"Dövlət sizin üçün şərait yaradıb. Evlərin bəziləri bərpa edilib, yenidən qurulub. Bu proses davam etdiriləcək. Onminlərlə Azərbaycan vətəndaşı artıq azad edilmiş torpaqlarda yaşayır və onlardan təqribən 30 minə yaxını keçmiş köçkünlərdir. Bildiyiniz kimi, biz əsas bu son 4-5 il ərzində infrastruktur layihələrinə vəsait ayırırdıq. Çünki yaşamaq üçün əsas ilkin şərtlər olmalıdır - elektrik, qaz, su, yollar, körpülər, tunellər. İndi isə daha çox yaşayış evlərinin tikintisi, bərpası məsələlərinə vəsait ayrılacaq. Ona görə "Böyük Qayıdış" prosesi daha sürətlə gedəcək".
Modern.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşü zamanı deyib.
"Burada iş yerləri də yaradılır, həm dövlət xətti ilə, həm ictimai təşkilatların xətti ilə və əlbəttə ki, özəl sektor. Burada yaşayan insanların əksəriyyəti vaxtilə kənd təsərrüfatı ilə məşğul idi. Siz yaxşı bilirsiniz ki, bu bölgənin çox gözəl təbiəti var, münbit torpağı var, suyu var, bulaqları var, hər şey var. Əsas odur ki, insanlar artıq burada rahat yaşasınlar və tam əmin olsunlar ki, bir daha xalqımızın başına belə fəlakətlər gəlməyəcək. Bunun üçün də hər zaman güclü olmalıyıq, ayıq olmalıyıq, keçmişi unutmamalıyıq və gələcəyə inamla baxmalıyıq. Necə ki, inamla baxırıq və yaşayırıq. Sizi ürəkdən təbrik edirəm. Sizə cansağlığı arzu edirəm", - deyə dövlətimizin başçısı vurğulayıb.