Modern.az

Töhmət alan icra başçısını nə gözləyir?

Töhmət alan icra başçısını nə gözləyir?

Ölkə

17 Fevral 2026, 14:00

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib. Müşavirədə Eldar Əzizov Suraxanı, Qaradağ və Xəzər rayonlarında sanitar təmizlik məsələlərinin vəziyyətini kəskin tənqid edərək, bu rayonların bəzi qəsəbələrinin ümumşəhər standartlarından geri qaldığını qeyd edib. Yol verilən nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısına töhmət, Xəzər Rayon İcra Hakimiyyətinin başçısına isə şifahi xəbərdarlıq elan edilib.


Modern.az icra başçısının töhmətə görə hansı məhdudiyyətlərlə üzləşəcəyini araşdırıb.
Qanunvericiliyə əsasən töhmət verilən dövlət qulluqçusunun barəsində intizam tənbehi şəxsi işində qeydə alınır və müəyyən müddət ərzində qüvvədə saxlanılır. 


Deputat Arzuxan Əlizadə saytımıza açıqlamasında qeyd edib ki, dövlət qulluqçusundan fərqli olaraq icra başçısı birbaşa Prezident tərəfindən təyin olunur və onun vəzifədən kənarlaşdırması və ya hansısa digər tədbirlərin görülməsi ilə bağlı yalnız Prezidentin səlahiyyəti var.

“Töhmət verildiyi halda, təbii ki, bu, yazılı formada rəsmiləşdirilir və şəxsin şəxsi işinə daxil edilir. Töhmət, adətən, altı ay müddətində müəyyən məhdudiyyətlər yaradır. Bu məhdudiyyətlərə yüksək vəzifəyə təyinat, mükafatlandırma və digər stimullaşdırıcı tədbirlərlə bağlı məhdudiyyətlər daxildir. Qanunvericilikdə dövlət qulluqçuları üçün nəzərdə tutulan bu məhdudiyyətlərdən icra başçıları ilə bağlı da istifadə oluna bilər. Lakin burada əsas məqam ondan ibarətdir ki, rayon icra hakimiyyətinin başçısı yalnız Azərbaycan Respublikası Prezidentinin səlahiyyətinə aid olan təyinatlı vəzifədir. Prezident gələcəkdə həmin şəxsi başqa vəzifəyə təyin edərkən töhmət faktoru nəzərə alına bilər”.


A. Əlizadə bildirib ki, bununla yanaşı, şəxsin fəaliyyətində əldə etdiyi digər müsbət nəticələr də onun yenidən və ya daha yüksək vəzifəyə təyin edilməsi üçün əsas yarada bilər. İcra strukturlarında başqa sahələr üzrə fəaliyyətinin davam etdirilməsi və ya yeni vəzifəyə irəli çəkilməsi də mümkündür.
“İstənilən halda, töhmət tənbeh tədbiri kimi qiymətləndirilir. Dövlət qulluqçuları üçün tətbiq olunan müəyyən məhdudiyyətlərin eyni məntiq üzrə icra hakimiyyəti başçılarına da şamil edilməsi mümkündür”, - o vurğulayıb.

Arzuxan Əlizadə həmçinin icra başçısı Adil Əliyevə töhmət verilməsini işçi qaydada keçirilən müşavirə kimi qiymətləndirilməli olduğunu qeyd edib:
“Adil Əliyev ictimaiyyətə kifayət qədər tanınan şəxsdir. O, uzun müddət Azərbaycan parlamentində fəaliyyət göstərib, parlament sədrinin müavini vəzifəsini icra edib. Dövlətinə bağlı, dövlətçilik prinsiplərinə sadiq şəxs kimi tanınır. İctimai rəydə Adil Əliyevin təkcə təmsil etdiyi rayon üzrə deyil, ölkənin müxtəlif bölgələrində ehtiyacı olan şəxslərə diqqətlə yanaşan, sosial məsələlərə həssas münasibət göstərən bir şəxs olduğu vurğulanır. O, idman və digər sahələrdə fərqlənən şəxslərə dəstək göstərməsi ilə də tanınır. Bu istiqamətdə həyata keçirdiyi xeyirxah təşəbbüslər və dövlətçilik fəaliyyətinə məsuliyyətlə yanaşması ictimaiyyətə məlumdur”.


O qeyd edib ki, bununla belə, təmsil etdiyi rayonda müəyyən problemlərin mövcud olduğu da müşavirədə qeyd edilib. 
“Bildirilib ki, Adil Əliyev özü də iclasda çıxış edərək qaldırılan məsələlərin diqqətə alındığını və problemlərin qısa müddətdə aradan qaldırılması üçün müvafiq tədbirlərin görüləcəyini bəyan edib. Gözləntilər ondan ibarətdir ki, növbəti mərhələdə həm Suraxanı rayonunda, həm də digər rayonlarda mövcud nöqsanlar aradan qaldırılacaq. Ümumilikdə Bakı şəhəri ilə bağlı bir sıra məsələlər daim diqqət mərkəzində saxlanılmalıdır. Bu baxımdan belə müşavirələrin keçirilməsi, ayrı-ayrı məmurlara konkret tapşırıqların verilməsi, nöqsanların açıq şəkildə müzakirə olunması yalnız müsbət qiymətləndirilə bilər. İşçi qaydada verilən xəbərdarlıq və ya töhmətlər normal qəbul edilməli, əsas diqqət isə problemlərin aradan qaldırılmasına yönəldilməlidir. Növbəti dövrdə bu istiqamətdə daha ciddi addımların atılacağı gözlənilir” – deputat sonda qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar