Tanınmış televiziya aparıcısı İlhamiyyə Rza efirdən uzaqlaşıb. O bunu televiziyaların sosial şəbəkələrə uduzması ilə əlaqələndirib.
İlhamiyyə Rza qeyd edib ki, televiziya kanalları maraqlı kontent yarada bilmirlər. O bu fikri bütün teleməkana aid edib.
Əməkdar jurnalist, vaxtilə ANS TV-də “Qulp” verilişinin aparıcısı və layihə rəhbəri olmuş Mübariz Əsgərov Modern.az-a açıqlamasında məsələyə münasibət bildirib:

"İhamiyyə Rza gedibsə, ona yaxşı yol. Bununla bağlı mən heç nə deyə bilmərəm. Amma qeyd etmək istəyirəm ki, sosial şəbəkələr nə qədər inkişaf etsə də, televiziyanı əvəz edə bilməyəcək. Amma televiziya əməkdaşları da əlindən gələni etməlidir ki, dəyər formalaşdırsınlar".
O qeyd edib ki, televiziyanın strateji statusu var:
"Baş verənlərə vaxtında reaksiya, dövlət qurumları adından münasibət bildirmə səlahiyyətləri və cəmiyyətdə daha çox inam".
Teleaparıcı deyib ki, vaxtilə kinodan sonra televiziya yaranmışdı, lakin kino statusunu itirmədi:
"İndi də televiziyadan sonra sosial şəbəkələr yaranıb. Televiziya öz qüvvəsində qalacaq. Qaldı ki, televiziya aparıcılarının sosial şəbəkələrə istinad etmələri, bu normal haldır, edə bilərlər. Buna heç bir qadağa yoxdur, əsas odur ki, maraqlı kontent ortaya qoyulsun".
M.Əsgərov əlavə edib ki, təkcə televiziyalar yox, bütün kütləvi informasiya vasitələrinin növləri üzərində ciddi işlər görülməlidir. Yaxşı izlənməsi üçün müvafiq addımlar atılmalıdır.

Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlı isə bildirib ki, İlhamiyyə Rza mövqeyində haqlıdır:
"Telekanallar həqiqətən də sosial şəbəkələrə ulduzub. Tək televiziya deyil, bütün ənənəvi media sosial şəbəkələrlə rəqabətə tab gətirmədi.
Televiziyada bozbaş bişirmək verilişi 4 saat çəkir. Çadır toylarından hazırlanan verilişlər 5 saat davam edir. Normal adam bu cür yayımlara bu qədər müddətdə baxa bilməz".
Elçin Şıxlı hesab edib ki, mətbəx mövzusu üçün ayrıca kanal ayırmaq olar:
"Amma televiziyanın əsas istiqaməti kimi ciddi mövzular, maarifləndirici səpgidə proqramlar hazırlamaq lazımdır".
O qeyd edib ki, nə vaxtsa sosial şəbəkələrinin özünü də başqa cərəyan əvəz edəcək:
"Minimalist görüşlü insanlar var. Onlayn mediadan, televiziyadan üz döndərib təbiətdə yaşamağa üstünlük verən adamlar var. Həm də belələrinin sayı kifayət qədərdir".
Elçin Şıxlı qeyd edib ki, xəbər saytları hal-hazırda sosial şəbəkələrdə kiminsə dediyi fikri dərhal götürərək xəbər hazırlayır.
"Ciddi mövzular yazmaq lazımdır", - deyə AJB sədri əlavə edib.