Modern.az

Bakıda İran-Azərbaycan Dövlət Komissiyasının növbəti iclası keçiriləcək

Bakıda İran-Azərbaycan Dövlət Komissiyasının növbəti iclası keçiriləcək

Ölkə

10 Fevral 2026, 20:19

Azərbaycan–İran münasibətləri qarşılıqlı hörmət, suverenlik və ərazi bütövlüyünə hörmət, eləcə də qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında inkişaf etməkdədir. 

Modern.az xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev İranın milli bayramı- İslam İnqilabının zəfəri münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

“Bu əlaqələrin formalaşmasında və dinamik inkişafında hər iki ölkə prezidentinin nümayiş etdirdiyi siyasi iradə həlledici rol oynayır. Son illərdə yüksək səviyyəli qarşılıqlı səfərlər, dövlət başçıları arasında aparılan mütəmadi və səmərəli dialoq ikitərəfli münasibətlərin dərinləşməsinə, əməkdaşlıq gündəliyinin genişlənməsinə mühüm təkan vermişdir.

Bu baxımdan ötən ilin aprel ayında İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri xüsusi əhəmiyyət kəsb edir. Sözügedən səfər ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoymuş, səfər çərçivəsində imzalanan sənədlər və əldə olunmuş razılaşmalar əməkdaşlığımızı daha da möhkəmləndirmişdir. Bu razılaşmalar qarşılıqlı maraq doğuran sahələrdə praktiki əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli imkanlar yaratmışdır.

Azərbaycan və İran beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində də sıx əməkdaşlıq edirlər. Bu kontekstdə ötən ilin iyul ayında İran Prezidentinin İƏT-in Frankeni şəhərində keçirilmiş VII İqtisadi Zirvə Görüşündə iştirakı və tədbir çərçivəsində Azərbaycan Prezidenti ilə keçirdiyi görüş mühüm əhəmiyyət daşıyır. Həmin görüş zamanı həm ikitərəfli Azərbaycan–İran münasibətləri, həm də İƏT çərçivəsində iqtisadi əməkdaşlıq məsələləri ətraflı müzakirə edilmişdir.

Yüksək səviyyəli siyasi dialoq hökumət üzvləri və aidiyyəti qurumlar arasında əlaqələrin intensivləşməsinə də müsbət təsir göstərmişdir. Prezidentlər tərəfindən verilən tapşırıqlar və əldə olunan razılaşmaların operativ və praktiki icrası ikitərəfli gündəlikdə duran məsələlərin daim diqqət mərkəzində saxlanılmasına şərait yaradır. Hazırda Azərbaycan ilə İran arasında müxtəlif səviyyələrdə qarşılıqlı əlaqələr və səfərlər mütəmadi xarakter daşıyır.

İkitərəfli münasibətlərin bir çox sahələrdə inkişaf dinamikası məmnunluq doğurur. Azərbaycan–İran iqtisadi əməkdaşlığı demək olar ki, iqtisadiyyatın bütün sahələrini əhatə edir və uğurla inkişaf edir. Bu xüsusda iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyəti xüsusi vurğulanmalıdır. Prezidentlərin tapşırıqlarının icrası çərçivəsində nəqliyyat, enerji, ticarət, infrastruktur, kommunikasiya və digər istiqamətlərdə mühüm layihələr həyata keçirilir.

Bu layihələrin bir qismi hazırda icra mərhələsindədir, bəziləri tamamlanmaq üzrədir, digərləri isə artıq uğurla başa çatdırılaraq istifadəyə verilmişdir”. 

Baş nazirin müavini qeyd edib ki, yaxın günlərdə Bakıda keçiriləcək Dövlət Komissiyasının növbəti iclası əməkdaşlıq istiqamətlərinin daha da genişləndirilməsinə və mövcud layihələrin icrasının sürətləndirilməsinə mühüm töhfə verəcək:

“İran Prezidentinin rəsmi səfəri çərçivəsində keçirilmiş Azərbaycan–İran Biznes Forumunda dövlət başçısının iştirakı bu əməkdaşlığa verilən yüksək əhəmiyyəti açıq şəkildə nümayiş etdirmişdir.

Nəqliyyat və logistika sahəsində əməkdaşlıq Azərbaycan–İran münasibətlərinin strateji istiqamətlərindən biridir. Ölkələrimizin birgə həyata keçirdikləri layihələr regionda əlaqəliliyin gücləndirilməsinə, beynəlxalq nəqliyyat dəhlizlərinin — xüsusilə Şimal–Cənub və Şərq–Qərb marşrutlarının inkişafına, regionun logistika imkanlarının və tranzit potensialının genişləndirilməsinə xidmət edir.

İcra olunan birgə layihələr sırasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək nəqliyyat infrastrukturunun yaradılması xüsusi yer tutur. Bu çərçivədə Arazdərə–Ordubad–Siyahrud avtomobil yolunun Azərbaycan investisiyaları hesabına inşası uğurla davam etdirilir.

Eyni zamanda Azərbaycan Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafına ardıcıl və məqsədyönlü şəkildə investisiyalar yatıraraq öz ərazisində müasir nəqliyyat infrastrukturu formalaşdırmışdır. Dəmir yolu, avtomobil yolları, logistika mərkəzləri və liman infrastrukturu üzrə həyata keçirilən layihələr bu marşrut üzrə yüklərin fasiləsiz, etibarlı və səmərəli daşınması üçün möhkəm əsas yaratmışdır. Tərəfdaş ölkələrlə sıx əməkdaşlıq şəraitində Şimal–Cənub dəhlizinin tam potensialla fəaliyyət göstərməsi istiqamətində ardıcıl işlər davam etdirilir”, - Ş.Mustafayev deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Çörək bahalaşdı, pensiyalar bu qədər artır - Xəbəriniz Var?