Gürcüstanda İranın maliyyələşdirdiyi Əl-Mustafa Beynəlxalq Universitetinin yerli filialının fəaliyyəti ilə bağlı səslənən iddialar, o cümlədən terrorizm ittihamları üzrə araşdırma başlanılıb.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.
"Son günlərdə müxtəlif şəxslər Gürcüstanda digər ölkələr tərəfindən personalın işə götürülməsi ilə bağlı bir sıra iddialar, o cümlədən terrorizm ittihamları və ya işarələri ilə bağlı açıq şəkildə səsləndiriblər. Biz bu bəyanatların məzmununu, eləcə də Gürcüstanı bu cür məsələlərdə ittiham edənlərin motivlərini, xüsusən də regionda davam edən hərbi əməliyyatlar fonunda diqqətlə izləyir və öyrənirik", - deyə DTX-nin bəyanatında bildirilir.
Əl-Mustafa Beynəlxalq Universiteti İranın Qum şəhərində yerləşən dini və təhsil mərkəzidir. Universitet ilahiyyat, hüquq və fəlsəfə daxil olmaqla İslamşünaslıq üzrə ixtisaslaşıb və Gürcüstan da daxil olmaqla 50-dən çox ölkədə filial və tərəfdaş qurumlar şəbəkəsinə malikdir.
2020-ci ildə ABŞ universitetə sanksiyalar tətbiq edərək, İranın ondan öz ideologiyasını təbliğ etmək və İranpərəst silahlı qruplar üçün əcnəbiləri cəlb etmək məqsədilə istifadə etdiyini iddia edib. İran isə bu ittihamları rədd edir.
Məlumata görə, universitetin bir filialı on ildən çoxdur ki, Gürcüstanda fəaliyyət göstərir. O, şiə ilahiyyatı, fars dili və İslamşünaslıq üzrə pulsuz kurslar təklif edir, o cümlədən Qardabani və Marneuli kimi azərbaycanlıların çox olduğu bölgələrdə aktiv olub.
Bu təhsil müəssisəsi Gürcüstan təhsil orqanları tərəfindən akkreditə olunmayıb, lakin tələbələrin yerli proqramları bitirdikdən sonra təhsillərini İranda davam etdirə biləcəkləri bildirilir. Jurnalistlərin müsahibə verdiyi məzunlar universitetin təqaüd, mənzil yardımı və İrandan təmin edilən tədris materialları ilə təmin etdiyini bildiriblər.
Universitet, keçmiş rektoru, dini və siyasi xadim Əlirza Arafinin yeni ali liderin seçilməsinə qədər fəaliyyət göstərmək üçün yaradılan İranın müvəqqəti rəhbərlik şurasına qoşulması barədə xəbərlərdən sonra yenidən medianın diqqət mərkəzinə düşüb.
Bu fonda Gürcüstanın keçmiş müdafiə naziri Tina Xidaşeli “Pirveli TV”də ölkədə "qanunsuz fəaliyyət göstərən bir universitetin" olduğunu və bunu "terrorçular üçün məktəb" adlandırdığını bildirib.
Kərim RUTULLU