətləri üzrə tapşırıqlar yerinə yetirildi. Təlimin əsas məqsədi ölkələrimizin hərbi kontingentinin antiterror əməliyyatları üzrə peşə bacarıqlarını təkmilləşdirmək, dayanıqlı sülhün təmin olunmasına töhfə vermək və qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır.
Səfər çərçivəsində Prezident İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü də diqqətdə oldu. Tərəflər ABŞ Prezidenti Donald Trampın ev sahibliyi və şahidliyi ilə baş tutan Vaşinqton Sülh Sammitinin nəticələrinin həyata keçirilməsi istiqamətində əldə olunan irəliləyişi alqışladı, Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli əsasda irəlilədilməsində müsbət dinamikanın qorunub saxlanmasının vacibliyini, hər iki cəmiyyətin sülhün faydalarına real həyatda şahid olduqlarını vurğuladılar. Onlar ikitərəfli ticarətin başlamasından və Azərbaycandan Ermənistana neft məhsullarının ixracının davam etməsindən, həmçinin üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsindən məmnun olduqlarını bildirdilər. Azərbaycan ilə Ermənistan arasında əlaqələrin inkişafında etimad mühitinin möhkəmləndirilməsi əsas prioritetlər sırasındadır. Görüşdə tərəflər vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini alqışlayaraq etimad quruculuğu tədbirlərinin genişləndirilməsinin zəruriliyi, ikitərəfli normallaşma prosesinə dəstək məqsədilə təmasları davam etdirmək barədə razılığa gəldilər.
Azərbaycan hər zaman sülh, əməkdaşlıq, birlik, təhlükəsizlik çağırışları ilə diqqətdədir. Azərbaycan qütbləşən dünyada yeni əməkdaşlıq formatlarının yaradılmasına çağırışlar edərək birliyin, həmrəyliyin yaradılmasına çalışır. Ölkəmiz addım-addım tarixi sülh razılaşmasına nail oldu. Onu da qeyd edək ki, ötən ilin iyulunda dövlət başçısı İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində də Azərbaycan və Ermənistan liderləri Əbu-Dabi şəhərində bir araya gəlmişdilər. Həmin görüş regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə doğru atılmış addım kimi dəyərləndirildi. Görüşün konstruktiv, qarşılıqlı anlaşma mühitində keçməsi bir daha təsdiqlədi ki, hər iki tərəf real nəticələrin əldə edilməsində maraqlıdır. Bu səfərin ardınca dövlət başçısı İlham Əliyevin avqustun 8-də ABŞ-a reallaşdırdığı işgüzar səfər tarixi sülh razılaşması ilə yadda qaldı. Ümumiyyətlə, regionda sülhə, sabitliyə aparan yolun xəritəsinin məhz Azərbaycan tərəfindən tərtib edilməsi ədalətə və beynəlxalq hüquqa söykənən siyasətimizin, daim haqqın tərəfində olduğumuzun təqdimatıdır. Azərbaycan hər zaman sülhə hazırdır və bunu sözdə deyil, əməldə təsdiqləyir.
Vüqar Rəhimzadə
Milli Məclisin deputatı