Bir neçə gün əvvəl Ermənistanda keçirilən “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin növbəti görüşü baş tutub.
Modern.az xəbər verir ki, səfərdə iştirak edən nəqliyyat eksperti Rauf Ağamirzəyev Azərbaycan nümayəndə heyətinin sərhədi keçməsi ilə bağlı detalları açıqlayıb.
O bildirib ki, Azərbaycan nümayəndə heyəti bütün zəruri prosedurları tamamlayaraq Azərbaycanın Aşağı Əskipara kəndi və Ermənistanın Voskepar kəndi yaxınlığında delimitasiya və demarkasiya edilmiş quru sərhəd hissəsindən keçməklə Ermənistana daxil olub. Keçid sərhəd və gömrük nəzarəti qaydalarına uyğun şəkildə həyata keçirilib.
Qeyd edək ki, görüşdə 39 nəfər iştirak edib. Proqrama əsasən, Azərbaycan nümayəndə heyəti Ermənistanda təxminən 35 saat olub. Bu müddət ərzində yol və yerləşmə, dörd diskussiya sessiyası, iki rəsmi görüş, mətbuat konfransı və davamlı qeyri-formal dialoq təşkil edilib.
Müzakirələr zamanı proqramda nəzərdə tutulan məsələlərlə yanaşı, hər iki cəmiyyəti narahat edən mövzular, sülh gündəliyinə yanaşmalar, mövcud maneələr və problemlər, eləcə də gələcək fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
