İnsan hüquqları komitəsində müzakirə olunaraq plenar iclasa tövsiyə edilən “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi uşaq müdafiəsi sahəsində yeni mexanizmlərin formalaşdırılmasını gündəmə gətirib. Layihəyə əsasən çətin həyat şəraitində olan uşaqların vaxtında aşkarlanması üçün səlahiyyətli qurum müəyyən ediləcək.
Məsələ ilə bağlı Modern.az-a danışan İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə bildirib ki, yeni qanun layihəsində əsas yeniliklərdən biri çətin həyat şəraitində olan uşaqların aşkarlanması və onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlıdır. Deputat vurğulayıb ki, bu uşaqların müəyyənləşdirilməsi və gələcək taleyi ilə bağlı qərarların qəbulu müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilir.
“Bu yanaşma Azərbaycan Respublikası Ailə Məcəlləsinin 72.1-ci maddəsində də nəzərdə tutulub. Həmin maddəyə əsasən çətin həyat şəraitində olan uşaqların aşkarlanması və onların taleyi ilə bağlı qərarların qəbulu müvafiq icra hakimiyyətinə həvalə olunur. Bu səlahiyyət yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən həyata keçirilir”.
Arzuxan Əlizadə qeyd edib ki, bununla yanaşı yerli icra hakimiyyətlərində fəaliyyət göstərən komissiyalar da var.
“Bu komissiyalar xüsusilə çətin həyat şəraitində olan uşaqların müəyyənləşdirilməsi və digər məsələlərlə bağlı fəaliyyət göstərir”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, əsas icraçı qurum yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarıdır və zərurət yarandıqda digər dövlət qurumları da prosesə cəlb olunur.
Deputat bildirib ki, bu çərçivədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi və digər aidiyyəti dövlət qurumları uşaqların yerləşdirilməsi, təhsilinin və tərbiyəsinin təmin olunması məsələlərində iştirak edə bilərlər.
“Konkret olaraq yeni qanun layihəsində “müvafiq icra hakimiyyəti” dedikdə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları, eləcə də onların nəzdində fəaliyyət göstərən komissiyalar nəzərdə tutulur” – o sonda qeyd edib.
Milli Məclisin deputatı Fazil Mustafa isə bildirib ki, bu tip məsələlər adətən Prezidentin fərmanı ilə tənzimlənir və müvafiq icra hakimiyyəti orqanı həmin fərmanla müəyyən olunur. Onun sözlərinə görə, yeni qanun layihəsi çərçivəsində də müvafiq icra hakimiyyətinin müəyyənləşdirilməsi gözləniləndir.
Deputat qeyd edib ki, bu səlahiyyət müxtəlif qurumlara aid edilə bilər:
“Bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ola bilər, bəzi hallarda icra hakimiyyətləri, müəyyən məsələlərdə isə Daxili İşlər Nazirliyi də prosesə cəlb oluna bilər”.
Fazil Mustafanın sözlərinə görə, məsələ çoxşaxəlidir və yalnız sosial xarakter daşımır:
“Burada həm insan alveri ilə bağlı risklər var, həm də inzibati, kriminal və digər xarakterli məsələlər ortaya çıxa bilər”.
Deputat vurğulayıb ki, bu səbəbdən koordinasiya mexanizmi xüsusi əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, bu funksiyanın əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilməsi ehtimalı yüksəkdir. Fazil Mustafa bildirib ki, hazırda monitorinqlərin əsas hissəsi məhz həmin qurum tərəfindən aparılır.
“Bu prosesdə digər dövlət orqanlarının da iştirakına hüquqi imkan yaradılacaq və çox güman ki, Prezidentin müvafiq fərmanında bu məsələlərlə bağlı dəqiq izahlar yer alacaq”, – deyə deputat əlavə edib.