Modern.az

Asiman Həsənov -  İnsultla mübarizədə ixtisaslaşmış mərkəzlər çox vacibdir 

Asiman Həsənov -  İnsultla mübarizədə ixtisaslaşmış mərkəzlər çox vacibdir 

Ölkə

6 Fevral 2026, 15:19

Son dövrlər insult və infarkt kimi ağır diaqnozların “cavanlaşması” həm həkimləri, həm də cəmiyyəti narahat edir. Paradoks odur ki, bir tərəfdən tibbin imkanları genişlənir, erkən diaqnostika və müalicə üsulları inkişaf edir, o biri tərəfdən isə sistemdə və pasiyent davranışlarında həllini gözləyən problemlər qalmaqda davam edir.

Ötən gün Bakı Sağlamlıq Mərkəzində keçirilən İnsult və Üzrə Beynəlxalq Multidissiplinar Elmi-Praktiki Konfransda da bu məsələlər geniş müzakirə olundu. Həm xarici, həm də yerli mütəxəssislərin çıxışlarından sonra bir qənaətə gəldik. Əslin də isə bu, hamımızın bildiyi məqamdır. Bütün həkimlərdən öncə insan özü özünün həkimi olmalıdır.

Konkretləşdirsək, hər bir insan sağlamlığının keşiyində durmalı, qarşıya çıxan məsələlərlə bağlı zamanında qabaqlayıcı addımlar atmalıdır.

Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru azərbaycanlı alim, ümumi cərrah, Asiman Həsənov insult və infarkt kimi xəstəliklərin daha cavan yaşlarda müşahidə olunması və bunun səbəbləri barədə Modern.az-a açıqlama verib.

A.Həsənov təsdiqlədi ki, günümüzdə təcili tibbi müdaxilə və xidmət tələb edən ən ciddi xəstəliklərdən biri də insultdur:

“İnsult ürək-damar xəstəlikləri arasında miyokard infarktından sonra ölüm və ağırlaşma göstəricilərinə görə ön sıralarda yer alır. Eyni zamanda, insultdan sonra yaranan qalıcı nevroloji pozuntuların və ağırlaşma hallarının sayı da kifayət qədər yüksəkdir. İnsultun əsasən hemorragik və işemik insult növləri mövcuddur. Bu xəstəliklərin cəmiyyət üçün qısaca izahını belə vermək olar.

Hemorragik insult damar divarının zədələnməsi və ya partlaması nəticəsində qanın beyin toxumaları arasına sızması ilə xarakterizə olunur. Bu, insult hallarının təxminən 15-20 faizini təşkil edir. Ən geniş yayılmış formalardan biri də işemik insultdur. Bu zaman beyni qidalandıran orta və ya kiçik kalibrli damarların tutulması və ya tromblaşması nəticəsində həmin nahiyədə beyin toxumasının qanla təminatı və qidalanması pozulur. İşemiya inkişaf edir və son nəticədə beyin toxumasının hissəvi infarktı baş verir. Dünyada insultla mübarizədə həlli çox çətin olan müalicə metod və istiqamətlərindən biri insult mərkəzlərinin qurulmasıdır. Məhz bu səbəbdən inkişaf etmiş ölkələrdə insult mərkəzləri xüsusi planlama ilə yerləşdirilir ki, xəstənin zamanında xəstəxanaya çatdırılması təmin edilsin”.

Həmsöhbətimiz qeyd etdi ki, əhalinin maarifləndirilməsi bu prosesin ən vacib mərhələlərindən biridi:

“İnsulta bənzər simptomlar zamanı “heç nə olmaz”, “bir az dincəlsin” kimi yanaşmalar yolverilməzdir. Belə hallarda dərhal təcili yardım çağırılmalı və ya xəstə yaxınlıqdakı xəstəxanaya çatdırılmalıdır. Bir daha vurğulamaq istərdim ki, bu istiqamətdə maarifləndirmə işlərinin aparılması prioritetlər təşkil edir. İnsultun diaqnostika və müalicəsi tək bir həkimin və ya şöbənin işi deyil. Prosesə təcili yardım xidməti, qəbul və təcili şöbə, radioloji diaqnostika, nevrologiya, reanimasiya, invaziv radiologiya və sonrakı reabilitasiya mərhələləri daxil olmaqla multidisiplinar komanda cəlb olunur.

İlkin mərhələdə insultun növü dəqiq müəyyənləşdirilməlidir. İşemik insult zamanı trombolizis və ya trombektomiya tətbiq oluna bilər. Hemorragik insultlarda isə dinamik müşahidə, zəruri hallarda trepanasiya və hematomanın xaric edilməsi icra olunur. Müalicənin effektivliyi bu tədbirlər vaxtında görüldüyü hallarda insultun lokalizasiyasından, diametr və ölçüsündən, eləcə  də prosesin baş verməsindən nə qədər müddətin keçməsindən birbaşa asılıdır”.

Baş direktorun sözlərinə görə, inkişaf etmiş ölkələrdə insultdan sonrakı ölüm halları xeyli aşağı salınıb:

“Ölüm halları ilə yanaşı, insultdan sonra xəstələrdə koma, yataq xəstəliyi, bəzi fizioloji udqunma pozuntuları, sidik-ifraz problemləri və tənəffüs çətinlikləri yarana bilər. Bütün bu hallar xəstənin həyat keyfiyyətini kəskin şəkildə azaldır, iş qabiliyyətini pozur, əlilliyə qədər gətirib çıxara bilər. Bundan əlavə, xəstəxanada və ya ev şəraitində ən yaxşı qulluq tələb edir. Bu da  xəstəxanalarda yataqların doluluğunu artırır, ailə üzvləri üçün əlavə sosial və psixoloji yük yaradır. Nəticədə səhiyyə sisteminin xərclərinin artmasına səbəb olur.

Bakı Sağlamlıq Mərkəzi fəaliyyət göstərdiyi illər ərzində yüzlərlə insult xəstəsi mərkəzə müraciət edib. Onların arasında vaxtında, gecikmiş mərhələdə müraciət edənlər olub. Birmənalı şəkildə bilmək lazımdır ki, gecikmiş müraciətlər zamanı müalicənin effektivliyi azalır və tam sağalma göstəriciləri də aşağı səviyyədə olur.

Bununla belə, istər işemik, istərsə də hemorragik insult keçirmiş bir çox xəstədə müsbət və effektiv nəticələr də əldə olunub. Bir sıra hallarda xəstələr heç bir funksional pozuntu qalmadan - danışıq, udma, yaddaş, əzələ və sinir defisitləri olmadan tam sağalaraq evlərinə, işlərinə və normal həyatlarına qayıdıblar. Bu baxımdan insult mərkəzlərinin mövcudluğu səhiyyə sisteminin keyfiyyət göstəricilərindən biri kimi Ümumdünya Səhiyyə Təşkilatı və beynəlxalq qurumlar tərəfindən xüsusi diqqətdə saxlanılır”.

A.Həsənov müasir tibbin imkanları fonunda insult və infarktın erkən diaqnostikası və qarşısının alınmasının hansı səviyyədə olmasına da toxunub:

“İnsult və infarkt, hər ikisi orqanı qidalandıran damarların zədələnməsi və ya tıxanması ilə əlaqəli hadisələrdir. Hemorragik insult zamanı isə damar divarının zədələnməsi nəticəsində qan damar xaricinə çıxaraq beyin toxumalarına sızır. Bütün bunların diaqnostik müalicəsi vacib məsələlərdəndir. İnkişaf etməkdə olan ölkələrin əksər faizində də adətən ilkin olaraq kardioloji mərkəzlər daha çox fəaliyyət göstərir. Ölkəmizdə kardioloji xidmətlər - ürək-cərrahiyyə mərkəzləri, diaqnostik mərkəzlər, ən son texnoloji avadanlıqlarla işləmək vərdişlərinə malik kardioloqlar daha geniş inkişaf edib. İnsultla bağlı xidmətlərin təşkilində mövcud vəziyyət isə hələlik istədiyimiz səviyyədə deyil. Bunun əsas səbəbi isə insultun multidisiplinar və koordinasiyalı yanaşma tələb etməsidir. İstər təcili yardım xidmətinin, xəstəxənaların qəbul və təcili yardım şöbələrinin, istər diaqnostik şöbələri və nevrologiya, insult mərkəzlərinin, invaziv radiologiya, intensiv terapiya şöbələrinin, müalicədən sonrakı reabilitasiya şöbələrinin kolegial şəkildə bir-biriylə koordinasiyalı şəkildə çalışması mütləqdir. Bu məsələ ilə bağlı ölkəmizdə son illərdə müəyyən aktivləşmələr də müşahidə edilir”.

