Milli Məclisdə müzakirə olunan Vergi Məcəlləsinə dəyişikliyə əsasən, Azərbaycan vətəndaşlarına elektron ticarət yolu ilə xidmət göstərən qeyri-rezidentlərin illik dövriyyəsi 10 000 ABŞ dollarını keçərsə, onlar 30 gün ərzində elektron qaydada vergi uçotuna alınmalıdırlar.
İllik dövriyyəsi 10 000 dollardan az olan qeyri-rezidentlər üçün uçota alınma könüllüdür.
Qanun elektron ticarət fəaliyyətinə şamil edilir. Dəyişikliklər qəbul ediləcəyi təqdirdə, Temu və Trendyol, Shein, Alibaba və s. bu kimi platformalarda satılan məhsulların qiymətlərində artım müşahidə oluna bilər. Belə ki, qanun qəbul olunarsa, bu elektron ticarət platformaları vergi uçotuna alınacaq, ƏDV qeydiyyatı aparacaq, elektron bəyannamə təqdim edəcək və ƏDV-ni özü hesablayıb ödəyəcək.
Lakin məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn, mühəndislik, onlayn tədris və təlim xidmətləri, eləcə də mədəni, idman və əyləncə tədbirlərinə onlayn bilet satışı bu tənzimləməyə daxil edilmir. Qeyri-rezidentlərin vergi uçotu, ƏDV qeydiyyatı, bəyannamə təqdimatı və ƏDV-nin ödənilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Dəyişikliklə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin üzvü Azər Badamov bildirib ki, sözügedən fəaliyyətlə məşğul olan şəxslərə əmək məcəlləsinin bütünlükdə real deyil:
“Bunun üçün ticarətçi şəxs başqa şəxslərlə edən işçi-işəgötürən münasibətləri fonunda əmək müqaviləsi bağlamalıdır. Yalnız bu zaman pensiya fonduna pul köçürməsi və digər başqa sosial təminat ödənişləri aparıla bilər. Bura dövlət sosial sığortası və icbari tibbi sığorta da daxildir. Amma işçi götürmədən şəxs özü elektron ticarəti həyata keçirirsə, Əmək Məcəlləsinin tələbləri burda tətbiq olunmur. Ona görə də şəxs ancaq vergi ödəməklə kifayətlənmiş olur. Belə olan halda şəxsin özü 16 manat İcbari Tibbi Sığorta ödəməklə tibbi xidmətlərdən yararlana bilər”.
Deputat qeyd edib ki, istənilən vətəndaş özəl pensiya fonduna ödəniş etməklə təqaüd təminatına da zəmin yarada bilər:
“Amma elektron ticarət edən şəxs fərdi sahibkar kimi qeydiyyatdan keçibsə, vergilərlə yanaşı digər nəzərdə tutulan ödənişlərin edilməsinə məcburdur. Nəzarət edilmədən dövriyyə müəyyən olunmuş həddi keçə və vətəndaş cərimələrlə üzləşə bilər. Onlayn ticarətçinin illik dövriyyəsi 10 000 dolları keçmədiyi halqa onun könüllü vergi ödəməsi bunun qarşısını alacaq”, - deyə Azər Badamov əlavə edib.