Bakı şəhərində ictimai yerlərdə sanitar qovşaqların azlığı əhalidə narazılıq yaradan faktdır. Əsasən, parklarda, yeraltı keçid məntəqələrində, istənilən ictimai nəqliyyat dayanacaqlarının yaxınlığında, ümumiyyətlə, əhalinin sıx olduğu ictimai məkanlarda sanitar qovşaq yerləşdirmək birmənalı qaydadır.
Bakıda bu xidmət sahəsi qismən bölgülüdür. Bakı Beynəlxalq Avtovağzalı, Dənizkənarı Bulvar İdarəsi ərazisində olan qovşaqlara cavabdeh olsa da, əsas cavabdehlik Bakı Şəhəri İcra Hakimiyyəti üzərindədir.
Modern.az-ın sorğusuna cavab olaraq Dənizkənarı Bulvar İdarəsindən bildirilib ki, təşkilatın balansında ümumilikdə 15 sanitar qovşaq fəaliyyət göstərir.
“Bu sanitar qovşaqlar bulvar ərazisinin əlverişli olan müxtəlif hissələrində yerləşdirilib.
Mövcud sanitar qovşaqların sayı ərazinin ölçüsü və gündəlik ziyarətçi axını nəzərə alınmaqla müəyyən edildilib. Onların azlığı ilə bağlı indiyədək İdarəyə hər hansı müraciət daxil olmayıb. Milli park ərazisində ictimai xidmət sahələrinin fəaliyyəti insan sıxlığının artdığı dövrlər, xüsusilə bayram günləri nəzərə alınmaqla tənzimlənir və bu zaman iş rejimi gücləndirilmiş formada təşkil olunur. Mövcud qovşaqların istismar vəziyyəti nəzarətdə saxlanılır”.
İdarədən bildirilib ki, istismar müddətindən asılı olaraq sanitar qovşaqlar zərurət yarandıqca təmir olunur.
Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) isə bildirilib ki, sözügedən istiqamətdə Avtovağzal daxilində xidmət mövcuddur və təşkilatın nəzarəti altındadır:
“Kompleks daxilində sərnişin sıxlığının daha çox müşahidə olunduğu 1, 2 və 3-cü mərtəbələrdə müasir standartlara cavab verən sanitar qovşaqlar fəaliyyət göstərir. Sanitar qovşaqlarda təmizlik-gigiyena normalarına əməl edilməsi, habelə müvafiq texniki strukturun kəsintisiz işləməsinə nəzarət müqavilə əsasında icarədarlar tərəfindən həyata keçirilir. Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə sanitar qovşaqların texniki vəziyyəti və təmizliyi gündəlik yoxlanılır.
Bakı Metropoliteni QSC-dən saytımıza bildirilib ki, stansiya daxilində sərnişinlər üçün sanitar qovşaq yaradılması nəzərdə tutulmayıb:
“Bakı metropoliteninin stansiyalarının layihələndirilməsi və inşaatı dövründə sərnişinlər üçün sanitar qovşaqların yerləşdirilməsi nəzərdə tutulmayıb. Həmçinin bildiririk ki, təhlükəsizlik tələblərinə uyğun olaraq metropolitenin mövcud stansiyalarında sərnişinlərin ümumi istifadəsi üçün sanitar qovşaqların istifadəyə verilməsi hazırda uyğun hesab edilmir”.
Qeyd edək ki, bu sahəyə əsas cavabdeh olan qurum - Bakı Şəhəri İcra Hakimiyyəti telefon zənglərimizə cavab verməyib.