"Heyvanlarla insanların birgə yaşayışı məqbul deyil. Ev heyvanlarına mütəmadi baytar nəzarəti olsa da istənilən heyvanın tükü allergiyaya əsaslı səbəbdir".
Bu sözləri Modern.az-a açıqlamasında infeksionist Adil Qeybulla bildirib.
O qeyd edib ki, heyvanla təmas bir çox halda allergiya ilə nəticələnir:
"Allergiya xüsusilə tənəffüs sistemi üçün ciddi problemlər yarada bilər. Ən çox rast gəlinən fəsadlardan biri bronxial astmadır. Heyvanların tükləri, dəri qalıqları və digər allergenləri bronxların daralmasına səbəb olur. Nəticədə nəfəs darlığı, xırıltı, sinədə sıxılma, gecə və səhər saatlarında artan öskürək müşahidə edilir. Astma tutması zamanı boğulma hissi yaranır, insan dərindən nəfəs ala bilmir, hava çatışmazlığı hiss edir. Bu vəziyyət panika və ürək döyüntüsünün artması ilə müşayiət oluna bilər. Uzunmüddətli allergik təsir tənəffüs yollarında xroniki iltihaba səbəb ola bilər. Bronx divarları qalınlaşır, tənəffüs yolları daha həssas olur və infeksiyalara meyillilik artır. Uşaqlarda isə genetik meyillilik olduqda erkən yaşlarda astma inkişaf edə bilər və allergik proses mərhələli şəkildə – dəri problemlərindən başlayaraq rinit və daha sonra astmaya keçə bilər".
İnfeksionist qeyd edib ki, heyvanlarla təmas atopik dermatit (ekzema - dəridə qızartı, quruluq, güclü qaşınma və səpkilər yaranır. Xroniki xarakter daşıya bilər və vaxtaşırı kəskinləşir.), kontakt dermatit (Heyvanla birbaşa təmasdan sonra dəridə qızartı, yanma hissi, xırda suluqlar və qaşınma müşahidə olunur. Adətən təmas olan nahiyədə yaranır.), ürtikarya (Dəridə qəfil əmələ gələn, qaşınan, şişkin və qabarıq səpgilərdir. Bəzən bir neçə saat ərzində itib yox olur, amma yenidən təkrarlana bilər.), allergik səpkilər (Xüsusilə həssas insanlarda dəridə xırda qızartılar və qaşınma ilə özünü göstərə bilər.) kimi dəri xəstəliklərinə səbəb ola bilər:
"Xəstəliyə tək it və ya pişik kimi qeyri-təsərrüfat heyvanlarından yox mal-qara, at və s. kimi mənfəətli növlərdən də yoluxmaq təhlükəsi var. Qlüsserioz və dabaq kimi xəstəliklər təsərrüfatda saxlanılan heyvanlardan keçir".
Adil Qeybulla bildirib ki, bir çox adamlar küçə heyvanlarına yem verməklər yalnız yaxşı iş gördüklərini hesab edirlər:
“Bilmirlər ki, sahibsiz heyvanları yaşayış zonalarına, məişətə yaxınlaşmaqla xəstəliklər yayırlar. Ümumiyyətlə, sahibsiz heyvan anlayışı bir çox ölkədə yoxdur”.