“STRATEJİ TƏRƏFDAŞLIQ XARTİYASI” ÖLKƏLƏRİMİZİN VAŞİNQTON RAZILAŞMALARINA SADİQLİYİNİ NÜMAYİŞ ETDİRİR
Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey.Di. Vensin ölkəmizə səfəri və səfər çərçivəsində imzalanan “Strateji Tərəfdaşlıq Xartiyası” ona dəlalət edir ki, Azərbaycan-ABŞ münasibətləri çoxdan görmək istədiyimiz mərhələyə qədəm qoyur. Bu həm də o deməkdir ki, hər iki tərəf ötən il avqustun 8-də Ağ Evdə imzalanmış tarixi sənədlərlə üzərinə götürdüyü öhdəliklərə sadiqdir.
2025-ci ilin avqustunda Vaşinqtonda imzalanan “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu” ilə Xartiyanın hazırlanmasına altı ay vaxt verilmişdi. Prezident İlham Əliyev həmin vaxt Vaşinqtonda ölkəmizin media nümayəndələrinə müsahibəsində ikitərəfli münasibətlərin yeni mərhələsini bu cür dəyərləndirmişdi: “Deyə bilərəm ki, bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır: əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi. Əlbəttə ki, Azərbaycanın milli maraqlarının qorunması üçün Amerika Birləşmiş Ştatları ilə bu səviyyədə münasibətlərin qurulması çox önəmli məsələdir”.
Cənab Prezidentin bu açıqlamasının arxasında tarixi həqiqətlər dayanır. 1992-ci ildə “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin ölkəmizə ədalətsiz tətbiqi nəticəsində ikitərəfli əlaqələrimiz Azərbaycan-Ermənistan münasibətlərinin girovuna çevrilmişdi. Hərbi təcavüzə və işğala Azərbaycan məruz qaldığı halda, ölkəmiz ABŞ hökumətinin birbaşa yardımından məhrum edilmişdi. Bu, postsovet ölkələrinə münasibətdə bənzəri olmayan yeganə nümunədir. Yalnız 2001-ci il 11 sentyabr terrorundan sonra 907-ci düzəlişin, faktiki sanksiya qərarının qüvvəsi dayandırıldı və nə qədər qəribə olsa da, bunun arxasında ədalətsizliyin aradan qaldırılması istəyi dayanmırdı. Bu, beynəlxalq terrorizmlə mübarizədə Azərbaycanın əməli dəstəyinə yaranmış zərurətlə bağlı idi. ABŞ Əfqanıstanı tərk etdikdən sonra Bayden administrasiyası 907-ci düzəlişi yenidən qüvvəyə mindirdi, çünki Azərbaycanın köməyinə olan ehtiyac artıq aradan qalxmışdı. O zaman ABŞ Dövlət katibinin köməkçisi Ceyms O-Brayn Senatda keçirilən dinləmələr zamanı açıq şəkildə bildirmişdi ki, Azərbaycana birbaşa yardımları qadağan edən 907-ci düzəlişin qüvvəsi dayandırılmayacaq. Əslində bu, savaş meydanında qazandığımız Qələbənin miqyasını kiçiltmək və ədalətsiz sülh gündəliyini Azərbaycana qəbul etdirmək üçün ölkəmizə edilən növbəti təzyiq cəhdi idi.
Təhlükəsiz dünya nizamını təhdid edən münaqişə və müharibələr coğrafiyasının genişlənməsinin səbəblərindən biri də elə bu cür ikili standartlar siyasəti ilə bağlıdır. Ədaləti görməzdən gələn və faktiki ayrı-seçkilik rəmzinə çevrilən bu qərarın qüvvəsi ötən il avqustun 8-də Prezident Donald Tramp tərəfindən dayandırıldı. Onu da unutmamalıyıq ki, ABŞ lideri öz qərarını Ağ Evdə Azərbaycan Prezidenti ilə görüşü zamanı rəsmiləşdirdi. Prezident İlham Əliyev həmin görüşdə dövlətlərarası münasibətlərimizin mahiyyətcə yeni mərhələyə keçdiyini bu bəyanatla ifadə etdi: “33 il davam edən sanksiyaların sonu Prezident Trampın sayəsində mümkün oldu”.
Aydındır ki, 907-ci düzəlişin birdəfəlik ləğvi qanunvericilik prosedurlarından asılıdır. Fevralın 10-da Prezident İlham Əliyev və Vitse-prezident Cey.Di.Vens tərəfindən imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nda təsbit olunmuş müddəalar həm də buna görə xüsusi diqqət çəkir. Xartiyanın “Təhlükəsizlik Əməkdaşlığı”na dair lll Bölməsinin 1-ci maddəsində açıq mətnlə qeyd olunur: “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla, müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsini genişləndirmək niyyətindədirlər”.
Həmin müddəanın Xartiyada əksini tapması o deməkdir ki, ABŞ administrasiyasının 907-ci düzəlişlə bağlı mövqeyi qətidir və o, ötən il avqustun 8-də Vaşinqtonda imzaladığı sənədlərə sadiqdir. Vitse-prezident Cey.Di.Vensin mətbuata bəyanatında verdiyi bu mesaj da Tramp administrasiyasının mövqe bütövlüyünə dəlalət edir: “Ərazi sularınızın qorunması ilə bağlı Azərbaycana bəzi yeni qayıqları göndərəcəyik”.
Xartiyada təsbit olunan bütün Bölmələr və onun hər bir müddəası, o cümlədən Orta Dəhlizdə strateji əməkdaşlıq niyyəti Azərbaycan-ABŞ əlaqələrinin, sözün həqiqi mənasında, yeni mərhələyə qədəm qoyduğunu təsdiq edir. Bu tarixi sənəddə nəzərdə tutulan növbəti müddəa isə Tərəflərin strateji məqsədinə və qarşılıqlı öhdəliklərinə daha çox aydınlıq gətirir: “İkitərəfli münasibətlərin əsası kimi bir-birinin süverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəklədiklərini bir daha təsdiqləyirlər”.
Prezident İlham Əliyevin fevralın 10-da mətbuata bəyanatında səsləndirdiyi bu açıqlama “Strateji Tərəfdaşlıq Xartiyası”nın təkcə Azərbaycan üçün deyil, həm də formalaşmaqda olan yeni dünya düzəni baxımından qlobal, qitələrarası əhəmiyyətini ifadə edir: “Strateji Tərəfdaşlıq haqqında Xartiyanın bu gün imzalanması mərasimi heyətlərimizin altı ay ərzində gördüyü çox gərgin işin təzahürüdür... Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu-TRIPP layihəsidir ki, o, nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir”.
Heç şübhəsiz ki, Azərbaycan-ABŞ əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin və ikitərəfli münasibətlərdə yeni mərhələnin başlamasının arxasında danılmaz həqiqətlər dayanır. Onlardan biri Azərbaycanın, bütün maneə və təzyiqlərə baxmayaraq, beynəlxalq və humanitar hüququ gözləməklə Cənubi Qafqazda yaratdığı yeni tarixi reallıqdırsa, digər həlledici faktor iki dövlətin Liderləri arasında hətta gözlə görünən qarşılıqlı inam və etimad mühitidir. Bugünkü beynəlxalq münasibətlərdə belə mühit bərqərar edilmədən, dünyanın ən qüdrətli dövləti ilə strateji tərəfdaşlıq əlaqələrinə nail olmaq, dövlət maraqlarını və milli təhlükəsizliyi daha etibarlı şəkildə qorumaq çox çətindir. Vitse-prezident Cey.Di.Vensin regiona səfəri və Bakıda imzalanmış “Strateji Tərəfdaşlıq Xartiyası” həm də bu səbəblərdən ciddi siyasi əhəmiyyət daşıyır.
Ülvi Quliyev
Milli Məclisin deputatı