Azərbaycanda icazəsiz ovçuluqla mübarizə aparılır. Məqsəd ölkədə fauna mühitini qorumaq və artırmaqdır.
Ekologiya və Təbii sərvətlər Nazirliyinin təsdiq etdiyi "Qırmızı Kitab"da qeyd olunan heyvan və quşları ovlamaq məsuliyyət yaradır.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 258‑ci maddəsi qanunsuz ova görə cinayət məsuliyyətini təsbit edir.
Qadağan olunan heyvanların ovlanması ilə yanaşı, Məcəlləyə əsasən müəyyən olunub ki, lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan edilmiş vaxtda, qadağan edilmiş alət və üsullarla ov etmə və bununla xeyli miqdarda ziyan vurma halları cinayət məsuliyyəti yaradır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, 2026-cı ilin ötən dövrü ərzində ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Nazirliyin aidiyyəti qurumları nəzarət tədbirlərini davam etdirib:
“Nəticədə qanunsuz ov edən 34 nəfər saxlanılıb və barələrində qanunamüvafiq tədbirlər görülüb. Qanunsuz ov faktları ilə bağlı, ümumilikdə 34 046 manat məbləğində cərimə tətbiq olunub”.
Qeyd edək ki, cərimə sanksiyasına müvafiq olaraq ceyran ovlayan şəxs 5 000–6 000 manat, ayı ovlayanlar 4 000–5 000 manat, canavar ovlayanlar 2 000–2 500 manat, qırqovul ovlayanlar 1 000–1 200 manat cərimə edilirlər
Nəsli kəsilməkdə olan və "Qırmızı Kitab"a düşən heyvanları ovlayan şəxslər isə 6 000–10 000 manat aralığında cərimə ilə yanaşı, cinayət məsuliyyətinə də cəlb olunurlar.