“İdrak” liseyində baş verən silahlı insidentdən sonra uşaqların təhlükəsizliyi məsələsi yenidən gündəmə gəlib. Hadisədən sonra deputatlar azyaşlıların ağıllı telefonlardan və sosial mediadan istifadəsinin məhdudlaşdırılmasını təklif ediblər. Onların fikrincə, valideyn nəzarəti olmadan bu platformalardan istifadə uşaqlar üçün risklidir. Bu müakirə fonundə ölkəmizdə uşaqların ən çox hansı sosial media platformalarından istifadə etdikləri də maraq doğurur.
Modern.az-ın sorğusuna cavab olaraq Sosial Tədqiqatlar Mərkəzindən bildirilib ki, 2025-ci ildə aparılan tədqiqatlara əsasən, övladı məktəbə gedən valideynlərin 63.5%-i övladının sosial mediadan istifadə etdiyini, 36.5%-i etmədiyini bildirir.
Sorğunun nəticələrində o da bildirilib ki, məktəbyaşlı uşaqların ən çox istifadə etdiyi sosial media platformaları kimi ilk sıralarda "YouTube" (69.1%), "WhatsApp" (47.9%) və "TikTok" (33.0%) qərarlaşır. Orta və aşağı səviyyədə istifadə olunan platformalar kimi "Instagram" (19.1%), "Snapchat" (9.6%), "Facebook" (8.5%), "Telegram" (5.3%), "X" (Twitter - 2.1%) növbəti yerlərdə dayanır.
Uşaqların 18.1%-i sosial mediada gündəlik təqribən 5 saat və daha çox vaxt keçirir. Onların 24.5%-i sosial mediaya gündəlik 3-4 saat, 31.9%-i 1-2 saat və 22.3%-i 1 saatdan az vaxt ayırır.
2025-ci ildə uşaqların asudə vaxtının təşkili ilə bağlı keçirilən sorğuya əsasən isə 34.9 faiz uşaqların, məktəbli yeniyetmə və gənclərin formalaşması üçün dərsdənkənar fəaliyyəti olmadığı məlum olub. Belə ki, təqribən hər 3 nəfərdən biri əlavə fəaliyyətlə məşğul olmur.
Məktəbli respondentlərin müntəzəm qaydada istifadə etdikləri fəaliyyət sahələrinə gəldikdə isə bura aşağıdakılar aiddir:
Dil kursları (14,4 %), olimpiya və digər idman mərkəzləri (7,4 % və 13,4 %), kitabxanalar (11,4 %) və digər sahələr.