Modern.az

Münhen Təhlükəsizlik Konfransında Azərbaycanın mövqeyi

Münhen Təhlükəsizlik Konfransında Azərbaycanın mövqeyi

Ölkə

17 Fevral 2026, 09:53

Prezident cənab İlham Əliyevin Almaniyaya səfəri və Münhen Təhlükəsizlik Konfransında iştirakı Azərbaycanın xarici siyasət gündəliyində mühüm mərhələ kimi qiymətləndirilə bilər. Münhen Təhlükəsizlik Konfransı qlobal təhlükəsizlik arxitekturasının müzakirə olunduğu ən nüfuzlu platformalardan biridir və burada səsləndirilən mövqelər təkcə regional deyil, beynəlxalq siyasi diskursun formalaşmasına təsir göstərir. Bu baxımdan dövlət başçısının konfrans çərçivəsində verdiyi bəyanatlar və panel müzakirələrində iştirakı Azərbaycanın sülh, təhlükəsizlik və əməkdaşlıq gündəliyini birbaşa beynəlxalq auditoriyaya çatdırmaq baxımından strateji əhəmiyyət daşıyır.

Cənab Prezident çıxışlarında Cənubi Qafqazda postmünaqişə dövrünün reallıqlarını diqqətə çatdıraraq, dayanıqlı sülhün təmin olunmasının əsas şərtlərini açıq şəkildə ifadə edib. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, regionda uzunmüddətli sabitlik yalnız dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə qarşılıqlı hörmət əsasında mümkündür. Dövlət başçısı bir daha vurğulayıb ki, Azərbaycan sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır və bu istiqamətdə təşəbbüslər irəli sürüb. Bu mesaj Münhen kimi qlobal platformada səsləndirilməklə beynəlxalq ictimaiyyətə Azərbaycanın konstruktiv və hüquqa əsaslanan mövqeyi nümayiş etdirilmiş oldu.

Panel müzakirələri zamanı Prezident cənab İlham Əliyevin çıxışı yalnız regional məsələlərlə məhdudlaşmayıb. O, qlobal enerji təhlükəsizliyi, geosiyasi gərginliklər fonunda enerji marşrutlarının şaxələndirilməsi və Avropanın enerji təchizatında Azərbaycanın artan roluna toxunub. Xüsusilə vurğulanıb ki, Azərbaycan etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinə real töhfə verir və bu əməkdaşlıq siyasi konjonkturalardan kənar, uzunmüddətli strateji maraqlara əsaslanır. Bu kontekstdə Cənub Qaz Dəhlizi və yaşıl enerji layihələri Azərbaycanın beynəlxalq enerji bazarındakı mövqeyini daha da möhkəmləndirir. Almaniya səfəri çərçivəsində keçirilən görüşlər isə Azərbaycan–Almaniya münasibətlərinin inkişaf perspektivlərini müzakirə etmək baxımından əhəmiyyətli olub. Almaniya Avropa İttifaqının aparıcı iqtisadi gücü kimi həm siyasi, həm də iqtisadi baxımdan mühüm tərəfdaşdır. Energetika, sənaye, yüksək texnologiyalar və yaşıl transformasiya sahələrində əməkdaşlıq potensialı kifayət qədər genişdir. Bu baxımdan səfər iki ölkə arasında iqtisadi diplomatiyanın dərinləşdirilməsi üçün əlavə imkanlar yaradıb. Cənab Prezidentin Münhendə verdiyi bəyanatlar həm də informasiya müstəvisində mühüm əhəmiyyət daşıyır.

Cənubi Qafqazla bağlı müxtəlif siyasi dairələrdə formalaşan yanaşmalar fonunda Azərbaycanın mövqeyinin birbaşa və aydın şəkildə çatdırılması strateji kommunikasiya baxımından vacib idi. Dövlət başçısı regionda yaranmış yeni reallıqları, Azərbaycanın təşəbbüslərini və sülh prosesinə yanaşmasını faktlara əsaslanan şəkildə təqdim etməklə, birtərəfli interpretasiyaların qarşısını almağa yönəlmiş mövqe ortaya qoydu. Səfərin digər mühüm istiqaməti Azərbaycanın qlobal təhlükəsizlik gündəliyində fəal aktor kimi çıxış etməsidir. Münhen Konfransı çərçivəsində aparılan müzakirələr göstərdi ki, Azərbaycan artıq yalnız regional deyil, daha geniş geosiyasi kontekstdə qiymətləndirilən ölkəyə çevrilib. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, yaşıl enerji və Orta Dəhliz kimi təşəbbüslər Azərbaycanın Avrasiya məkanında strateji körpü rolunu gücləndirir.

Ümumilikdə bildirməliyik ki, Prezident cənab İlham Əliyevin Almaniyaya səfəri və Münhen Təhlükəsizlik Konfransında iştirakı Azərbaycanın sülh gündəliyinin, enerji strategiyasının və çoxtərəfli diplomatiyasının beynəlxalq səviyyədə təqdimatı baxımından mühüm siyasi hadisədir. Dövlət başçısının bəyanatları göstərir ki, Azərbaycan regionda dayanıqlı sülhün tərəfdarı olmaqla yanaşı, qlobal təhlükəsizlik və enerji arxitekturasında məsuliyyətli və etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirmək niyyətindədir. Bu səfər həm siyasi-diplomatik, həm də iqtisadi-strateji baxımdan ölkənin beynəlxalq nüfuzunun artmasına xidmət edən mühüm addım kimi dəyərləndirilə bilər.


Mehriban Vəliyeva
Milli Məclisin deputatı

Sizə yeni x var
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar