Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Azad Zeynalovun Xocavənd rayonundakı qədim Tağlar mağarasından Azərbaycan-Yaponiya birgə elmi ekspedisiyası ilə apardığı arxeoloji qazıntı zamanı Xocavənddə neandertal insanın 80 min il bundan əvvələ aid olan yeni poleontropoloji qalığı tapılıb.
Modern.az xəbər verir ki, bunu Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli AMEA-nın Ümumi Yığıncağında çıxışında deyib.
Onun sözlərinə görə, həmin arxeoloji fakt Yaponiyada karbohidrogen analiz mərhələsindədir:
"Tədqiqatçıların reallığına çox inandıqları bu fakt təsdiqlənərsə, 1968-ci ildə professor Məmmədəli Hüseynovun Azıx mağarasında aşkar etdiyi ən qədim insan çənəsindən sonra aşkar edilmiş dünya əhəmiyyətli ikinci kəşf hesab ediləcək" - deyə o bildirib.