Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısı bir müddət öncə artırılıb. Belə ki, siyahıya daha 3 plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssis əlavə olunaraq, onların sayı 45-ə çatdırılıb.
Kosmetologiya və plastik cərrahiyyə sahəsində müəyyən lisenziya ilə çalışan mütəxəssislərin siyahısı açıqlansa da, qanunsuz fəaliyyət göstərən xidmətlər və şəxslərlə bağlı narahatlıqlar qalır. Xüsusilə sosial şəbəkələr üzərindən reklam edərək xidmət təklif edən, lakin rəsmi icazəsi olmayan kosmetoloqların sayının çoxluğu həm vətəndaşların sağlamlığı, eləcə də tibbi xidmətlərin keyfiyyəti baxımından cəmiyyətdə ciddi fəsadlara səbəb ola bilir.
Modern.az müəssisələrdəki yoxlamalar və lisenziyadan kənar fəaliyyətə dair məlumat əldə etmək üçün Səhiyyə Nazirliyi yanında Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanlayıb.
Qurumdan sorğumuza verilən cavabda bildirilir ki, Analitik Ekspertiza Mərkəzi 2025-ci il ərzində və 21 yanvar 2026-cı il tarixinədək vətəndaş şikayətləri, eləcə də mediada yayılan məlumatlar əsasında plastik, estetik və rekonstruktiv cərrahiyyə əməliyyatları üzrə plandankənar yoxlamalar həyata keçirib. Məlumata görə, bu müddətdə 26 özəl tibb müəssisəsində yoxlama aparılıb, nəticədə 12 hüquqi şəxs və 23 fiziki şəxs barəsində inzibati protokollar tərtib edilib.
“Tərtib olunan protokollardan 12-si İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi üzrə (sertifikasiyadan keçmədən özəl tibbi praktika ilə məşğul olma), 2-si 215.4 və 215.1-ci maddələr üzrə (sertifikasiyadan keçmədən özəl tibbi praktika ilə məşğul olma və lisenziyadan kənar fəaliyyət), 17-si 215.1-ci maddə üzrə (lisenziyadan kənar fəaliyyət), 2-si 602.4-cü maddə üzrə (müəssisə rəhbərinin yoxlamaya şərait yaratmaması səbəbindən plandankənar yoxlamanın keçirilməsinin mümkün olmaması) və 2-si 210.1-ci maddə üzrə (lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma) tərtib olunaraq aidiyyəti üzrə icraata göndərilib”.
Bununla yanaşı, daxil olan şikayətlər əsasında kosmetoloji xidmətlərlə bağlı da plandankənar yoxlamalar aparılıb.
“Ümumilikdə 12 gözəllik salonu və ya tibb müəssisəsində yoxlama keçirilib, nəticədə 10 hüquqi şəxs, həmçinin 55 kosmetoloq və ya kosmetoloji fəaliyyətlə məşğul olan şəxs barəsində inzibati protokollar tərtib edilib. Bu protokollardan 34-ü İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi, 20-si 215.1-ci maddəsi, 8-i 215.4-cü maddəsi, 1-i 215.1 və 215.4-cü maddələri, 2-si isə 602.4-cü maddəsi üzrə tərtib edilərək növbəti icraata göndərilib”, - rəsmi qurumun məlumatında qeyd olunub.
Məsələ ilə bağlı saytımıza açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla qeyd olunan fəaliyyət növlərindəki lisenziya sistemi ilə bağlı narahatlığını bildirib.
“Əvvəla qeyd etmək lazımdır ki, bizdə hələ də heç kim lisenziya sistemi ilə fəaliyyət göstərmir və bu, təəssüf doğuran bir haldır. Əsas problem də məhz ondadır ki, lisenziyalaşdırma mexanizmi qurulmayıb. Halbuki istər estetik cərrahlar, istər kosmetoloqlar, istərsə də digər tibb sahəsi mütəxəssisləri fəaliyyətlərini məhz lisenziya əsasında həyata keçirməlidirlər. Müvafiq sənədlər təqdim olunaraq onlara müəyyən müddət - məsələn, 3, 5 və ya 7 il üçün lisenziya verilməli, bu müddət başa çatdıqdan sonra isə fəaliyyətləri yenidən qiymətləndirilərək lisenziya uzadılmalıdır”.

Tibb elmləri doktoru nəzərə çatdırıb ki, lisenziyanın uzadılması prosesi zamanı mütəxəssisin peşə fəaliyyəti, konfranslarda iştirakı, ixtisasartırma kursları, topladığı kredit balları və digər peşəkar göstəriciləri nəzərə alınır:
“Bu sistem akkreditasiya və kredit bal mexanizmi ilə işləyir və dünyada geniş tətbiq olunur. Təəssüf ki, Azərbaycanda belə bir sistem mövcud deyil və faktiki olaraq fəaliyyət göstərən nə kosmetoloqların, nə də digər tibb mütəxəssislərinin fərdi lisenziyası tətbiq olunmur.
Hazırda bizdə yalnız sertifikasiya imtahanı mövcuddur ki, bu da dünyada praktik olaraq tətbiq olunmayan bir yanaşmadır. Şəxs hər 5 ildən bir imtahan verir və bununla proses bitmiş hesab olunur. Halbuki həmin müddətdə o mütəxəssis praktik fəaliyyət göstərməsə belə, yalnız imtahan nəticəsi ilə sertifikatını uzada bilir. Bu isə məntiqi və peşəkar baxımdan düzgün mexanizm deyil”.
A.Qeybulla onu da əlavə edib ki, lisenziya sistemi tələb edir ki, həkim lisenziya müddəti ərzində daim peşəkar inkişafda olsun, təcrübə mübadiləsi aparsın, konfranslarda iştirak etsin, kredit balları toplasın və fəaliyyəti nəzarətdə saxlanılsın:
“Bütün bu meyarlar qiymətləndirildikdən sonra lisenziya yenilənir. Belə bir sistem qurulduğu halda saxta yollarla və ya formal sənədlərlə lisenziya almaq mümkün olmaz, çünki prosesə cavabdeh olan qurumlar və nəzarət mexanizmləri mövcud olmuş olur.
Hazırkı vəziyyətdə isə bəzən yalnız diplom əsasında, real peşəkar fəaliyyət və davamlı inkişaf olmadan bu sahə ilə məşğul olan şəxslərə rast gəlinir ki, bu da ciddi problemlər yaradır”, - deyə o qeyd edib.
Məlumat üçün bildirək ki, Səhiyyə Nazirliyi yanında Analitik Ekspertiza Mərkəzi tərəfindən vətəndaşların həyat və sağlamlığına real təhlükə yarada biləcək hallarla bağlı daxil olan rəsmi müraciətlər əsasında araşdırmalar aparılır və zərurət yarandıqda qanunvericiliyə uyğun olaraq plandankənar yoxlamalar həyata keçirilir. Yoxlamalar nəticəsində aşkar edilən qanun pozuntuları ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokollar tərtib olunur və növbəti icraat üçün Səhiyyə Nazirliyinə göndərilir.