Bakı ətrafında yerləşən bir çox kənd və qəsəbələrdə kanalizasiya xəttinin olmaması problemi qalmaqdadır. Əhali alternativ vasitələrdən – əsasən şambolardan istifadə edir.
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Modern.az-a bildirib ki, belə kənd və yaşayış məntəqələri Bakı ətrafında kifayət qədər çoxdur:
“O qədərdir ki, hamısının adını bir-bir çəkmək məntiqə uyğun olmaz. Belə demək olar: sovet dövründən mövcud olan qəsəbələrdə kanalizasiya xətti var, lakin müstəqillikdən sonra formalaşmış yerlərdə təchizat çox aşağı səviyyədədir”.
Ekspert qeyd edib ki, şəhər statusu alan ərazilərdə kanalizasiya sistemi olmalı idi:
“Xırdalan kimi şəhər statusu alan ərazidə kanalizasiya olmalı idi. Lakin Xırdalanın ərazisi böyüyür. Məsələ genişlənmiş ərazilərin təchizatındadır. Zabrat qəsəbəsinə baxaq. Mərkəzdə var. 2 kilometr dərinliyə gedəndə görürük ki, kanalizasiya yoxdur”.
Elnur Azadovun sözlərinə görə, 2000-ci illərdən sonra bələdiyyə xətti ilə formalaşan torpaqlarda demək olar ki, kanalizasiya xətti çəkilməyib:
“Son 25 ildə yeni salınmış qəsəbələrdə bu hal kəskindir. Yaranmış vəziyyət ekoloji baxımdan da uyğun deyil”.
Məsələ ilə bağlı saytımızın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi-nin (ADSEA) tərkibinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bildirib ki, su ehtiyatlarının səmərəli idarə olunması, əhalinin dayanıqlı içməli su təchizatı, tullantı və yağış sularının təhlükəsiz şəkildə daşınması istiqamətində genişmiqyaslı layihələrin icrası davam etdirilir.
Qurumdan qeyd olunub ki, hazırda paytaxt və ətraf ərazilərdə, eləcə də digər regionlarda içməli su təchizatı və kanalizasiya sistemlərinin qurulması və yenilənməsi üzrə nəzərdə tutulan layihələrin tikinti-quruculuq işləri plan üzrə aparılır.
Bildirilib ki, Bakı şəhəri və Abşeron rayonunda yeni kanalizasiya kollektorları və tullantı sular üçün sutəmizləyici qurğularının tikintisi layihələrinə başlanılıb.
Su və kanalizasiya təchizatı mövcud olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə şəbəkələrin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində, həmçinin sözügedən ünvanda da tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır.
Hazırda Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorlarının, Dərnəgül–Bakıxanov–Qaraçuxur–Hövsan kanalizasiya kollektoru, Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğu, Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğu, Sahil kollektoru, Böyükşor hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun və tullantı sular üçün sutəmizləyici qurğunun, eləcə də Zığ–Hövsan kanalizasiya kollektorunun qurulması istiqamətində tikinti-quruculuq işləri icra olunur.