Xüsusilə tur-operator və turagent münasibətləri qanunvericilikdə nəzərdə tutulsa da, bu münasibətlərin icrasına real nəzarət mexanizmi ilə tənzimlənməsi vacibdir. Tur-operatorun müştəriyə birbaşa satış etməməsi təmin olunmalı və eyni zamanda tur zamanı baş verə biləcək hər hansı hadisə ilə bağlı məsuliyyətin tur-operatorun üzərində olması daha aydın şəkildə təsbit edilməlidir. Bununla yanaşı, turagentlərin tur-operator fəaliyyəti ilə məşğul olmaması, onların tur-operator tərəfindən hazırlanmış turizm məhsullarının satışını həyata keçirməsi məqsədəuyğundur.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən ictimai dinləməsində deputat Göydəniz Qəhrəmanlı bildirib.
O qeyd edib ki, bu yanaşma turizm sektorunda sağlam rəqabətin qorunmasına və məsuliyyət bölgüsünə xidmət edəcəkdir.
"Bələdçilərlə bağlı məsələyə də toxunmaq istərdim. Belə ki, sertifikasiyanın könüllü deyil, məcburi qaydada həyata keçirilməsi, bələdçi fəaliyyətinin yalnız Azərbaycan Respublikasının vətəndaşlarına verilməsi məqsədəuyğun hesab olunur. Bu, həm milli maraqların qorunmasına, həm də turistlərə təqdim olunan məlumatların keyfiyyətinə və etibarlılığına xidmət edər. Eyni zamanda, ekskursiya fəaliyyəti ilə məşğul olan subyektlər üçün vahid ekskursiya mətninə və standartlara riayət olunması vacibdir.
Turizm sahəsində baş verən xoşagəlməz və sui-istifadə hallarının qarşısının alınması məqsədilə turizm şirkətlərinin dövlət reyestrində qeydiyyatının könüllü deyil, məcburi olması zəruridir. Turizm haqqında Qanunda nəzərdə tutulan reyestr turizm bazarında istehlakçı hüquqlarının qorunmasını daha da gücləndirəcəkdir.
Turist daşıyan nəqliyyat vasitələri üçün xüsusi dayanacaq yerlərinin yaradılması şəhər infrastrukturunun səmərəli təşkili, yol hərəkətinin təhlükəsizliyi və turistlərin rahatlığı baxımından mühüm əhəmiyyət kəsb edir", - o bildirib.