Azərbaycan Xalq Cəbhəsinin (AXC) hakimiyyəti dövründə (1992-ci ildə) Baş nazir olmuş Pənah Hüseyn 80-ci illərin sonlardan başlamış xalq hərəkatının tarixi ilə bağlı maraqlı məlumat açıqlayıb.
Modern.az-ın məlumatına görə, P.Hüseyn Azərbaycan Xalq Cəbhəsi Təşəbbüs Mərkəzinin üzvlərinin siyahısını dərc edib. O, siyahının AXC-nin 1989-cu ilin mayında buraxılmış 1-ci bülleteni vasitəsilə yayıldığını qeyd edib.
Pənah Hüseyn mərhum Xalq şairi Bəxtiyar Vahabzadənin Azərbaycan Xalq Cəbhəsi Təşəbbüs Mərkəzinin üzvü olub-olmadığı məsləsinə də aydınlıq gətirib.
“Bəxtiyar Vahabzadə AXC-nin təsis olunması münasibətilə Azərbaycan xalqını təbrik etmişdi. Həmin təbrikin mətni belə idi:
“Xalq Cəbhəsinin bütün proqram müddəaları ilə razıyam və bu cəbhənin üzvü olmağı özümə şərəf bilirəm. Xalq Cəbhəsinin yaranmağına mane olanlara qarşı qəti etirazımı bildirirəm. Xalq Cəbhəsinin yaranmasına mane olanlar Azərbaycan xalqının düşmənləridir”".
Pənah Hüseyn deyib ki, Bəxtiyar Vahabzadənin bu sözləri AXC-nin 1989-cu il iyulunda çıxan 2-ci bülletenində dərc edilib.
A.Qorxmaz