Prezident İlham Əliyev hələ Vətən müharibəsindən əvvəl dəfələrlə bəyan etmişdir ki, Xocalı soyqırımı da daxil olmaqla, Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətlərin icraçıları və təşkilatçıları mütləq şəkildə ədalət mühakiməsinə cəlb olunacaq, günahsız qurbanların qanı yerdə qalmayacaqdır. Bu qətiyyətli mövqe dövlət siyasətinin əsas prioritetlərindən biri olmuş və bu gün praktiki nəticəsini tapmışdır.
Azərbaycan Respublikası ərazi bütövlüyünü və suverenliyini hərbi və siyasi vasitələrlə təmin etdikdən, sülhə xidmət edən yeni reallıqların beynəlxalq diplomatik müstəvidə təsdiqinə nail olduqdan sonra hüquqi müstəvidə – məhkəmə çərçivəsində ədalətin bərpası istiqamətində mühüm addımlar atmışdır.Belə ki, Azərbaycan xalqına qarşı insanlıq əleyhinə və müharibə cinayətləri törətməkdə ittiham olunan şəxslərin ədalət mühakiməsi qarşısına çıxarılmasını təmin etmişdir. Bu, dövlətimizin ədalətin bərpası istiqamətində ardıcıl və prinsipial siyasətinin real nəticəsidir.
Azərbaycan dünyada çox az saylı ölkələrdəndir ki, bütün siyasi və informasiya təzyiqlərinə baxmayaraq, müharibə cinayətlərində təqsirləndirilən şəxslərin məhkəmə qarşısına çıxarılması ilə ölkəmiz göstərmişdir ki, ədalət yalnız hərbi qələbə ilə deyil, hüquqi müstəvidə də təmin olunmalıdır.
Eyni yanaşma Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunalın (ICTY) fəaliyyətində də tətbiq olunub. Bosniya müharibəsi zamanı Srebrenitsa soyqırımına görə mühakimə edilən şəxslər əhalinin məhv edilməsi, məcburi köçürmə, işgəncə və müharibə qanunlarının pozulmasına görə məsuliyyətə cəlb ediliblər. Tribunal bu cinayətləri beynəlxalq humanitar hüququn kobud pozuntusu kimi qiymətləndirib. Ruanda üzrə Beynəlxalq Tribunal isə terror xarakterli zorakılıq, soyqırımı və mülki əhaliyə qarşı sistemli hücumların dövlət siyasətinin tərkib hissəsi kimi həyata keçirildiyi hallarda cinayət məsuliyyətinin qaçılmaz olduğunu təsdiqlədi. Burada da təşkilatlanmış silahlı qrupların yaradılması və maliyyələşdirilməsi ayrıca ağırlaşdırıcı hal kimi qiymətləndirildi.
Bakıda baş tutan məhkəmə prosesi ilə bağlı Azərbaycan Respublikasına qarşı xaricdən ayrı-ayrı dairələr bu prosesə təsir göstərməyə və ədalətin bərqərar olmasına mane olmağa cəhd etmişdir. Lakin Prezident İlham Əliyevin prinsipial mövqeyi və siyasi iradəsi bu təzyiqlərin heç birinin nəticə verməməsini təmin etmişdir. Nəticədə hər hansı kənat müdaxilə olmadan Bakı Hərbi Məhkəməsində tam obyektiv şəraitdə işini ədalətli hökmün elanı ilə yekunlaşdırmışdır.
İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insanlıq əleyhinə və müharibə cinayətləri, terrorçuluq, soyqırımı, təcavüzkar müharibənin aparılması, mülki əhaliyə qarşı ağır zorakılıq əməlləri, habelə dövlətin konstitusiya quruluşuna qarşı yönəlmiş cinayətlərə dair maddələri ilə ittiham olundular. Onlara qarşı irəli sürülən ittihamlar arasında soyqırımı, əhalinin məhvi və məcburi köçürülməsi, işgəncə, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi, muzdlu döyüşçülərin cəlb edilməsi, müharibə qanun və adətlərinin, eləcə də beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulması xüsusi yer tutur.
İnsanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxslərin ədalət mühakiməsinə cəlb edilməsi ədalətin təntənəsi olmaqla yanaşı, münaqişə və müharibələrin ədalətli və davamlı həlli üçün nümunəvi modeldir. Dünya təcrübəsi göstərir ki, münaqişələrin natamam həlli və müharibə cinayətkarlarının cəzasız qalması gələcəkdə yeni gərginliklərə və münaqişələrə zəmin yaradır.
Keçmiş Yuqoslaviya münaqişəsindən sonra müharibə cinayətkarlarının bir qisminin məhkəmə qarşısına çıxarılması beynəlxalq ictimaiyyətin birgə səyləri nəticəsində mümkün olmuşdur. Azərbaycan isə bu istiqamətdə milli hüquq mexanizmlərinə əsaslanaraq, müstəqil və qətiyyətli mövqe nümayiş etdirmişdir.
Məhkəmə prosesində səsləndirilən ifadələr və təqdim olunan faktlar bir daha təsdiq etmişdir ki, Ermənistan hakimiyyəti Azərbaycan xalqına qarşı törədilmiş insanlıq əleyhinə və müharibə cinayətlərində həmiştirakçı olmuş və bu cinayətlərə görə Ermənistan dövləti məsuliyyət daşıdığı bir daha aydın olmuşdur. Eyni zamanda hüquqi dəlillərlə sübut edilmişdir ki, Ermənistan işğalçılıq siyasətini gizlətmək məqsədilə Qarabağ ərazisində qondarma rejim yaratmış, həmin rejimin rəhbər şəxsləri isə Ermənistan dövlətinin işğalçılıq, təcavüzkar müharibə siyasətinin əsas icraçılarından olmuşdur. İkinci Dünya Müharibəsindən sonra qurulan Nürnberq Tribunalı zamanı nasist Almaniyasının siyasi və hərbi rəhbərləri məhz təcavüzkar müharibənin planlaşdırılması və aparılmasına, mülki əhaliyə qarşı kütləvi zorakılıq aktlarına görə mühakimə olunmuşdular. Bu presedent göstərdi ki, hər hansı siyasi status bu cür cinayətlərə görə məsuliyyətdən azad etmir.
Azərbaycan Respublikası bundan sonra da beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq, müharibə və insanlıq əleyhinə cinayətlərin ifşası, günahkarların məsuliyyətə cəlb edilməsi və ədalətin təmin olunması istiqamətində ardıcıl siyasətini davam etdirəcəkdir.
Rizvan Nəbiyev
Milli Məclisin deputatı,
Siyasi elmlər doktoru