Modern.az

Nazirliklərdə yeni vəzifə: süni intellekt üzrə müavinlər gəlir

Nazirliklərdə yeni vəzifə: süni intellekt üzrə müavinlər gəlir

Ölkə

19 Fevral 2026, 14:06

Prezident İlham Əliyevin fevralın 11-də keçirdiyi müşavirədə səsləndirdiyi tapşırıq dövlət qurumlarında yeni idarəetmə funksiyasının formalaşacağını göstərir. Nazirliklərdə rəqəmsallaşma, süni intellekt (Sİ) və kibertəhlükəsizlik üzrə məsul müavin vazifəsinin müəyyənləşdirilməsi bu sahələrin birbaşa idarəetmə səviyyəsində təmsil olunacağını da ortaya qoyur.

Əsas sual isə bu vəzifələrə kimlərin gətiriləcəyidir. Bu müavinlərin sırf texniki mütəxəssis, yoxsa idarəetmə təcrübəsi olan texnologiya yönümlü menecer olması, onların real funksional yükünü müəyyən edəcək əsas amildir. Eyni zamanda, Azərbaycanda hər bir nazirlik üzrə bu profildə kadrların mövcudluğu və mümkün çatışmazlığın hansı yollarla aradan qaldırıla biləcəyi də aktual mövzulardandır.

1500724

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili qeyd edib ki, dövlət idarəçiliyində institusional dizayn anlayışı çox vaxt nəzəri müzakirə mövzusu kimi səslənir. Halbuki bu yanaşma konkret idarəetmə qərarları ilə müşayiət olunanda real nəticə verir. Dövlət başçısının hər bir nazirlikdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul müavin müəyyənləşdirilməsi barədə verdiyi tapşırıq məhz belə qərarlardandır.

“Burada əsas məqam məsuliyyəti şəxsləndirməkdir. Rəqəmsallaşma və süni intellektlə bağlı planların illərlə konsepsiya səviyyəsində qalmasının əsas səbəblərindən biri də konkret cavabdeh fiqurun olmamasıdır. İndi isə bu sahə üzrə məsuliyyət ya yeni ştat, ya da mövcud müavinlərdən birinin üzərinə açıq şəkildə qoyulur”.

Deputat xüsusilə vurğulayıb ki, bu müavinlərin fəaliyyəti texniki xarakter daşımamalıdır. 

“Onların işi kompüter almaq, proqram sifariş etmək, yaxud “IT hesabatları” ilə məşğul olmaq deyil. Əsas vəzifə idarəetməni sadələşdirmək, prosesləri yenidən qurmaq və rəqəmsal yanaşmaya keçidi təmin etməkdir”.
Onun sözlərinə görə, əgər vətəndaş bir xidmət üçün müraciət edirsə, onun bir neçə struktur arasında göndərilməsi artıq idarəetmə problemi kimi dəyərləndirilməlidir. Rəqəmsal yanaşmanın məqsədi məhz bu cür halları aradan qaldırmaqdır. Eyni zamanda illərlə yığılıb qalmış, real funksional dəyəri olmayan sənədləşmə tələblərinin azaldılması da bu müavinlərin gündəliyində olmalıdır.

“Qurum daxilindəki proseslərin kağız üzərində idarə olunması isə ayrıca problemdir. Bu proseslər rəqəmsal sistemlərə keçirilməli, aydın və ölçülə bilən mexanizmlər üzərində qurulmalıdır. Digər vacib məsələ müxtəlif informasiya sistemlərinin bir-biri ilə əlaqələndirilməsidir. Ayrı-ayrı sistemlər mövcud olsa da, onların “bir-biri ilə danışmaması” rəqəmsallaşmanın effektini azaldır”.

T. Mirkişili təhlükəsizlik məsələsinə də diqqət çəkib:

“Bütün bunlarla yanaşı, təhlükəsizlik məsələsi diqqətdən kənarda qala bilməz. Rəqəmsallaşma nə qədər genişlənirsə, kiberrisklər də bir o qədər artır. Bu baxımdan yeni müavinlərin işi sürət və rahatlıqla yanaşı, təhlükəsizlik balansını da qorumaqdan ibarət olacaq”.

“Nəticə olaraq, nazirliklərdə rəqəmsallaşma və süni intellekt üzrə məsul müavin klassik anlamda IT rəhbəri deyil. O, idarəetməni dəyişən, proseslərə müdaxilə edən və islahatları real icra müstəvisinə çıxaran menecer rolunu oynamalıdır. Bu tapşırığın əsas dəyəri də məhz burada ortaya çıxır” – o sonda qeyd edib.

1500725

Texno bloger Fərid Pərdəşünas isə qeyd edib ki, bu sahə kifayət qədər spesifikdir və onu hər kəs yerinə yetirə bilməz:

“Artıq nazirliklərdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul nazir müavinlərinin olması nəzərdə tutulur. Bu vəzifə klassik anlamda şirkətlərdəki baş texniki direktor səviyyəsində texniki post deyil. Yəni sırf texniki mütəxəssislər üçün düşünülmüş bir vəzifə deyil.

Mənim başa düşdüyüm odur ki, burada ingilis dilində “technical project manager” deyilən profildə kadrlar nəzərdə tutulur. Bu tip mütəxəssislər həm texnologiyanı dərindən anlayırlar, həm də idarəetmə qabiliyyətinə malik olurlar. Yəni həm texniki layihələrdən başı çıxan, həm də menecerlik bacarığı olan şəxslər”.

O qeyd edib ki, belə müavinlərin süni intellekt, kibertəhlükəsizlik, hökumət buludu və ümumilikdə rəqəmsallaşma prosesləri barədə geniş bilikləri olmalıdır. Eyni zamanda qərarvermə, koordinasiya və layihə idarəetməsi bacarıqları əsas şərtdir. Açıq desək, bu, çox unikal və spesifik bir vakansiyadır.

“Azərbaycanda bu profildə olan və bu vəzifəyə tam uyğun gələn insanların sayı çox azdır. Təsadüfi deyil ki, hazırda bir çox yerli şirkətlər bu tip funksiyaları icra etmək üçün Rusiyadan, Türkiyədən texniki layihə menecerləri dəvət edirlər. Onlar məhz layihələndirmə və proseslərin qurulması ilə məşğul olurlar”.

“Bu istiqamət üzrə nazir müavini əsasən digər nazirliklərlə, xüsusən də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə daimi əlaqədə olmalıdır. Eyni zamanda öz nazirliyində bütün texnoloji proseslərdən xəbərdar olub, real və tətbiq oluna bilən həllər təklif etməlidir” – sonda o qeyd edib. 
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Moskvada dəhşət - METRODA partlayış - Xəbəriniz Var?