Bakı tarixən müxtəlif etnik və dini icmaların birgə yaşadığı şəhər olub. Şəhərdə yəhudi, rus və erməni icmaları uzun illər formalaşmış sosial-mədəni mühitin tərkib hissəsi kimi fəaliyyət göstəriblər. Fərqli millətlərdən olan və qeyri-müsəlman yerli sakinlərin dəfni isə hər zaman aktual məsələ kimi qalıb.
Modern.az Bakı şəhərində olan erməni, yəhudi və xristian qəbiristanlıqlarını araşdırıb.
Bir müddətdir ki, Bakı ətrafındakı bütün kənd və qəsəbələrin qəbiristanlıqları yerli bələdiyyələrin balansına verilib. Hazırda qəsəbə və kəndlərdə mövcud olan qəbiristanlıqlar həmin ərazilərin bələdiyyələrinin balansındadır və xidmətlər də məhz onlar tərəfindən göstərilir.
Əvvəllər erməni qəbiristanlığı Nərimanov rayonunda yerləşirdi. Bundan əlavə, ümumşəhər qəbiristanlığı olan “Qurd qapısı” qəbiristanlığında ermənilər üçün ayrılmış ayrıca sektor mövcud idi və bu sektor bu gün də qalmaqdadır. Nərimanovdakı erməni qəbiristanlığı isə 2000-ci illərin əvvəllərində köçürülərək Hövsan qəbiristanlığına yerləşdirilib. Hazırda Bakı ərazisində bundan başqa erməni qəbiristanlığı yoxdur.
Bakıda sırf yəhudilər üçün ayrılmış ayrıca qəbiristanlıq mövcud deyil. Lakin yəhudilər vəfat edən yaxınlarını dəfn etmək üçün Yasamal qəbiristanlığından və ümumşəhər “Qurd qapısı” qəbiristanlığında yəhudilər üçün ayrılmış xüsusi sektordan istifadə edirlər.
Xristian qəbiristanlıqlarına gəldikdə isə Sabunçu qəsəbəsində rus qəbiristanlığı tam şəkildə xristianlara məxsusdur. Balaxanı qəsəbəsində də xristian qəbiristanlığı mövcuddur. Bundan başqa, ümumşəhər “Qurd qapısı” qəbiristanlığında xristian qəbiristanlığı sektoru var. Həmçinin, Hövsan ümumşəhər qəbiristanlığında, Nizami rayonu ərazisində – 8-ci kilometr qəsəbəsində, maşın bazarının yanında xristian qəbirləri üçün ayrılmış sektor fəaliyyət göstərir. Qaraçuxur qəsəbəsində də xristian qəbiristanlığı sektoru mövcuddur.
Ümumilikdə, Bakı şəhəri və ətraf qəsəbələrdə təxminən 65-ə yaxın qəbirstanlıq var ki, onların hamısı müsəlman qəbiristanlığıdır. Elə kəndlər var ki, orada bir neçə qəbiristanlıq yerləşir. Məsələn, Maştağada 5, Sabunçuda 3, Hövsanda isə ümumşəhər qəbiristanlığından əlavə kəndin özünün 3 qəbiristanlıq mövcuddur.
Bundan başqa, demək olar ki, hər kənd və qəsəbənin öz qəbiristanlığı var. Onu da qeyd edək ki, erməni, yəhudi və xristianlardan başqa bir qeyr-müsəlmanlar üçün ayrıca qəbiristanlıq və ya ümumşəhər qəbiristanlığında sektor mövcud deyil.