Xarici ölkələrin müsbət təcrübəsi nəzərə alınmaqla ictimai nəqliyyatda təqaüdçülərə, əlilliyi olan şəxslərə, şagird və tələbələrə münasibətdə güzəştlərin tətbiq olunması təklif edilir.
Modern.az-ın xəbərinə görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”ndə əksini tapıb.
Eyni zamanda Bakı şəhərində ictimai nəqliyyatdan istifadənin stimullaşdırılması, bununla da şəhər mərkəzinə şəxsi avtomobillərin axınının minimuma endirilməsi məqsədilə müasir standartlara cavab verən avtobusların sayının artırılması (o cümlədən, say tutumu çox olan ikimərtəbəli avtobusların alınması məsələsinə baxılması), intensivlik nəzərə alınaraq intervalların minimuma endirilməsi (bəzən bu müddət 10-20 dəqiqədən artıq olur), sürücülərin peşəkarlıq səviyyəsinə və etik davranış qaydalarına riayət etmələrinə nəzarətin gücləndirilməsi, hava şəraitinə uyğun olaraq avtobuslarda havalandırmanın mütləq qaydada təmin edilməsi (avtobuslarda nəfəslik və pəncərələrin açılmaması, eyni zamanda havalandırma sisteminin qoşulmaması sərnişinlərin sıx olduğu vaxtlarda, hətta havaların soyuq keçməsinə baxmayaraq "havasızlıqla bağlı haqlı narazılığa səbəb olur), habelə avtobuslara minib-enmə qaydalarının sıxlıq vaxtı avtobusların və sərnişinlərin kifayət qədər gecikməsinə səbəb olduğunu nəzərə alaraq həmin qaydaların təkmilləşdirilməsi istənilir.