Modern.az

BMU-dan daha bir uğur - rektordan tələbələrə karyera VƏDİ

BMU-dan daha bir uğur - rektordan tələbələrə karyera VƏDİ

Ölkə

24 Fevral 2026, 16:48

Bakı Mühəndislik Universitetində (BMU) ACCA (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) nümayəndələri ilə görüş keçirilib. Görüşdə universitet ilə ACCA arasında gələcək əməkdaşlıq istiqamətləri, tələbələr üçün beynəlxalq sertifikatlaşdırma məsələləri müzakirə olunub.

Modern.az xəbər verir ki, BMU-nun rektoru Yaqub Piriyev bildirib ki, universitetin əsas prioritetlərindən biri tədrisin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması və tələbələrin rəqabətqabiliyyətli kadr kimi formalaşdırılmasıdır. Bu baxımdan beynəlxalq əməkdaşlıqların genişləndirilməsinin universitetin strateji inkişaf xəttinin mühüm tərkib hissəsi olduğunu deyən rektor  ACCA kimi nüfuzlu beynəlxalq təşkilatla əməkdaşlığın önəmini vurğulayıb.

Bu əməkdaşlığın BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin  tələbələri üçün karyera baxımından yeni imkanlar açdığını fikirlərinə əlavə edən Yaqub Piriyev  tələbələrin maliyyə və mühasibatlıq sahəsində beynəlxalq səviyyədə tanınan sertifikatlara yiyələnmək, bilik və bacarıqlarını qlobal standartlara uyğun şəkildə inkişaf etdirmək imkanı qazandıqlarını söyləyib. Bir çox nüfuzlu beynəlxalq və yerli şirkətlərin müvafiq sahələr üzrə kadr seçimində ACCA-nın aidiyyəti fənlər üzrə imtahan verərək sertifikat əldə etmiş namizədlərinə üstünlük verdiklərini deyən rektor assosiasiya ilə əməkdaşlığın daha intensiv və sistemli xarakter alması üçün mövcud imkanlara diqqət çəkib.

ACCA-nın Azərbaycan və Gürcüstan üzrə nümayəndəsi Senem Ross-Forrester və Avrasiya, Yaxın Şərq əlaqələri (təhsil) üzrə rəhbəri Tariro Masukumen  qurum haqqında məlumat veriblər. Bildirilib ki, 180-dən çox ölkədə fəaliyyət göstərən nüfuzlu beynəlxalq peşəkar mühasibatlıq təşkilatı olan Assosiasiyanın 258 mindən çox üzvü və 500 mindən çox qeydiyyatdan keçmiş tələbəsi var. Qonaqlar, eyni zamanda ACCA tərəfindən BMU tələbələri üçün edilmiş güzəştlərdən danışıblar. Təşkilat nümayəndələri, həmçinin BMU ilə əməkdaşlıqdan məmnunluqlarını və tələbələrin səviyyəsinin yüksək olduğunu ifadə ediblər.

Görüş çərçivəsində BMU-da ACCA proqramlarının tətbiqi ilə bağlı məsələlər, habelə birgə seminar və təlimlərin təşkili, eləcə də peşəkar inkişaf proqramları ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, universitetin İqtisadiyyat və idarəetmə fakültəsi ilə son tədris ilində əməkdaşlıq istiqamətlərinin daha da genişləndirilməsi, bunun nəticəsi olaraq tələbələr üçün ACCA tərəfindən tətbiq olunan güzəştlər, müvafiq fənnlər üzrə xüsusi təlimlərin təşkili və s. nəzərdən keçirilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada PROSES BAŞLADI! - Azərbaycanlılar vətəndaşlıqdan çıxarılır - Xəbəriniz Var?