Modern.az

Bakıda kirayə haqları 30 faiz bahalaşıb

Bakıda kirayə haqları 30 faiz bahalaşıb

Ölkə

Bu gün, 14:54

Azərbaycanda kirayə mənzillərin qiyməti coğrafi mövqeyə görə dəyişir.

Bu barədə Modern.az-a açıqlamasında əmlak eksperti Elnur Azadov bildirib.

Ekspertin sözlərinə görə, Bakının mərkəzinə doğru kirayə qiymətlərində artım müşahidə olunur. O qeyd edib ki, hazırda kirayə mənzillər üzrə təklifin daha çox olduğu ərazilər Xırdalan və Masazır qəsəbələridir. Bu iki ərazidə kirayə qiymətləri demək olar ki, eyni səviyyədə formalaşıb və orta bazar qiymətlərinə uyğun hesab olunur.

"Xırdalan və Masazırda fərdi yaşayış evlərində kirayə qiymətləri təxminən 250 manatdan başlanır. Bina tipli mənzillərdə isə kirayə qiyməti 300 manat və daha yüksək olur".

Ekspert əlavə edib ki, kirayə qiymətlərinə bir sıra amillər təsir göstərir. Bunlara mənzilin təmirli olub-olmaması, ictimai nəqliyyat dayanacaqlarına qədər olan məsafə, eləcə də evin əşyalı və ya əşyasız kirayə verilməsi daxildir.

Onun sözlərinə görə, ən ucuz kirayə mənzillər, adətən, şəhər mərkəzindən uzaq ərazilərdə yerləşir:

"Hazırda Güzdək, Puta, həmçinin Türkan və Zirə qəsəbələrində kirayə mənzillərin qiymətləri nisbətən aşağıdır".

Ekspert qeyd edib ki, Baku şəhərində metrostansiyalara yaxın ərazilərdə yerləşən mənzillərin kirayə qiymətləri daha yüksək olur:

"Xüsusilə, yaxınlığında universitetlərin yerləşdiyi metrostansiyaların ətrafında bu tendensiya daha çox müşahidə edilir. Belə ərazilərdə kirayə mənzillərin ən aşağı qiyməti, təxminən, 400 manat təşkil edir.

Belə ərazilərdə iyun–avqust aylarında müəyyən ucuzlaşma müşahidə olunsa da, ilin digər dövrlərində tədris ili ilə əlaqədar olaraq kirayə qiymətlərində süni artım yaranır".

Ekspert vurğulayıb ki, son beş ildə Bakıda kirayə mənzillərinin qiyməti təxminən 30 faiz artıb.

O, həmçinin qeyd edib ki, kirayə mənzil müqavilələrində tətbiq edilən verginin 14 faizdən 10 faizə endirilməsi kirayə bazarında ciddi dəyişiklik yaratmayıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada