Azərbaycanda nəsli kəsilmək təhlükəsi ilə üz-üzə olan heyvanların adları açıqlanıb.
Bu barədə Modern.az-a zooloq Elşad Əsgərov məlumat verib.
Mütəxəssis bildirib ki, ölkədə ən kritik vəziyyətdə olan növlər zolaqlı kaftar, manul pişiyi və Qafqaz bəbiridir. Onun sözlərinə görə, xüsusilə zolaqlı kaftar və manul pişiyi ilə bağlı durum olduqca narahatedicidir.
“Bu növlər üzrə son 50 il ərzində cəmi 1-2 fərd müşahidə olunub”, – deyə o qeyd edib.
Zooloq Qafqaz bəbirinin də təhlükə altında olduğunu vurğulayıb. Bildirib ki, hazırda bu nadir yırtıcının ölkə ərazisində – əsasən Hirkan meşələri, Zəngəzur dağları və Qarabağ yaylasında sayının 20 başdan az olduğu ehtimal edilir.
Elşad Əsgərov əlavə edib ki, adıçəkilən heyvan növləri Azərbaycanın "Qırmızı kitabı"na daxil edilib.
Onun sözlərinə görə, sayın kəskin azalmasının əsas səbəbi yaşayış mühitinin insan fəaliyyəti nəticəsində daralmasıdır:
“Əsas faktor kənd təsərrüfatı məqsədilə torpaqların mənimsənilməsi və təbii arealların məhv edilməsidir”.
Xatırladaq ki, nəsli kəsilməkdə olan və "Qırmızı Kitab"a düşən heyvanları ovlayan şəxslərə Cinayət Məcəlləsinin 258.2.3-cü (qanunsuz ov etmə, ovlanması tamamilə qadağan edilmiş heyvanlara qarşı törədildikdə) maddəsinə əsasən, 3000-6000 manat arası cərimə, 1 ilədək islah işləri və ya 2 ilədək həbs cəzası tətbiq olunur.