Ermənistanda “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə ikitərəfli qarşılıqlı səfərlər təşkil olunub.
Məqsəd sülhə gedən yolda münasibətləri tənzimləmək və dayanıqlı sülhə nail olmaq üçün zəmin yaratmaqdır. Prosesə növbəti mərhələdə iki ölkənin mədəniyyət və ədəbiyyat xadimləri qoşula bilərmi?
Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid Modern.az-a açıqlamasında Ermənistan tərəfi ilə görüşlərin keçirilməsini istisna etməyib.
“Görüşlərdə Azərbaycan vətəndaş cəmiyyəti və QHT nümayəndələri, eyni zamanda mətbuat nümayəndələri Ermənistanın analoji qurumları ilə birgə iştirak ediblər. Bu səfərlər barədə əvvəllər də fikirlərimi bildirmişəm.
Cənab Prezident də deyib ki, faktiki sülh əldə olunub. Vətəndaş cəmiyyətlərinin bir-biri ilə təması, hesab edirəm ki, lazımdır və vacibdir. Çox güman ki, gələcəkdə bu proses genişlənərsə, orada jurnalistlərin də, yazıçıların da görüşləri nəzərdə tutula bilər”.