Türkiyənin Kahramanmaraş şəhərində inşa edilən “Azərbaycan” məhəlləsinin baş planı üzrə 7, 8, 11 və 12-ci kvartallarının tikintisi tamamlanıb. 26 yaşayış binasının yerləşdiyi bu kvartallarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib. “Azərbaycan” məhəlləsi – Azərbaycan və Türkiyə arasında sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin təzahürüdür.
Modern.az xəbər verir ki, bunu Kahramanmaraşda AzərTac-a MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı bildirib.
O qeyd edib ki, 2023-cü ilin fevral ayında qardaş ölkə Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, qardaş Türkiyədə ağır faciənin fəsadlarının aradan qaldırılması üçün axtarış-xilasetmə əməliyyatlarının təşkili və zərərçəkmiş şəxslərə humanitar yardım göstərilməsi məqsədilə həm aidiyyəti dövlət qurumları, həm də Azərbaycan xalqı tam gücü ilə səfərbər olub.
Həmçinin zəlzələdən zərər çəkmiş əhalinin təcili sığınacaqla təmin edilməsi məqsədilə o dövrdə çadırlar və konteyner tipli mobil evlər də göndərilib.
“Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycan hökuməti zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində yeni yaşayış məhəlləsinin tikintisinə dəstək verib. Belə ki, zəlzələdən sonra bölgədə sürətlə davam edən bərpa və quruculuq işlərində Türkiyəyə dəstək göstərilməsi məqsədilə Azərbaycan tərəfindən yardım ayrılıb. Türkiyə hökumətinin dəstəyi ilə layihə ərazisi “Azərbaycan Məhəlləsi” adlandırılıb. Azərbaycan Respublikasının icraçı qurumu qismində Mənzil İnşaatı Dövlət Agentliyi fəaliyyət göstərir", - deyə F.Qurbanlı bildirib.
Onun sözlərinə görə, məhəllənin ümumi sahəsi 27.6 hektar təşkil edir. Layihəyə əsasən məhəllə yaşayış binaları, ibtidai məktəb və uşaq bağçası, mədəniyyət mərkəzindən ibarətdir. Yaşayış məhəlləsində 2, 3 və 4 otaqlı ümumilikdə 1194 mənzildən ibarət 68 yaşayış binası inşa olunub.
Eyni zamanda, həmin ərazidə məskunlaşacaq sakinlərin iş yerləri ilə təmin olunması məqsədilə yaşayış binalarında 1595 qeyri-yaşayış obyekti istifadəyə veriləcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2025-ci il iyun ayının 19-da Azərbaycan məhəlləsinin açılış mərasiminin keçirildiyini, bir sıra mənzillərin açarlarının sahiblərinə təqdim olunduğunu xatırladan F.Qurbanlı dövlət başçılarının mənzillərlə, eləcə də Heydər Əliyev adına ibtidai məktəb və uşaq bağçasında yaradılan şəraitlə tanış olduqlarını ifadə edib.
Aparat rəhbəri “Azərbaycan” məhəlləsində yerləşən mədəniyyət mərkəzinin tikinti işlərinin də bir il ərzində tamamlanmasının nəzərdə tutulduğunu bildirib.