Asiman Həsənov Azərbaycanda səhiyyə sahəsində ciddi irəliləyişlərin əldə olunduğunu önə çəkərək, bu sahənin daim ölkə rəhbərliyinin diqqətdə olduğunu deyib:

“Azərbaycanda bütün sahələrdə olduğu kimi səhiyyə sistemində də ciddi inkişaf göz önündədir. Bu, istər texniki imkanların artırılması, səhiyyə xidmətlərinin yaxşılaşdırılması, istərsə də kadr potensialının gücləndirilməsi baxımından özünü göstərir. Odur ki, əminliklə deyə bilərik ki, Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin səhiyyə siyasəti öz bəhrəsini verir.  

Məhz bu siyasətin tərkib hissəsi olaraq 2021-ci ildə Səhiyyə naziri cənab Teymur Musayevin təşəbbüsü ilə Bakı Sağlamlıq Mərkəzində İnsult Mərkəzi yaradıldı. Qısa müddət ərzində mərkəzin maddi-texniki bazası formalaşdırıldı. Kadr heyəti, həkimlər və orta tibbi personalı Türkiyə və Avropa ölkələrində praktik təlimlər keçdi, eyni zamanda elmi konfranslarda iştirak etdilər.

Bundan əlavə, ölkə xaricində olan həmyerlimiz Danimarka Universitetinin professoru Məsud Aşina və onunla birgə Gürcüstanda insult layihəsinin qurucusu Zaza Katsaravanın konsultantlığı ilə Bakı Sağlamlıq Mərkəzində bu işlər aktiv şəkildə görülür.

Səhiyyə Nazirliyinin təşəbbüsü ilə maddi-texniki bazanın təkmilləşdirilməsi ilə bağlı ciddi addımlar gücləndirilib. Mərkəzin iş prinsipi və hüquqi bazasının formalaşdırılması istiqamətində də mühüm işlər görülüb.

Əsas məsələlərdən biri də Səhiyyə Nazirliyi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasında aparılan müzakirələr çərçivəsində beynəlxalq standartlara cavab verən tibbi xidmətlərin təşkili məqsədilə paket xidmət zərflərinin formalaşdırılması istiqamətində görülən işlərdir. Ümid edirik ki, yaxın vaxtlarda vətəndaşlar icbari tibbi sığorta xətti ilə bu xidmətlərdən də yararlana biləcəklər. Bununla yanaşı, hesab edirəm ki, ölkə ərazisində insult mərkəzlərinin yaradılması , onların biri-biri ilə koordinasiyalı şəkildə fəaliyyət göstərməsi çox vacibdir. Bu mərkəzlərin vahid bazadan idarə olunması və vahid protokollar əsasında çalışması göstəriləcək xidmətlərin daha keyfiyyətli və operativ şəkildə həyata keçirilməsinə imkan yaradacaq”.

Bakı Sağlamlıq Mərkəzində keçirilən İnsult və Üzrə Beynəlxalq Multidissiplinar Elmi-Praktiki Konfransın əhəmiyyətinə gəlincə müsahibimiz deyib ki, məsələyə bir neçə aspektən baxmaq lazımdır:

“İlk növbədə təcrübələrin bölüşdürülməsi, dünyada səviyyəsində yeni  ixtira və yanaşmaların öyrənilməsi, qarşılıqlı mübadilə baxımından belə toplantılar çox vacibdir. Gənc mütəxəssislərin hazırlanması, konfransın gündəliyində olan məsələlərin cəmiyyətdə maarifləndirici rol oynaması da tədbirin əhəmiyyətinin göstəricisidir.

Adətən belə konfranslardan sonra yeni ideya və təkliflər də ortaya çıxır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putinin generalı GÜLLƏLƏNDİ - Rusiyada ara qarışır