Bakı və Abşeron rayonunda satılan mənzillərdə çoxmərtəbəli bina evlərinin satışında intensivlik davam edir. Kredit şərtləri ilə satış baha olsa da, düzgün sənədləşmə, kommunal təminat və digər zəruri hallar ödənilməsi bu mənzilləri bazarda önə çəkir. Bəzi fərdi yaşayış evlərində isə çıxarışın olmaması qiymətə əhəmiyyətli təsir edir.
Əmlak eksperti Elnur Fərzəliyev Modern.az-a açıqlamasında bildirib ki, hər hansı əmlakın bazar dəyəri qiymətləndirilərkən ilk növbədə əmlakın yerləşdiyi torpağın bazar dəyəri nəzərə alınır. Bu ərazidən asılı olaraq fərqli məbləğ ola bilər.
Bakıətrafı ərazilərdə hazırda ən baha torpaq sahəsi Xırdalandadır. Xırdalanda çıxarışlı torpaq sahələrinin qiyməti 20 min manatdan 50 min manatadək dəyişir.
Ekspert qeyd edib ki, mənzil tikintisi üçün xərclər 1 kvadrat metrə, təxminən 600-1000 manatadək hesablanır. Bu, hər yerdə standart qiymət aralığı olaraq tətbiq edilir:
"Hal-hazırda ucuz evlər çıxarışı olmayan fərdi yaşayış evləridir. Faktiki olaraq Bakı və Abşeron ərazisində çıxarışı olmayan fərdi yaşayış evləri var. Çıxarışın olmaması torpağın qiymətini 50%-ə qədər uçuzlaşdırır. Rəsmi alqı-satqı mümkün olmadığı üçün bu kateqoriyaya aid olan mülklər etibarnamə əsasında alınıb-satılır. Riskli prosesə görə qiymət də aşağı məbləğdə müəyyən olunur. Bu tip torpaq sahələri yüz ildən artıqdır ki, yaşayış yerləri kimi olsa da, sənədləşməsi mümkün deyil".
Ekspert bu tip ərazilərə neft yataqları ərazilərini, yüksək gərginlikli elektrik xətlərinin keçdiyi əraziləri və təhlükəsizlik zonalarını, dəmiryol xətlərinə yaxın hissələri, təsərrüfat təyinatlı torpaqları və s. aid edib. Bakı və Abşeronda yüz minlərlə belə əmlak var".
Elnur Fərzəliyev qeyd edib ki, rayon icra hakimiyyətlərinin, bələdiyyələrin sərəncamları, bağlar idarəsinin sənədləri yaşayış evinin tikilməsi üçün həlledici sənəd deyil:
"Yaranmış vəziyyətə uyğun olaraq amnitsiya tətbiq olunmalıdır. Nəticədə bu qədər tikilmiş çox sayda ev çıxarışla təmin olunar. Xarici ölkələrdə bu təcrübə var. Ötən il də Gürcüstanda tətbiq olundu. Digər tərəfdən, tam sənədləşmə imkan verəcək ki, dövlət qanuna müvafiq şəkildə torpaq və əmlak vergisi tətbiq edə bilsin. Əmlakın müvafiq sənədlərinin olmaması miras və digər bölgüləri də çətinləşdirir".
Ekspert vurğulayıb ki, baha olan ərazilər paytaxtın mərkəz hissələri, Badamdar, “Varovski” deyilən ərazi, Teymur Əliyev, Məmməd Araz və s. küçələridir. Mərkəz ərazilərdə mənzillərin 1 kvadrat metr sahəsi 4000-7000 manat aralığındadır:
"Mənzil bazarında ucuzlaşma mərkəz və mərkəzə yaxın ərazilərdə yerləşən çoxmərtəbəli binalarda sahəsi, otaq sayı çox olan mənzillərdə müşahidə olunur. Bunun səbəbi sahəsinə görə qiymətinin baha olmasıdır. Alıcı daha az xərc üçün kiçik sahəli mənzillərə üstünlük verir. Dəyəri bir milyondan baha olan müklərin alıcılıq qabiliyyəti çox aşağıdır. Bununla belə, fərdi yaşayış evləri ilə müqayisədə çox mərtəbəli bina mənzillərinə tələbat daha çoxdur. Son 4-5 ilin statistikasına əsasən satılan çıxarışlı əmlakların 60%-dən yuxarı hissəsi müxtəlif kredit şərtləri ilə satılan evlərdir. Daha dəqiq desək, ipoteka şərtləri ilə alınan mənzillər üstünlük təşkil edir".