Modern.az

Yas menyusu sadələşdirilməlidir! - DEPUTATLAR

Yas menyusu sadələşdirilməlidir! - DEPUTATLAR

Ölkə

18 Fevral 2026, 10:34

Azərbaycanda yas mərasimlərinin daha sadələşdirilmiş şəkildə keçirilməsi məsələsi son illərdə cəmiyyətdə geniş müzakirə olunur. Bir sıra rayonlarda artıq bununla bağlı müəyyən qaydalar tətbiq edilməklə bərabər, israfçılığın və nümayiş xarakterli mərasimlərin qarşısının alınması istiqamətində addımlar atılır. Xüsusilə, yas süfrələrinin həddindən artıq zəngin və çeşidli olması, eləcə də yas menyularının dəyişdirilməsi məsələsi də gündəmə gəlir və cəmiyyətdə bununla bağlı fərqli yanaşmalar meydana çıxır.

Bu kontekstdə yas mərasimlərində təqdim olunan menyuların dəyişdirilməsinin zəruriliyi, eləcə də hansı formada menyuların daha məqsədəuyğun hesab edilə biləcəyi məsələsi müzakirə predmetinə çevrilir.

Modern.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bu menyulara həddindən artıq müdaxilə etməyin doğru olmadığını düşündüyünü bildirib:

“Artıq addım-addım bölgələrdə insanlar bu cür qərarları özləri qəbul etməyə başlayırlar. Ona görə də hesab edirəm ki, bu məsələ üzərində detallara qədər işləmək o qədər də məqsədəuyğun deyil.

Bu istiqamətdə daha çox ciddi müzakirələr, maarifləndirmə, habelə təbliğat işləri aparılmalıdır. Menyunun necə tərtib olunmasına gəlincə isə, əsas odur ki, sadə və yüngül formada menyular təşkil edilsin. Bu yanaşma, məncə, qaneedicidir. İnsanlar da bunu anlayışla qarşılayacaqlar. Artıq bir çox yerlərdə bu cür sadələşdirilmiş qaydalar tətbiq olunmağa başlanıb”, - deyə komitə sədri əlavə edib.

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov isə qeyd edib ki, mövzu uzun müddətdir Azərbaycan cəmiyyətində geniş müzakirə olunur və artıq ciddi narahatlıq doğurur. Onun sözlərinə görə, proses onu göstərir ki, insanlar yas mərasimlərinin bu qədər mürəkkəb və xərc tələb edən formada keçirilməsindən narazıdırlar.

“Menyu məsələsinə gəldikdə isə qeyd etmək lazımdır ki, İslamda yas mərasimlərində xüsusi süfrə açmaq və yemək vermək ənənəsi yoxdur. Dini baxımdan yas müddəti maksimum üç gündür. Ümumiyyətlə, adətə görə yası düşən ailənin evində yemək bişməməli, əksinə, insanlar onlara dəstək məqsədilə yemək gətirməlidirlər.

Bu gün isə yas mərasimlərində masalara çoxsaylı şirniyyatlar, konfetlər, qoğallar, şirin çörəklər və müxtəlif yeməklər düzülür. Bütün bunlar ciddi maliyyə vəsaiti tələb edir və yekunda ümumi xərci əhəmiyyətli dərəcədə artırır. Halbuki bu qədər çeşidə ehtiyac yoxdur”.

Deputat hesab edir ki, ilkin mərhələdə ən azı müxtəlif şirniyyatların və əlavə yeməklərin masadan yığışdırılması istiqamətində addımlar atılmalıdır:

“Çay süfrəsi kifayət edə bilər. Çünki bu cür xərclər insanları borca salır, hətta kredit götürməyə məcbur edir.

Bu səbəbdən yas menyularında ciddi islahatlara ehtiyac var. Artıq zəruri olmayan yeməklər və şirniyyatlar menyudan çıxarılmalıdır ki, insanlar yas mərasimlərini maddi sıxıntı yaşamadan keçirə bilsinlər. Əks halda, bu problemin daha da dərinləşdiyinin şahidi ola bilərik”, - deyə C.Məmmədov fikrini tamamlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?